Məhkəmə qərarları › İş №2(001)-5228/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5228/2020

12.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5228/2020 12.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və himayələrində olan xx.xx.2013-cü il təvəllüdlü X2 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən 41 saylı mənzilə olan yaşayış hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia ərizəsi onunla əsaslandırmışdır ki, yuxarıda qeyd olunan mənzilı Cavabdeh1 alqı-satqı müqaviləsinə əsasən almışdır. Cavabdehlər pasport qeydiyyatından çıxmağı öz öhdələrinə götürsələrdə qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin formal olaraq pasport qeydiyyatında qalması onun mülkiyyətində olan mənzilinə hüququnun həyata keçirilməsinə maneə törədir, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də qanunvericiliyin tələblərini nəzərə alaraq cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə zərurət vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, ünvan 1, mənzil 41 İddiaçı xüsusi mülkiyyətindədir və bu hüquq ona xx.xx.2018-ci il tarixdə verilərək, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, cavabdehlər ünvan 1, mənzil 41 ünvanında qeydiyyatdadırlar. -Alqı-satqı müqaviləsindən görünür ki, AN-İ ******* nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ilə İddiaçı arasında ünvan 1, mənzil 41 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. -Qonşular tərəfindən imzalanmış aktdan və 107 saylı Mənzil-Kommunal İstismar sahəsinin 27 nömrəli arayışından görünür ki, X3, X4 və X6 imzaları ilə aktı təsdiqləyərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1, mənzil 41-də qeydiyyatda olsalar da, həmin mənzili sataraq getmişlər və uzun müddətdir ki, göstərilən mənzildə yaşamırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. -203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüququnun və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Beləliklə, müəyyən edildi ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən, ünvan 1, mənzil 41 İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıdığından, həmin mənzildə formal olaraq qeydiyyatdadırlar. Müəyyən edildi ki, onlar həmin ünvanda yaşamırlar. Cavabdehlərin həmin mənzildə qeydiyyatda qalmaları iddiaçının həmin mənzil üzərindəki sərəncam hüququnun həyata keçirməsinə mane olur. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin 8-ci bəndinə əsasən Satıcı Alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və himayələrində olan xx.xx.2013-cü il təvəllüdlü X1 ünvan 1, mənzil 41 ünvanından istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh3, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh4 və himayələrində olan xx.xx.2013-cü il təvəllüdlü X1 ünvan 1, mənzil 41 ünvanından istifadə hüquqları itirilmiş hesab edilsin. Hazırkı məhkəmə qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və himayələrində olan xx.xx.2013-cü il təvəllüdlü X1 ünvan 1, mənzil 41 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, A.Kunanbayev küçəsi 4E. AZ 1116 №2(001)-5228/2020 20 noyabr 2020-ci il İddiaçı: İddiaçı Ünvan: ünvan 1, mənzil 41 Cavabdehlər: Cavabdeh1 Cavabdeh2 Cavabdeh3 Cavabdeh4 Ünvan: ünvan 1, mənzil 41 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 5228/2020 nömrəli qətnamənin surəti Azərbaycan Respublikası MPM-nin 227.3-cü maddəsinə əsasən məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti – “03” vərəqədə (hər bir ünvana). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar