Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5317/2022 26.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “doğum akt qeydinin bərpası”na dair ərizə üzrə mülki işə xüsusi icraat qaydasında 26 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 31 yanvar 1961-ci il tarixdə Goranboy rayonunun Gülüstan kəndində doğulmasına dair akt qeydinin bərpa edilməsi, akt qeydində ad qrafasında “Gülxanım”, soyadı qrafasında “Əhmədova”, ata adı qrafasında “Bəkir”, ana adı qrafasında “Məryəm” göstərilməsi və müvafiq şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Məhkəmə iclasında ərizəçi izahatında göstərdi ki, o, 31 yanvar 1961-ci il tarixdə Goranboy rayonunun Gülüstan kəndində doğulsa da, Bakı şəhərində yaşamış, 162 saylı tam orta məktəbdə, daha sonra Bakı Maliyyə-Kredit texnikumunda təhsil almış, müxtəlif idarələrdə işləmişdir. Milliyyətcə erməni olsa da, 05 yanvar 2000-ci il tarixdə rəsmi olaraq islam dinini qəbul etmiş, özünü azərbaycanlı hesab edir. 1980-cı ildə Azərbaycan Respublikasının vətəndaşı, miliyyətcə azərbaycanlı olan X2 ilə faktiki nikaha daxil olmaqla ailə qurmuşdur. Hazırda Binəqədi rayonu ərazisində yaşayır və yaşadığı yerdə hamı onu Gülxanım Əhmədova kimi tanıyır. 1988-ci ildə erməni faşistlərinin Azərbaycan xalqına qarşı əsasız hücumlarına görə erməniləri günahkar bilmiş, “erməni” əsilli olmaqdan utanmışdır. Buna görə də, milliyyətini dəyişib azərbaycanlı olmaq istəyir. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Ərizəyə baxılmasının vaxtı və yeri barədə müvafiq bildiriş maraqlı şəxs kimi Bakı şəhəri Maraqlı şəxsnə göndərilsə də, səlahiyyətli nümayəndənin iştirakı təmin edilməmişdir. Mülki iş materiallarında olan: - “Sovet Sosialist Respublikası İttifaqı vətəndaşının pasportu”nun surətindən görünür ki, Ərizəçi 31 yanvar 1961-ci il tarixdə indiki adı ilə Goranboy rayonunun Gülüstan kəndində doğulmuş, milliyyətcə ermənidir. - Goranboy rayon qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlandırılmış 08 iyun 2022-ci il tarixli məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.7-ci bəndinə əsasən, yetkinlik yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Şəxsiyyətinizi təsdiq edən sənədi əldə etmək mümkün olmadığı halda şəxsiyyətinizin müəyyən edilməsi və ya doğum faktının təsdiq edilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə müraciət edə bilərsiniz. Əlavə olaraq bildiririk ki, ərizədə göstərdiyiniz illərə dair akt qeydi kitablarının saxlandığı Aşağı Ağcakənd qəsəbəsində yerləşmiş (keçmiş Şaumyan rayonu) arxivi 1992-ci ildə erməni hərbi birləşmələri tərəfindən yandırılıb məhv edildiyinə görə qeyd etdiyiniz sənədin verilməsi mümkün deyil.” - Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlandırılmış 15 iyul 2022ci il tarixli məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.7-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələri valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Yetkinlik yaşına çatdığınıs səbəbindən və şəxsiyyətinizi təsdiq edən sənəd olmadığından doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə ərizənizi təmin edə bilmirik.” - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlandırılmış 16 sentyabr 2022-ci il tarixli məktubda göstərilmişdir ki, “ “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçiriləekən Ərizəçi doğumu haqqında hər hansı məlumat akşar olunmamışdır.” Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq, belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun... qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hazırki ərizədə Ərizəçi doğum haqqında akt qeydinin erməni silahlı birləşmələri tərəfindən yandırılaraq məhv edilməsi səbəbi ilə hazırda şəxsiyyət vəsiqəsi ala bilmədiyini göstərsə də, doğum haqqında akt qeydi bərpa edilərsə, adının “Gülxanım”, soyadının “Əhmədova”, ata adının “Bəkir”, ana adının isə “Məryəm” kimi qeyd olunmasını xahiş etmiş, habelə məhkəmə iclasında milliyyətcə erməni olmasından utandığını, buna görə də yeni akt qeydinin aparılmasında məqsədinin milliyyətinin dəyişdirilməsi olduğunu bildirmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırılması ilə ərizəçinin doğum akt qeydinin mövcud olduğuna dair hər hansı sənəd aşkar edilməmişdir. Bununla yanaşı ərizəçi ərizədə doğum haqqında akt qeydinin bərpası ilə yanaşı adının, soyadının və valideyinlərinin adlarının dəyişməsinidə xahiş etmişdir. Göründüyü kimi ərizəçinin hazırkı faktın müəyyən edilməsində başlıca məqsədi, məhz şəxsin milliyyətinin müəyyən edilməsi faktının tanınması ilə bağlıdır ki, bu xahişə məhkəmə qaydasında baxıla bilməz. Belə ki, şəxsin milli mənsubiyyəti onun bu və ya digər millətə biloloji bağlılığı ilə müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməməli, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi “doğum akt qeydinin bərpası”na dair ərizəsi təmin edilməsin, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5317/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5317/2022
26.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver