Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5312/2020 30.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladı X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə xx xxxxxx 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur və ünvan 2 ünvanına gəlin köçmüşdür. Onların birgə nikahlarından X2 doğulmuşdur. Hal-hazırda aralarında xırda söz-söhbətlər səbəbindən əri ilə aralarında mübahisə yaranmış və əri onu evdən qovmuşdur. Bütün cehiz əşyaları həmin evdə yerləşir. Hal-hazırda övladı ilə birgə bir neçə aydır ki, atasının evində yaşayır, həmin evdə ondan və oğlundan başqa atası, anası, qardaşı, onun arvadı və 2 övladı yaşayır. Davamlı olaraq orada yaşamağı qeyri-mümkündür. Çünki, istər-istəməz evdə sözsöhbətlər yaranır. Hal-hazırda evlidirlər və aralarında rəsmi boşanma olmamışdır. Onun başqa yaşayış yeri yoxdur. Tikilinin heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Qeyd edilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iştirak etməmiş, lakin əvvəlki məhkəmə iclasında iştirak edərkən iddia tələbini qəbul etmədiyini, evlənəndən bir müddət sonra iddiaçı ilə aralarında mübahisə düşdüyünü, o da iddiaçını uşağı ilə birlikdə evdən qovduğunu, hazırda uşağın evə köçməsinə etiraz etmədiyini, lakin iddiaçının evə köçürülməsinə razı olmadığını bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq qeyd etmişdir ki, mübahisə predmeti olan mənzilin çıxarışı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı 244884 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında nikah xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanmış, № 12 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Əlimanova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İV seriyalı № 262067 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından – xx.xx.2018-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli sorğuya cavabından görünür ki, ünvan 3 ünvanının Cavabdeh2 adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Tərəflərin işin həqiqi halları ilə bağlı məhkəməyə bildirdiklərindən və işin araşdırılmış hallarından mübahisəsiz qaydada görünür ki, İddiaçı 2018-ci ilin yanvar ayında Cavabdeh2lə rəsmi nikaha daxil olduqdan sonra cavabdehin yaşadığı Bakı şəhəri, Biləcəri qəsəbəsi, 2-ci Yeni /Massiv, döngə 1, 31 saylı evə gəlin köçmüş, cehiz əşyalarını həmin mənzilə gətirərək cavabdehlə təsərrüfat birliyi içində yaşamışdır. Bir neçə aydan artıqdır ki, cavabdeh iddiaçıya azyaşlı uşağı ilə birlikdə həmin mənzildə yaşamağa imkan vermir. İddiaçı hazırda azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında müvəqqəti yaşamağa məcbur olmuşdur. Mülki işin materiallarından mübahisəsiz qaydada o da görünür ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 2-ci Yeni /Massiv, döngə 1, 31 saylı ev xüsusi mülkiyyətdə deyil və evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsi barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. İşin hallarından görünür ki, sözügedən yaşayış sahəsi 2018-ci ildən iddiaçının və onun uşağının daimi yaşayış yeridir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin tələbinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Əmlak hüququ əmlakın mülkiyyətçisi olmayan şəxslərə də şamil edilir. Qeyd edilənlər İddiaçı mübahisəli mənzilə köçürülməsinin əsaslı olduğunu təsdiq edir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 2-ci bəndinin 3-cü hissəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının azyaşlı uşağı ilə birlikdə mübahisəli evə köçürülmələri barədə iddia tələbi qanuni və əsaslıdır. Odur ki, iddia təmin edilməli, İddiaçı azyaşlı uşağı – xx.xx.2018-ci il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsi, 2-ci Yeni /Massiv, döngə 1, 31 saylı evə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı azyaşlı uşağı – xx.xx.2018-ci il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsi, 2-ci Yeni /Massiv, döngə 1, 31 saylı evə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5312/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5312/2020
30.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver