Məhkəmə qərarları › İş №2(001)-5293/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5293/2020

06.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5293/2020 06.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndələri X1 X2 Üçünçü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə və üçünçü şəxs AR ƏƏSMN yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə və üçünçü şəxs AR ƏƏSMN yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli əmrinin etibarsız hesab edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi, işə buraxılmadığı dövr üçün 1479 manat əmək haqqının və işə bərpa olduğu günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Cavabdeh MMC-lə aralarında olan mübahisənin həlli üçün cavabdehin nümayəndələri tərəfindən ona 800 (səkkiz yüz) manat təklif etdiklərini bildirdi. İddiaçı bu təklifi qəbul etdiyinə görə yazılı ərizə təqdim edərək, Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiasından imtina etdiyini və iddia tələbi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndələri aralarında olan mübahisənin həlli üçün 800 (səkkiz yüz) manat təklif etdiklərini və iddiaçının bu təklifi qəbul etdiyini bildirdilər. Bu səbəbdən də iddiaçının ərizəsinin təmin olunaraq iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasında iştirak edən üçünçü şəxsin nümayəndəsi H.Bünyatov tərəflər arasında olan razılaşmaya əsasən iddiaçının iddiadan imtina etməsinə görə icraata xitam verilməsinə etiraz etmədiyini və məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin mövqeyini və iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək məhkəməyə təqdim etmişdir, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər ona müvafiq prosessual hərəkətin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilir. -262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaçının iddiadan imtina etməsinə dair ərizəsini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0, 261.0.4, 262.1, 262.4, 262.5, 263-269-cü maddələri rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə və üçünçü şəxs AR ƏƏSMN yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə iddiaçının iddia tələbindən imtinası qəbul edilsin. Mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar