Məhkəmə qərarları › İş №2(001)-5306/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5306/2021

13.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5306/2021 13.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının, Ərizəçi Ərizəçi Ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri XDS İK-nin 13.06.1990-cı il tarixli 4/143 saylı qərarına əsasən 15 sayı əlavədə 194 saylı Goradil Bağ-tikinti kooperativi (BTK) üzvlərinin siyahısında “41. X4” barədə qeydlərin “X5” kimi oxunması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş emişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri XDS İK-nin 13.06.1990-ci il tarixli 4/143 saylı qərarına əsasən 15 saylı əlavədə 194 saylı Goradil Bağ-tikinti kooperativi (BTK) üzvlərinin siyahısı təsdiq edilmişdir. Bağ-tikinti kopperativi (BTK) üzvlərinin siyahısında “41. X4. Bakı, İnqlab küç. 51, m-31” barədə qeydlər aparılmışdır. Bildirir ki, bu barədə ona, Azərbaycan Respublikasının Milli Arxiv idarəsi Dövlət Arxivinin Bakı Filialının 21.05.2021-ci il tarixli BA-02144- 2021 saylı məktubu və ona əlavə edilən Arxiv arayışı təqdim edilərkən məlum olmuşdur. Həmin BTK üzvlərinin siyahısında “41. X4” barədə qeydlərdə soyad, ad və ata adında səhvə yol verilmişdir. Əslində BTK üzvlərinin siyahısında qeydlər “41. X5” kimi aparılmalı idi. Belə ki, əvvəla hazırkı ərizəyə əlavə edilən mərhum Ziniyət Məmiyevanın şəxsiyyət vəsiqəsinin və ölüm haqqında şəhadətnaməsinin təsdiq olunmuş surətindən göründüyü kimi, həmin sənədlərdə mərhumun soyadı, adı və atasının adı məhz “X5” kimi yazılmışdır. Bundan başqa, Bakı şəhər XDS İK-nin 13.06.1990-ci il tarixli 4/143 saylı qərarına əsasən BTK üzvlərinin siyahısında 41 -ci şəxs kimi 194 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 302 “h” nömrəli bağ sahəsi 41 saylı orderə əsasən X3 ayrılmışdır. Həmin 41 saylı orderdə də mərhum Ziniyət Məmiyevanın soyadı, adı və atasının adı məhz “X5” kimi yazılmışdır. Bundan başqa, BTK üzvlərinin siyahısından göründüyü kimi, həmin siyahıda “41. X4. Bakı, İnqlab küç. 51, m-31” barədə qeydlər aparılmışdır. Həmin siyahıda “ünvan 1 ünvan isə mərhum Ziniyət Məmiyevanın həmin dövrdə, yəni 1990-cı ildə qeydiyyatda olmaqla 30 ildən artıq ailə üzvləri ilə yaşadığı mənzildir. Bir neçə il bundan əvvəl ailə ünvan 2 ünvanındakı yaşayış sahəsini satdıqdan sonra mərhum Ziniyət Məmiyeva ailə üzvləri ilə birlikdə vəfat etdiyi tarixədək həmin 302 “h” nömrəli bağ sahəsində inşa etdikləri fərdi evində yaşamışdır və bu gün də mərhumun ailəsi orada yaşayır. Bu barədə Binəqədi Bələdiyyəsinin 08.06.2021 -ci il tarixli 445 saylı arayışı əlavə olunur. Hazırkı ərizəyə əlavə edilən mərhum Ziniyət Məmiyevanın ölüm haqqında şəhadətnaməsinin təsdiq olunmuş surətindən göründüyü kimi, Ziniyət Məmiyeva 08.04.2021-ci il tarixdə vəfat etmişdir. Ziniyət Məmiyeva vəfat etdikdən sonra Bakı şəhəri 3 saylı Notariat Ofisi tərəfindən mərhumun vərəsəsi kimi onun əri Ərizəçi tanınmışdır. Bundan sonra, Bakı şəhəri 3 saylı Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə 30.04.2021-ci il tarixli h-237 saylı məktubla müraciət edilərək, Ziniyət Məmiyevanın vərəsəsi Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məqsədilə 194 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 302 “h” nömrəli bağın və torpaq sahəsinin üzərində mərhumun mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməsi xahiş edilmişdir. Bu məqsədlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ziniyət Məmiyevanın vərəsəsi Ərizəçi həmin bağ torpaq sahəsinə dair arxiv arayışı təqdim edilməsini xahiş etmişdir. Ərizəçi həmin bağ torpaq sahəsinə dair arxiv arayışı verilməsi üçün Milli Arxiv İdarəsinə müraciət etmişdir. Həmin müraciətə, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının 21.05.2021 -ci il tarixli BA-02144-2021 saylı məktubu cavab verilmiş və məktuba Arxiv arayışı əlavə edilmişdir. Həmin arayış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilən zaman məlum olmuşdur ki, BTK üzvlərinin siyahısında “41. X4” barədə qeydlərdə mərhum Ziniyət Məmiyevanın soyadı, adı və atasının adında səhvə yol verilmişdir. Bu səbəbdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən bildirilmişdir ki, Ziniyət Məmiyevanın sənəddə göstərilən adı, atasının adı və soyadının onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və soyadı ilə düz gəlmədiyi üçün hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin təqdim edilməsi zəruridir. Beləliklə, göründüyü kimi, məhkəmə qətnaməsi olmadan həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmək mümkün deyildir. Yəni həmin sənədlərdəki göstərilən şəxsin eyni şəxs olması hüquqi əhmiyyəti olan fakt kimi müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddianı müdafiə edərək və dəqiqləşmə barədə ərizə təqdim edərək, Bakı şəhər XDS İK-nin 13.06.1990-cı il tarixli 4/143 saylı qərarına əsasən 15 sayı əlavədə 194 saylı Goradil BTK üzvlərinin siyahısında “41. X4”na məxsus bağ sahəsinə dair sənədin “X5”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili Vəkil ərizəçinin izahatına uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə ərizəçinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin və ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 “Məmiyeva”, adı “Ziniyət” ata adı “Hüseynalı” kimi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 21.05.2021-ci il tarixli, BA-02144-2021 saylı məktuba əlavə edilmiş arxiv çıxarışının surətindən görünür ki, Bakı şəhər XDS İK-nin 13.06.1990-ci il tarixli 4/143 saylı qərarına əlavə edilmiş 194 nömrəli Goradil Bağ-tikinti kooperativi üzvlərinin siyahısında 41-ci şəxs kimi “X5” deyil, “X4” barədə qeydiyyatlar vardır. İş materiallarında olan Bakı şəhəri 3 saylı Notariat Ofisinin 237 saylı, 30.04.2021-ci il tarixli məktubundan görünür ki, 08.04.2021-ci il tarixdə vəfat etmiş 02.12.1957-ci il təvəllüdlü X2 vərəsəsi kimi əri Ərizəçi tanınmışdır. İş materiallarında olan Goradil Bağlar sahəsində 194 nömrəli kooperativdən verilmiş 41 saylı orderin surətindən görünür ki, X3 Bakı şəhər XDS İK-nin 13.06.1990-ci il tarixli 4/143 saylı qərarına əsasən BTK üzvlərinin siyahısında 41-ci şəxs kimi 194 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 302 “h” nömrəli bağ sahəsi ayrılmışdır. İş materiallarında olan Binəqədi rayon Binəqədi Bələdiyyəsindən verilmiş 08.06.2021-ci il tarixli arayışdan görünür ki, Məmiyev X6 rayonu, Goradil kəndi 302 H saylı bağ sahəsində qeydiyyatsız olaraq yaşayır və həyat yoldaşı mərhum X5 da həmin ünvanda qediyyatsız olaraq yaşamışdır. Azərbaycan Respublikası MPM-ın 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Ərizəçi həmin maddənin göstərişinə istinad edərək xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Hazırda orderin ərizəçinin vəfat etmiş arvadına məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Göründüyü kimi, ərizəçinin mərhum həyat yoldaşı X1 “Məmmədova”, adı “Zinyət” və ata adı “Hüseynəli” kimi müxtəlif sənədlərdə göstərilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhər XDS İKnin 13.06.1990-cı il tarixli 4/143 saylı qərarına əsasən 15 sayı əlavədə 194 saylı Goradil BTK üzvlərinin siyahısında ərizəçinin mərhum həyat yoldaşının soyadı, adı, atasının adı düzgün qeyd edilməmiş, onun soyadı “Məmiyeva”, adı “Ziniyət” ata adı “Hüseynalı”dır. Odur ki, “X5” ilə siyahıda göstərilən “X4” nın eyni şəxs olması şübhə doğurmur. Hazırki hüquqi faktının müəyyən edilməsinin miras qalmış əmlaka görə vərəsəliyi qəbul etməsinə dair hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhər XDS İK-nin 13.06.1990-cı il tarixli 4/143 saylı qərarına əsasən 15 sayı əlavədə 194 saylı Goradil BTK üzvlərinin siyahısında “41. X4”na məxsus bağ sahəsinə dair sənədin “X5”na məxsus olması faktı müəyyən edilməlidır. Məhkəməyə ərizə verilərkən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Bakı şəhər XDS İK-nin 13.06.1990-cı il tarixli 4/143 saylı qərarına əsasən 15 sayı əlavədə 194 saylı Goradil BTK üzvlərinin siyahısında “41. X4”na məxsus bağ sahəsinə dair sənədin “X5”na məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar