Məhkəmə qərarları › İş №2(001)-5201/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5201/2025

17.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5201/2025 17.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) X9 Məhyəddin qızının sədrliyi, Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və X6 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ona məxsus Binəqədi rayonu, M.K.Atatürk prospekti, 60 saylı evin 9 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması, Cavabdeh2 və X1 mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 keçmiş həyat yoldaşının qardaşı, Cavabdeh2 Mehdinin həyat yoldaşı, Seyidov Nihad isə Mehdinin oğludur. Keçmiş həyat yoldaşının xahişi ilə Cavabdeh1 mülkiyyətində olan Binəqədi rayonu, M.K.Atatürk prospekti, 60 saylı evin 9 saylı mənzilin pasport qeydiyyatına alınmasına icazə vermiş və ailəsi ilə birlikdə bir müddət mənzildə yaşamaqlarına razılığı olmuşdur. Hazırda övladları böyümüş, əlavə yaşayış yerinə ehtiyac olduğundan cavabdehlərdən mənzildən çıxmağı, həmçinin Seyidov X2 olaraq pasport qeydiyyatından çıxmaqla istifadə hüququnun itirilməsini xahiş etsə də cavabdeh xahişinə əməl etməmişdir. Cavabdehlərin pasport qeydiyyatına alınmasına razılığı Bakı şəhərində işlə təmin edilməsi və sair məişət nizamlayan suallarda köməklik olmuşdur. Mülkiyyətində olan mənzil keçmiş yoldaşı ilə nikahları pozulandan sonra tərəfindən alınmışdır.

Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçıya məxsus mənzildə iddiaçının qaynı və ailəsi yaşayır. Mənzil 2001-ci ildə alınıb. İddiaçının yoldaşı ilə nikahı 1996-cı ildə pozulub. Həmin vaxt münasibətləri yaxşı olduğundan və qaynının evə ehtiyacı olduğundan müvəqqəti olaraq mənzildə yaşamalarına icazə verilib. 2001-ci ildən cavabdehlər həmin mənzilə qeydiyyata düşmüşlər, hazırki vaxta kimi orada yaşayırlar.

4. Cavabdeh iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçı qardaşının keçmiş arvadıdır və onlar 1989-cu ildə ailə qurublar. Həmin vaxt o və qardaşı Rusiya Federasiyasının İvanova şəhərində institutda təhsil alırdılar. 1994-cü ildə qardaşı ailəsi ilə birlikdə Rusiya Federasiyasının Sankt Peterburq şəhərinə köçmüşlər. O isə Azərbaycana qayıdaraq, 1994-cü ildə ailə qurmuşdur. Qardaşı həmin vaxt “Soyuq Kontrakt” şirkətində çalışırdı. Qazancı yüksək olduğundan 1997-ci ildə sözügedən mənzili onun üçün almışdır. Lakin müqavilə formal olaraq, iddiaçının adına rəsmiləşdirilmişdir. Həmin gündən etibarən mənzildə özü və ailəsi yaşayır. Qardaşı və iddiaçı formal olaraq 1992-ci ildə boşanmışlar. Buna baxmayaraq 2004-cü ilə kimi birlikdə yaşamışlar. 1990-cı ildə birgə nikah dövründə onların oğlu Orxan, 1993 və 2003-cü illərdə isə faktiki nikah dövründə müvafiq olaraq, qızı Mətanət, və oğlu Hadı doğulmuşdur. 1999-cu ildə qardaşı “Soyuq Kontrakt” şirkətinin Azərbaycan Filialını təsis edərək ailəsi ilə birlikdə Bakıya köçmüşdür. Həmin vaxt qardaşı iddiaçının adına Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində 4 otaqlı ev almışdır. Həmin vaxtdan etibarən atası və anası onlarla yaşamışlar. 2000-ci ildə qardaşı yenidən iddiaçının adına Binəqədi rayonu “Vorovski” qəsəbəsində ümumi sahəsi 606 kv.m olan 2 mərtəbəli villa almışdır. Hər üç mənzil alınarkən onların rəsmi nikahı olmayıb. 2004-cü ildə qardaşı ikinci dəfə ailə qurmuşdur, hal-hazırda ailəsi ilə birlikdə Moskva şəhərində yaşayır. İddiaçı 2023-cü ildə anasının vəfatından sonra qardaşının razılığı və xəbəri olmadan “Vorovski” qəsəbəsində olan mənzili satmışdır. İddaçı villanı 750000 manata satmışdır. Halbuki, evin dəyərinin ******* manatdan çox olduğu ehtimal edilir. Bu vəsaitdən qardaşına hər hansı ödəniş etməyib. Bu səbəbdən münasibətləri korlanıb. Hazırki mübahisəli mənzili qardaşı ilə birgə fəaliyyət və vəsait əsasında alıblar. Keçən 28 il ərzində mənzili əsaslı olaraq təmir etmişdir. Ümumilikdə təmirə 50000-60000 manat vəsait xərclənmişdir. İddiaçı iddiasından imtina etməyəcəyi təqdirdə qardaşı faktiki nikah dövründə əldə edilmiş mənzillərlə bağlı iddia qaldıracaq.

Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilən MH seriyalı, 101568 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə xx.xx.1997-ci ildə İddiaçı adına qeydiyyatdan keçmişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyatı haqqında ******* saylı arayışından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır.

8. Boşanma haqqında İİ-ЖГ seriyalı 297222 saylı şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı arasında olan nikaha xx.xx.1996-cı il tarixdə xitam verilmişdir.

Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

9. Müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçının keçmiş ərinin qardaşıdır. İddiaçı ilə əri arasında olan nikah 1996-cı ildə pozulmuş, mübahisəli mənzil 1997-ci ildə xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına rəsmiləşdirilmişdir. Hazırda iddiaçı mənzilində qeydiyyatda olan qaynının istifadə hüququna xitam verilməklə, çıxarılmasını xahiş edir.

10. Cavabdeh1 iddiaya etirazında bildirir ki, 1997-ci ildən sözügedən mənzildə qeydiyyatda olmaqla, ailəsi ilə birlikdə yaşayır. Həmin mənzil qardaşının və özünün birgə vəsaiti hesabına alınıb. Həmçinin tərəflər arasında nikah pozulsa da` faktiki nikah münasibətləri davam etmiş, həmin ev qardaşı tərəfindən alınmışdır.

Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının:

11. 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;

12. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur;

13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur;

15. 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır;

16. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarından görünür ki, 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

18. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da, saxlanılır.

19. Müəyyən edilmişdir ki, mübahisəli mənzil 1997-ci ildən iddiaçının mülkiyyətindədir. İddiaçının cavabdehin qardaşı ilə olan nikahı isə 1996-cı ildən pozulub. Cavabdeh1 (iddiaçının keçmirş ərinin qardaşıdır) isə öz iddiaya etirazında göstərir ki, 1997-ci ildən həmin ünvanda yaşayır və pasport qeydiyyatına alınmışdır. Göründüyü kimi cavabdeh mübahisəli mənzildə yaşamağa başladığı tarixdən əslində iddiaçı ilə qardaşı arasında olan nikah münasibətləri pozulmuşdur. İddiaçı ilə cavabdeh arasında hər hansı qohumluq əlaqələri qalmamışdır. Hazırda cavabdeh sözügedən ünvanda yaşamaqla, iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur.

20. Odur ki, cavabdehin mənzildə olan istifadə hüququna xitam verilməli və mənzildən çıxarılmalıdır. Digər cavabdehlər isə cavabdehin ailə üzləri olduğundan və sözügedən mənzildən istifadə hüququna malik olmadıqlarından, mənzildən çıxarılmalıdırlar.

21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüququnun və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

23. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür.

Tətbiq edilən prosessual normalar:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

26. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

27. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

28. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

29. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, ev 60 ünvanındakı, 9 saylı mənzilə istifadə hüququna xitam verilməli, cavabdehlər Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, ev 60 ünvanındakı, 9 saylı mənzildən çıxarılmalıdırlar.

30. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir.

31. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilsin Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, ev 60 ünvanındakı, 9 saylı mənzilə istifadə hüququna xitam verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 mülkiyyət hüququ əsasında İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, ev 60 ünvanındakı, 9 saylı mənzildən çıxarılsınlar. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar