Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5252/2023 26.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X6 katibliyi, Ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi miras əmlakın qəbul edilməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə 26 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaytasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 59,38 kv.metr olan ümumi paylı mülkiyyətdəki əmlakın mərhum anası X4 miras qalmış 1/4 hissəsinin və mərhum atası X2 miras qalmış 1/2 hissəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 5 otaqlı mənzil 1/2 hissədə ərizəçinin mərhum atası Xudaverdi Hüseynovun, 1/4 hissədə mərhum anası Kimya Hüseynovanın, 1/4 hissədə isə ərizəçinin adına mülkiyyət hüququ üzrə 22 dekabr 2001-ci il tarixdə reyestrdə qeydə alınmışdır. Kimya Hüseynova 06 yanvar 2004-cü il tarixdə vəfat etmişdir. Paylı mülkiyyətdə olan əmlakdan ərizəçinin mərhum anasından qalan 1/4 hissə mərhum atası və onun tərəfindən faktiki olaraq qəbul edilsə də, ərazi üzrə notariat orqanına ərizəçi tərəfindən müraciət edilməmişdir.08 avqust 2012-ci il tarixdə mərhum atasının ərizəsi əsasında vərəsəlik işi açılsa da, digər vərəsələr arasında anlaşmazlıqlar olduğundan notariat hərəkətlərinin aparılmasından imtina edilmiş və heç bir vərəsəyə vərəsəlik hüququna dair şəhadətnamə verilməmişdir. Xudaverdi Hüseynov 22 oktyabr 2013-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra miras əmlak tam olaraq ərizəçi tərəfindən qəbul edilmiş və hazırda da onun tərəfindən idarə olunur. Əmlak ərizəçinin valideynlərinin sağlığında və vəfatlarından sonra da ərizəçi tərəfindən idarə edilmişdir. Yəni, ərizəçi miras əmlakı tam olaraq faktiki qəbul etsə də, notariat orqanına gec müraciət etmişdir. Notarius tərəfindən vərəsəlik işi açılsa da, müddətin ötürülməsi səbəbi ilə şəhadətnamə verilməsindən 03 iyun 2023-cü il tarixli rəsmi məktubla imtina edilmişdir. Ərizəçi ilə miras şəriki olan bacıları və qardaşı miras əmlakdan ərizəçinin xeyrinə imtina etmələri barədə notariat orqanına bildirmişlər. Yəni, vərəsələr arasında mübahisə yoxdur. Mənzildə vərəsələrdən yalnız Maraqlı şəxs2 iki azyaşlı uşağı ilə birlikdə qeydiyyatdadırlar. X1 10 may 2016-cı il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili ərizədə göstərilənləri təsdiq etdiyini bildirib, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs ünvan 2 ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər maraqlı şəxslər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışlar. Mülki iş materiallarında olan: - Nikah haqqında şəhadətnadən görünür ki, X7 ilə X9 29 aprel 1958-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - Doğum haqqında şəhadətnamələrdən görünür ki, X7 ilə X5 nikahından 22 noyabr 1959-cu il tarixdə Maraqlı şəxs7, 22 avqust 1964-cü il tarixdə Maraqlı şəxs6, 04 fevral 1971-ci il tarixdə X8, xx xxxx 1972-ci il tarixdə Ərizəçi doğulmuşdur. - ÖM seriyalı, 096208 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci Y.Hüseynov döngə, 4 saylı evin 59,38 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 19 saylı mənzili 1/2 hissədə X3, 1/4 hissədə X5, 1/4 hissədə Ərizəçi paylı mülkiyyəti kimi 22 fevral 2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - Ölüm haqqında şəhadətnamələrdən görünür ki, X9 06 yanvar 2004-cü il tarixdə, X7 15 oktyabr 2013-cü il tarixdə vəfat etmişlər. - Ölüm haqqında şəhadətnamədən görünür ki, ərizəçinin baxışı X10 05 may 2016-cı il tarixdə vəfat etmişdir. - Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən Ərizəçi ünvanlandırılmış 03 iyun 2023-cü il tarixli, 144 nömrəli məktubda göstərilmişdir ki, “Sizin xx.xx.2004-cü ildə vəfat etmiş ananız – X5 vəfaı ilə əlaqədar mirasın qəbulu ərizənizə baxılmışdır. Bildiririk ki, xx.xx.2012-ci il tarixdə X3 ərizəsi əsasında vərəsəlik işi açılmışdır, lakin, miras payın bölüşdürülməsi ilə əlaqədar vərəsələr arasında mübahisə olduğu üçün notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Mülki Məcəllənin 1246-1248-ci maddələrinin tələblərinə əsasən bildiririk ki, vərəsələr arasında mübahisənin həll edilməsi və müddətin ötürülməsi səbəbindən və sizə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. - 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 113 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 17 iyul 2023-cü il tarixli, 28 nömrəli “məlumat”da göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 2, ev 4, mənzil 19 1/2 hissədə mərhum X3, 1/4 hissədə mərhum X5 (arvadı) və 1/4 hissədə övladı Ərizəçi mülkiyyətində olmuşdur. Valideynləri vəfat etdikdən sonra digər payçı Ərizəçi tərəfindən, qonşuların aktına əsasən göstərilən ünvandakı 19 saylı mənzil idarə olunur və evin mənzilə görə ödənişi onun tərəfindən edilir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, Ərizəçi qanun üzrə vərəsə kimi miras əmlak olan ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 59,38 kv.metr olan ümumi paylı mülkiyyətdəki əmlakı qəbul etmişdir. Hal – hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sayılırlar. - 1243.1 və 1243.2-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd olunur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə qeyd edir ki, qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyriformal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. İşin müəyyən edilən hallarına görə iddiaçı valideynlərindən miras qalmış evini faktiki qəbul edərək idarə edir. O, evin maddi-məişət, kommunal xərclərini ödəyib. Hazırda da həmin ev onun sahibliyində və istifadəsindədir. Başqa sözlə, daha öncə istinad olunan maddi hüquq normalarına əsasən o, qəbul etdiyi mübahisəli miras əmlakın açıldığı gündən mülkiyyətçisi hesab olunur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 12 aprel 2019-cu il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, “Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir”. Qüvvədə olan qanunvericiliyə əsasən miras açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığına görə işin faktiki halları ilə müəyyən olunur ki, Ərizəçi 1-ci növbəli vərəsə kimi atasının və anasının paylı mülkiyyətində olan və onlardan miras qalmış ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 59,38 kv.metr olan ümumi paylı mülkiyyətdəki əmlakı orada yaşayaraq əmlakı sahib kimi faktiki idarə etməklə qəbul etsə də, onun tərəfindən vərəsəliyin qəbul edilməsi başqa yolla mümkün olmamış və hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Miras əmlak olan ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 59,38 kv.metr olan ümumi paylı mülkiyyətdəki əmlakın mərhum anası X4 miras qalmış 1/4 hissəsinin və mərhum atası X2 miras qalmış 1/2 hissəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5252/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5252/2023
26.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver