Məhkəmə qərarları › İş №2(001)-5241/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5241/2020

29.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5241/2020 29.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində olan xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Rəşid Behbudov küçəsi, 18 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, R.Behbudov küçəsi, 18 saylı ev xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin ev üzərində mülkiyyət hüququ 2002-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. Cavabdeh keçmiş gəlinidir. Belə ki, cavabdeh 2012-ci il aprel ayında oğlu X10 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və sözügedən evə gəlin köçərək yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Onların birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü Omar və xx.xx.2015-ci il təvəllüdlü Xalid adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri alınmadığından nikahlarına 2018-ci ildə xitam verilmişdir. Həmin vaxtdan cavabdeh sözügedən evdən köçüb getmişdir. O dövrdən cavabdehin yaşayış yeri başqa ünvan olsa da, formal olaraq onun evində qeydiyyatda qalmışdır. Cavabdehin onunxüsusi mülkiyyətində olan evdə yaşamadığı halda qeydiyyatda qalması əlavə kommunal xərclərə səbəb olmaqla yanaşı, öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını məhdudlaşdırır. Cavabdeh dəfələrlə evdən qeydiyyatdan çıxmasına dair müraciət etsə də, nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən, Cavabdeh himayəsində olan xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Rəşid Behbudov küçəsi, 18 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, evin mülkiyyətçisi olaraq onunla cavabdeh arasında mübahisəli evdən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmamış, cavabdeh 2018-ci ilin əvvəllərindən mübahisəli evi tərk edərək yaşamaq üçün başqa yaşayış sahəsinə köçüb getdikdə özünə məxsus əşyalarını da aparmış, keçən müddət ərzində ona qarşı yaşadığı şəraitin yolverilməz olması və yaxud digər əsaslarla evə köçürülmə tələbi ilə çıxış etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş FM seriyalı № 012705 saylı Qeydiyyat Vəsiqəsinin lazımı qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsul-zadə qəsəbəsi, R.Behbudov küçəsi, 18 saylı fərdi yaşayış evi xx xxxx 2002-ci ildə Mehralıyeva Könül Bayram qızının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 09 saylı reyestr kitabının 1245-ci səhifəsində 30/245 nömrə ilə qeydiyyat aparılmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxx 2018ci il tarixli qətnaməsinin surətindən görünür ki, X2 ilə Cavabdeh arasında Binəqədi rayon qeydiyyat şöbəsində xx xxxxx 2012-ci il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 477 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında saxlanılmışlar. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X5, X4 və Cavabdeh Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, R.Behbudov küçəsi 18 saylı evdə daimi qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarına əsasən “yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir”. Bu baxımdan məhkəmə tərəflər arasında olan münasibətlərə 2009-cu il oktyabrın 1dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarının tətbiq edilməsini əsaslı sayır. Azərbaycan Respublikasının 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Eyni Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki işin müəyyən edilmiş hallarından göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Rəşid Behbudov küçəsi, 18 saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı oğlu X2 xx xxxxx 2012-ci il tarixdə Cavabdeh (cavabdeh) ilə ailə qurmuş, cavabdeh dərhal sonra mülkiyyətçinin (iddiaçı) razılığı ilə mübahisəli evə köçürülüb orada yaşamışdır. X1 Cavabdeh (cavabdeh) ilə ailə münasibətlərinə 2018-ci ildə məhkəmə qaydasında xitam verildikdən sonra Cavabdeh mübahisəli evi tərk edib başqa yaşayış sahəsinə getmiş, həmin vaxtdan başqa yaşayış sahəsində yaşayır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma olmadıqda mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmamasını təsbit edir. Odur ki, məhkəmənin qənaətinə görə tərəflər arasında göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədiyindən, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü kimi Cavabdeh yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, keçmiş ailə üzvü ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, qanunvericilik keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə onun maddi vəziyyətindən, eləcə də digər diqqətə layiq hallardan asılı etmişdir. Məhkəmə ilk növbədə keçmiş ailə üzvünün maddi vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də bu hüququn ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməli olmasını nəzərdən qaçırmamalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququ yalnız müəyyən müddətə müvəqqəti saxlanıla bildiyindən və belə imkanın verilməsi ağlabatan və ədalətli əsas olduğu halda tətbiq edilməli olduğundan, bu mülkiyyətçinin yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermə hüququnun əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bununla bağlı olaraq məhkəmə nəzərə alır ki, Cavabdeh 2018-ci ilin əvvəllərindən mübahisəli evi tərk etməklə başqa yaşayış sahəsində yaşaması və bu dövr ərzində iddiaçıya qarşı yaşadığı şəraitin yolverilməz olması və yaxud digər əsaslarla mənzilə köçürülmə tələbi ilə çıxış etməməsi bu maddənin tələbləri baxımından müvəqqəti əsaslarla mənzildə istifadə hüququnun saxlanmamasına əsas verir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin maddi vəziyyəti ilə bağlı olmayan digər diqqətəlayiq hallarla əlaqədar keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun müvəqqəti saxlanmasını təmin etmək o zaman mümkündür ki, cavabdehin başqa yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmamasını göstərən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada, məhkəmə nəzərə alır ki, Cavabdeh dəfələrlə məhkəmə iclaslarına çağırılsa da, məhkəməyə gəlməyərək həm də onunla bağlı əlverişsiz halların mövcudluğunu da sübut edən mötəbər dəlillərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə eyni zamanda nəzərə alır ki, Cavabdeh mübahisəli evə yaşayış yeri üzrə qeydiyyatı evdən istifadə hüququ əldə etməsi kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 1-ci maddəsinin birinci hissəsində yaşayış yeri üzrə qeydiyyatın konkret məqsədləri müəyyən edilmişdir: - ölkədə yaşayan şəxsləri qeydiyyata almaq, - onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi üçün zəruri şərait yaratmaq, - insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaq. Həmin qanunun 1-ci maddəsinin ikinci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikasının qanunvericiliyində isə yalnız qeydiyyat amilinin yaşayış sahəsindən istifadə hüququ yaratması müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2009-cu il tarixli qərarında şəxsin mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsinə, həmin mənzilə qeydiyyata düşməsinə əsaslanaraq mənzilə istifadə hüququ əldə etməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi qənaəti Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarına zidd hesab etmiş və bu halın mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddələrində, Mülki Məcəllənin 152.1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirmişdir. Belə olan halda aydın olur ki, iddiaçı cavabdehin aradan qalxmış, habelə müvəqqəti saxlanılmamış hüququna xitam verilməsini tələb edir. Halbuki, mövcud olmayan hüququn müdafiəsi və realizəsi mümkün olmadığı kimi, aradan qalxmış həmin hüquqa xitam verilməsi də mümkünsüzdür. Göstərilənlərə əsaslanmaqla məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətçi kimi cavabdehin mövcud olmayan (aradan qalxmış) istifadə hüququna xitam verilməsinə dair tələbi təmin olunmamalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh istifadə hüququnu itirdiyi halda iddiaçıya məxsus evdə azyaşlı uşaqları ilə birlikdə qeydiyyatda qalmaqda davam etmələri iddiaçının hüquqlarının pozuntusunu yaradan hal kimi qiymətləndirilə bilər. Məhkəmənin qənaətinə görə, iddiaçı Cavabdeh himayəsində olan xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 ilə birlikdə mübahisəli evdən qeydiyyatdan çıxarılmaları ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, daha sonra ehtiyac yaranarsa həmin orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı məsələləri mübahisələndirə bilər. İş materiallarından həmçinin görünür ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət edən zaman 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” qanunun 8.4.11-ci maddəsində qiymət qoyulmayan iddia ərizələri ilə bağlı 10 (on) manat məbləğində dövlət rüsumunun alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan ödənilmiş 20 manat dövlət rüsumunun 10 (on) manatı iddiaçının özünə aid edilməli, iddiaçıya artıq ödənilmiş 10 (on) manat dövlət rüsumunun geri qaytarılması ilə bağlı müraciət etmək hüququ izah edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 20 manat dövlət rüsumunun 10 (on) manatı iddiaçının özünə aid edilsin. İddiaçıya artıq ödənilmiş 10 (on) manat dövlət rüsumunun geri qaytarılması ilə bağlı müraciət etmək hüququ izah edilsin. Qətnamə Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, R.Behbudov keçəsi, 18 saylı evdən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar