Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5310/2024 08.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı mülki iş üzrə (Açar sözlər: əmək müqaviləsi bildirişinin ləğv edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Verdiyev Elcan Elşad oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı əmək müqaviləsi bildirişinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: 1.İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqavilsinə xitam verilməsi və 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, bu yaxınlarda işlədiyi müəssisədə adını rəsmi qaydada işçi kimi rəsmiləşdirilmək üçün müraciət etdikdə məlum olmuşdur ki, Cavabdeh MMC xx.xx.2023-cü il tarixində onu daşyonan-fəhlə kimi rəsmi qaydada işə götürmüş və həmin tarixdə onun adına əmək müqaviləsi rəsmiləşdirilmişdir. Lakin onun bu müqavilədən məlumatı olmamışdır. O, Cavabdeh MMC-nin yerləşdiyi yeri və əlaqə nömrələrini tapmağa cəhd etsə də heç bir nəticəsi olmamış, MMC-nin hüquqi ünvanına getsə də həmin ünvanda belə bir şirkətin olmadığını müəyyən etmişdir. O, Cavabdeh MMC barəsində heç bir təsəvvürü olmadığı üçün onun adına bağlanmış əmək müqaviləsinin ləğvi ilə əlaqədar həm DOST Mərkəzinə, həm AR Dövlət Vergi Xidmətinə, həm də AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etmişdir. Lakin müsbət nəticə əldə etməmiş, bütün dövlət orqanları ona məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. O, ilkin olaraq mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya prosesinə də gəlməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron informasiya sisteminə daxil edilməsi hüququnun X1 Xidməti Bakı şəhər İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O, həmçinin bildirmişdir ki, xəbəri olmadan kimsə onun adını yazdırmaqla cavabdeh şirkətə işə götürüb. Hazırda o, işə düzəlmək üçün müraciət edəndə adına iş yeri olduğu üçün imtina edilir. Ona görə iddia tələbini müdafiə edərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmənin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
5. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilmiş işin halları ondan ibarətdir ki:
6. Vergi ödəyicilərin məlumatlarından çıxarışdan görünür ki, Cavabdeh MMC (VÖEN: **********) ünvan 1 ünvanında qeydiyyatdadır;
7. Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılmşdır. Əmək müqaviləsinin növü müddətsizdir, işə başlama tarixi xx.xx.2023-cü il, aylıq əmək haqqının məbləği 400 manat təşkil edir və hazırda əmək müqaviləsi bildirişinin statusu aktivdir;
8. AR ƏƏSMN-nin xx.xx.2024-cü il tarixli xxxxxxx240009 nörməli müraciət vərəqəsindən görünür ki, İddiaçı əmək münasibətləri sahəsində işəgötürənlərə və işçilərə göstərilən xidmətlər istiqamətində əmək qanunvericiliyinin pozulmasına dair müraciəti mövcuddur;
9. Bakı 16 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00996 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışından görünür ki, əmək müqaviləsinə xitam verilməsinə dair mübahisə predmeti barədə xx.xx.2024-cü il tarixində mediasiya sessiyası keçirilmiş, lakin Cavabdeh MMC (VÖEN: **********) mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya xərci (İMS 50 manat + 10 manat poçt xərci) İddiaçı tərəfindən ödənilmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
11. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
12. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
13. 42-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
14. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 49-cu maddənin 5-ci hissəsinə əsasən Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
15. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
16. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
17. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
19. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 91.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun 8-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu müəyyən edilmişdir.
21. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
22. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
23. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd edir ki, AR Konstitusiyasında və əmək qanunvericiliyində əməyin azadlığı prinsip təsbit olunmuşdur. Əməyin azadlığı prinsipi hər kəsə özünün əmək qabiliyyəti barəsində sərbəst surətdə sərəncam vermək, sərbəst surətdə özünə fəaliyyət növü və iş yeri seçmək imkanının verilməsindən ibarətdir. Əməyin azadlığı həmçinin əmək müqaviləsinin azadlığını da ehtiva edir. Belə ki, əmək münasibətləri yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə, habelə şəxsin iradəsi olmadan onunla əmək müqaviləsi bağlanıla bilməz.
24. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı məlumatı və razılığı (iradəsi) olmadan onunla cavabdeh (işəgötürən) Cavabdeh MMC arasında “əmək müqaviləsi” bağlanılmış və həmin müqavilə elektron informasiya sisteminə daxil edilmişdir. İddiaçının tələb etməyinə baxmayaraq onunla cavabdeh arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməmiş və bu səbəbdən iddiaçının yeni əmək müqaviləsi bağlamaq hüququ məhdudlaşdırılmışdır.
25. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 288-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi məsələləri fərdi əmək mübahisələrinin predmetini təşkil edir və bu fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
26. Hazırki işin müəyyən edilən hallarından aydın olur ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsinə xitam verilməsini tələb edir. İddiaçının (işçinin) bu tələbi işəgötürən tərəfindən yerinə yetirilməli olduğu halda yerinə yetirilməmişdir. Ona görə də iddiaçı haqlı olaraq əmək müqaviləsinə xitam verilməsi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.
27. Məhkəmə həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 49.5-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir.
28. İddiaçının iddia tələbi həm də onun tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi ilə bağlıdır. İddia tələbinin bu hissəsi ilə bağlı olaraq məhkəmə qeyd edir ki, Bakı 16 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00996 nömrəli Arayışından görünür ki, Cavabdeh MMC mediasiya sessiyasında iştirak etməmişdir və 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Ona görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbinə əsasən 60 (altmış) manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb əsaslı olduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir.
29. Bununla yanaşı Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin və “Dövlət rüsumu haqqında” Qanununun 91.1.1-ci maddəsinin tələbinə uyğun olaraq hazırki iddia tələbi əmək fəaliyyəti ilə bağlı tələblərə aid olduğundan və iddiaçı həmin iddia tələbi üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
30. Beləliklə məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş elektron informasiya sisteminə daxil edilməli, qətnamənin icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməli, 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, iddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiacı təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş elektron informasiya sisteminə daxil edilsin. Qətnamənin icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Cavabdeh MMC-dən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova