Məhkəmə qərarları › İş №2(001)-5194/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5194/2020

14.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5194/2020 14.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, ev 54, mənzil 8 ünvanına Cavabdeh istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, ev 54, mənzil 8 ünvanında 43.21 kvadrat metr ümumi sahədən ibarət mənzili xx xxxxxx 2017-ci il tarixində X1 alqı satqı müqaviləsi bağlayaraq almışdır. Hazırda mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh qeydiyyatdan çıxmasını öhdəsinə götürsə də, bugünkü günə qədər çıxmayıb. Cavabdeh ona məxsus olan evdə qeydiyyatda olsa da, həmin evdə yaşamır, Cavabdehin onun evində qeydiyyatda qalması formal xarakter daşımaqla bərabər onun mülkiyyətçi kimi hüquqlarımı da pozur. Əvvəla, o, cavbdehin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi də cavabdehin onun mənzilində qeydiyyatda qalması onun həmin evlə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Həmçinin, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İ seriyalı, № 453844 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2010-cu il tarixdə ölmüşdür və bu barədə Xaçmaz rayon Qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydləri kitabında 2010-cu ilin 13 dekabr günündə, 287 nömrə ilə qeyd edilmişdir. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən cavabdeh kimi qeyd edilmiş Cavabdeh iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsindən əvvəl, yəni xx xxxxxx 2010-cu ildə öldüyündən o, iş üzrə cavabdeh ola bilməz və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh öldüyü halda iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının hüquqlarının pozuntusunu yaradan hal kimi qiymətləndirilə bilər. İş materiallarına əlavə edilmiş AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, X2 mülkiyyətində olan ünvan 1 ünvanını İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əlmakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, ünvan 1 ünvanını İddiaçı adına xx.xx.2017-ci il tarixində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, ünvan 1 ünvanında Cavabdeh qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:...4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında. Məhkəmənin qənaətinə görə, iddiaçı Cavabdeh öldüyü əsası ilə sözügedən mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, daha sonra ehtiyac yaranarsa həmin orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı məsələləri mübahisələndirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 122, 261- 264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilsin. Qərardad Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, ev 54, 8 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar