Məhkəmə qərarları › İş №2(001)-5257/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5257/2024

06.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5257/2024 06.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Jİ CHUNFENG-nə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı cavabdeh Jİ CHUNFENG-nə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Jİ CHUNFENG ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil ediliməsi öhdəliyinin X3 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun razılığı və xəbəri olmadan təsisçi Jİ CHUNLLNG onun adından sui istifadə edib qeyri-qanuni əmək müqaviləsi bağlanmışdır. Əslində həmin müqavilədən onun xəbəri olmamış, o, həmin şəxsi tanımır və heç vaxt onun yanında işləməmişdir. O, yeni işə qəbul edilmək istəyərkən ona bildirmişlər ki, onun adına elektron sistemdə işçi kimi qeyd edilmişdir. Bu barədə X2 rəsmi olaraq müraciət etmişdir. Lakin onlar bildirmişlər ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi işəgötürən tərəfindən təmin edilməlidir. İşəgötürən şəxsi isə o, tanımır. Hazırda isə elektron sistemdə işləyən kimi getdiyinə görə heç bir yerdə işləyə bilmir. Bütün bunlar qanunla qorunan hüquqlarını pozur. Əlilik almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdikdə ona bildirmişlər ki, əmək qabiliyyətlisən və işləyirsən. Yalnız bundan sonra adına əmək müqaviləsi olmasından xəbəri olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, onun nə əmək kitabcasında, nə də əmək müqaviləsindən xəbəri olmayıb. Əlilik almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdikdə ona bildirmişlər ki, əmək qabiliyyətlisən və işləyirsən. Yalnız bundan sonra adına əmək müqaviləsi olmasından xəbəri olmuşdur. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Jİ CHUNFENG məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdeh Jİ CHUNFENG-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, Sizin adınıza aktiv əmək müqaviləsi bildirişi olması barədə Abşeron DOST Mərkəzinə ünvanladığınız müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırmaya təqdim etdiyiniz izahatınızda X5 Chunfeng tərəfindən xəbəriniz olmadan adınıza aktiv əmək müqaviləsi bildirişi olmasını qeyd etmiş, bu bildirişin qüvvədən salınmasına köməklik göstərilməsini xahiş etmisiniz. Həmçinin, həmin şəxsin ünvanı, əlaqə nömrəsi barədə məlumatınızın olmadığını bildirmisiniz. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən X4 Ji Chunfeng arasında xx.xx.2015-ci il tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu məlum olmuşdur. Nəzərinə çatdırılmışdır ki, tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən X5 Chunfengun tam ünvanını tapmaq mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X3 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron İnformasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin "h" bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya "Elektron hökumət" portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilməlidir. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır. - 1437218 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı sonuncu iş yeri 17 nömrəli məktəb olmuş və o, öz ərizəsi ilə işdən azad edilmişdir. - “Elektron məhkəmə” informasiya sistemində olan baza məlumatlarından olan çıxarışdan görünür ki, işə götürən Jİ CHUNFENG İddiaçı ilə əmək müqaviləsi bağlayaraq onu xadimə vəzifəsinə işə qəbul etmiş və ona 110 manat məbləğində aylıq əmək haqqı hesablanmışdır. - “Elektron məhkəmə” informasiya sistemində olan baza məlumatlarından olan çıxarışdan görünür ki, Jİ CHUNFENG xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmiş, hazırda aktiv vergi ödəyicisi kimi xəz məmulatının pərakəndə satışı fəaliyyəti ilə məşğuldur. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 42.

1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

3. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz.

4. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Maddə 49.

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Maddə 68.

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 69.

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Məhkəmənin mövqeyi: Məhkəmə ilk olaraq qeyd edir ki, hazırki iş üzrə İddiaçı ilə cavabdeh Jİ CHUNFENG arasında xx.xx.2015-ci il tarixində əmək müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, işəgötürən cavabdeh tərəfindən iddiaçını xadimə vəzifəsinə işə götürməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində xx.xx.2015-ci il tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu məlum olmuşdur. İddiaçı belə bir müqavilənin bağlanmaığını iddia edir. “Elektron məhkəmə” informasiya sistemində olan baza məlumatlarına əsasən cavabdeh Jİ CHUNFENG aktiv vergi ödəyicisi kimi göstərilsə də, o məhkəmə iclasında iştirak etmədiyindən, onun mövqeyini aydınlaşdırmaq mümkün olmamışdır. Bununla yanaşı tərəflər arasında xx.xx.2015-ci il tarixində bağlanmış müqavilənin mövcudluğunu işin məhkəmə araşdırılması ilə müəyyən etmək mümkün olmamışdır. Həmçinin iddiaçının təqdim etdiyi özünə məxsus əmək kitabçasının sürətindən görünür ki, onun sonuncu iş yeri 17 nömrəli məktəb olmuş və o, öz ərizəsi ilə xx.xx.2012-ci ildə işdən azad edilmişdir. Yəni həmin tarixdən sonra ona məxsus əmək müqaviləsində heç bir qeyd aparılmamışdır. İddiaçı onun cavabdehlə arasında bağlanmış əmək müqaviləsindən xəbərinin olmadığını bildirir və belə bir qeydin sistemdən silinməsində israrlıdır. Məhkəmə hesab edir ki, bu vəziyyətdə əmək müqsaviləsinin qüvvədə olması nəticə etibarı ilə iddiaçının əmək qanunvericiliyindən irəli gələn hüquqlarını pozur. Odur ki, xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin mövcudluğu sübut olunmadığından məhkəmə hesab edir ki, onun hüquqi qüvvəsidə mövcud deyil və bu səbəbdən o qüvvədən düşmüş hesab olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Jİ CHUNFENG ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsi qüvvədən düşmüş hesab edilməklə buna dair məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməlidir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi ilə bağlı mediasiya xərci üçün 50 (əlli) manat pul ödəmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyi üçün məhkəmə hesab edir ki, mediasiya xörclərinə görə ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya rüsumu cavabdeh Jİ CHUNFENG-dən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Jİ CHUNFENG ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsi qüvvədən düşmüş hesab edilsin. Əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsinə dair məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilsin. Mediasiya xörclərinə görə ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya rüsumu cavabdeh Jİ CHUNFENG-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar