Məhkəmə qərarları › İş №2(001)-5337/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5337/2023

22.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5337/2023 22.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 22 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 13 iyun 2023-cü il tarixli, 219/K nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə (təssərrüfat işləri üzrə mütəxəssis) bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1984-cü ildən 1994-cü ilədək keçmiş Qırmızı Oktyabr adına Sovxozda aqronom və s. vəzifələrdə işləmiş, 20 iyun 2002ci il tarixdən 13 iyun 2023-cü il tarixədək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif idarələrində faziləsiz olaraq 21 il işləmişdir. Sonuncu iş yeri cavabdeh Xidmətdə olmuşdur ki, o, həmin idarədə təsərrüfat işləri üzrə aparıcı mütəxəssis vəzifəsində işləmişdir. 16 fevral 2023-cü il tarixdə ona müraciət edilərək, bildirilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Mərkəzinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə etdilməsini daha da təkmilləşdirmək məqsədilə struktur dəyişiklikləri aparılacaq və mərkəzin yeni ştat cədvəlinə əsasən tutduğu vəzifə əmək qanunvericiliyinə əsasən ləğv ediləcək və bu səbəbdən də onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəkdir. 13 iyun 2023-cü il tarixli, 219/K nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin əmri qanunsuz və əsassız hesab edir. Belə ki, 21 il fasiləsiz olaraq işlədiyi yerdə ixtisar olunmağının səbəbi əsaslandırılmamışdır. Belə ki, məlum ixtisardan sonra cavabdeh təşkilatda ştat sayı azaldılmamış, əksinə artırılmışdır. Hal-hazırda isə xeyli sayda vakant vəzifə vardır. Həmin vəzifələr isə məhz onun bugünə qədər orada işlədiyi əmək funksiyalarına uyğundur. Cavabdeh qurum onu ixtisar edərək heç bir təcrübəsi olmayan işçiləri işə qəbul edir. İşəgötürənin işçilərin sayını ixtisar etmək hüququndan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. İxtisarın aparılmasının zəruriliyi əsaslandırılmalıdır. İşçilərin ixtisarı barədə qərar qəbul edilməsi üçün fəaliyyətin analizi aparılır, müzakirə olunur və bundan sonra hansı işçilərin ixtisar olunmasına zərurət olduğu müəyyən edilir, müzakirə olunur və qərar verilir. Lakin, iddiaçının ixtisar olunma məsələri üzrə cavabdeh qurumda, o cümlədən Həmkarlar təşkilatında hər hansı müzakirə yaxud aşadırmanın aparılması barədə ona məlumat verilməmişdir. Həmkarlar təşkilatının razılığı olmadan, müvafiq qərar qəbul edilmədən struktur dəyişikliyi ilə əlaqədar olaraq hər hansı bir işçinin işdən çıxarılmasına yol verilmir. Həmkarlar ittifaqının razılığı olsa belə, iddiaçının məlumatı olmamış, iclasda onun iştirakı təmin olunmamışdır. İddiaçı hesab edir ki, onun uzun illər xidmət etməyinə baxmayaraq cavabdehin onun müqaviləsinə ixtisarla bağlı xitam verməsi və onunla eyni vəzifədə olan digər işçilərin başqa vəzifəyə keçirilməsi digər işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilməlidir. Hesab edir ki, onun tutmuş olduğu vəzifənin ixtisara salınmış olması müvafiq nəticəyə gəlinməsinə maneə törədən hal kimi qiymətləndirilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olnaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi dərhal icra edilərək i, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib, iddanı müdafiə etdiyini bildirərək, təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı heç bir qanun pozuntusuna yol verilməmiş, Nazirliyin əmri ilə ştatların ixtisarı aparılmış, bu barədə iddiaçıya xəbərdarlıq edilmişdir. İddiaçının işdən azad edilməsinə səbəb onun imtahandan uğurlu nəticə əldə etməməsi olmamış, ştatların ixtisarı olmuşdur. Bundan başqa, bildirilir ki, iddiaçı işə götürülən zaman sosial məzuniyyətdə olan işçinin yerinə müvəqqəti olaraq götürülmüşdür. Buna görə də, iddianın heç bir əsası yoxdur, rədd edilməlidir. Mülki iş materiallarında olan: - İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı 01 noyabr 2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X3 Mərkəzinə (X4 qismən ödənişli sosial məzuniyyətdə olduğu müddətə) təsərrüfat işləri üzrə aparıcı mütəxəssis vəzifəsinə müvəqqəti olaraq təyin edilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli, 140/Ü saylı əmrdə göstərilmişdir ki, “Azərbaycan Respublikasl Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin funksional tabeliyində fəaliyyət göstərən X3 Mərkəzinin yeni strukturu təsdiq edilsin. Mərkəzin işçilərinin sayı 38 ştat vahidi müəyyən edilsin...” - X3 Mərkəzinin strukturunun təkmilləşdirilməsi ilə bağlı işçilərlə birgə keçirilmiş Meşələrin İnkişafı Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin 16 fevral 2023-cü il tarixli iclasının protokolundan görünür ki, iclasda 41 nəfər, həmçinin İddiaçı iştirak etmiş, Mərkəzin strukturunun təkmilləşdirilməsi ilə bağlı Nazirliyin xx.xx.2023-cü il tarixli, 140/Ü nömrəli əmrinə əsasən nəzərdə tutulmuş tədbirlərin görülməsi iclasın gündəliyini təşkil etmiş, Mərkəzin bütün işçilərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən rəsmi qaydada xəbərdarlıqlar paylanmasının tövsiyyə edilməsi qərara alınmış, qərarın leyhinə 41 nəfər (yəni bütün iştirakçılar) səs vermişlər. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlandırılmış 16 fevral 2023-cü il tarixli “işçilərin sayının və ya ştatların optimallaşdırılması ilə bağlı xəbərdarlıq”da göstərilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 975 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək tapşırılmışdır. Bu məqsədlə X3 Mərkəzinin funksional fəaliyyəti araşdırılmış və mövcud strukturun yenilənməyə ehtiyacı olduğunu və bu səbəbdən yenidən təşkilatlanmasını zəruri etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Mərkəzinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədi ilə struktur dəyişikliklərinin aparılacağı və mərkəzin yeni ştat cədvəlinə əsasən tutduğunuz vəzifənin əmək qanunvericiliyinə əsasən ləğv ediləcəyi nəzərinizə çatdırılır... Eyni zamanda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığınız olduğu halda, xəbərdarlıq müddəti əvəzinə bu müddətə uyğun orta aylıq əmək haqqınız müvafiq misli məbləğini birdəfəyə ödəməklə müvafiq əsasla Sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilə bilər. Nəzərinizə çatdırırıq ki, xəbərdarlıq müddəti ərzində ixtisasınıza uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər qurumlarında mövcud olan müvafiq vakant yerlər müəyyən edilərsə, Sizə bu barədə əlavə məlumat veriləəckdir. Bildirişin verilməsi üçün əsas: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 140/ü nömrəli, xx.xx.2023-cü il tarixli əmri.” Həmin bildirişlə tanış olması barədə iddiaçı bildirişə imza etmişdir. - Meşə xəstəlik və zərərvericiləri ilə mübarizə vəzifəsi üzrə 09 iyun 2023-cü il tarixli imtahan hesabatından görünür ki, iddiaçı həmin vəzifə üzrə imtahanda keçid nisbəti 66 faiz olduğu halda 26,7 faizlik nəticə göstərərək, imtahandan keçməmişdir. - Cavabdeh tərəfindən verilmiş 13 iyun 2023-cü il tarixli, 219/K nömrəli əmrdən çıxarışdan görünür ki, X3 Mərkəzinin müvəqqəti təyin edilmiş təsərrüfat işləri üzrə aparıcı mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, həmin tarixdə ləğv edilmiş, əmrin verilməsi üçün əsas kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 140/ü nömrəli, 14 fevral 2023-cü il tarixli əmri göstərilmişdir. - Cavabdehə aid ştat cədvəllərindən görünür ki, cavabdeh Mərkəzin 06 mart 2023-cü il tarixindən ştat cədvəlində 47 işçi sayı göstərilmiş, 05 iyun 2023-cü il tarixindən isə bu say 38-ə endirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarına aid edilmişdir; 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir; 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir; 77.3-cü maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında işdənçıxarma müavinəti ödənilir; 77.4-cü maddəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır; 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində işçilərin sayının və ştatların ixtisarının səbəbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 975 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək tapşırılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli, 140/Ü saylı əmrə əsasən Azərbaycan Respublikasl Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin funksional tabeliyində fəaliyyət göstərən X3 Mərkəzinin yeni strukturu təsdiq edilərək, Mərkəzin işçilərinin sayı 38 ştat vahidi müəyyən edilmişdir. Məhkəmə cavabdeh tərəfindən işçilərin sayının və ştatların ixtisar edilməsi prosesinin əmək qanunvericiliyinin tələblərinə uyğunluğu ilə bağlı qeyd edir ki, aparılmış struktur dəyişikliyi nəticəsində ştat cədvəli üzrə 47 işçi sayı olan Xidmətin strukturu dəyişdikdən sonra işçilərin sayı 38-ə endirilmişdir. Bununla bağlı iddiaçıya 16 fevral 2023-cü il tarixli məktubla iddiaçıya xəbərdarlıq edilmiş, həmin məktubla iddiaçı tanış olaraq bildirişə imza etmişdir. Eyni zamanda X3 Mərkəzinin strukturunun təkmilləşdirilməsi ilə bağlı Nazirliyin xx.xx.2023-cü il tarixli, 140/Ü nömrəli əmrinə əsasən nəzərdə tutulmuş tədbirlərin görülməsinə dair işçilərlə birgə keçirilmiş Meşələrin İnkişafı Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin 16 fevral 2023-cü il tarixli iclası keçirilmiş, iclasda 41 nəfər, o cümlədən həmçinin İddiaçı iştirak etmişdir. Həmin iclasda Mərkəzin bütün işçilərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən rəsmi qaydada xəbərdarlıqlar paylanmasının tövsiyyə edilməsi qərara alınmış, qərarın leyhinə 41 nəfər (yəni bütün iştirakçılar) səs vermişlər. Həmçinin Meşə xəstəlik və zərərvericiləri ilə mübarizə vəzifəsi üzrə 09 iyun 2023-cü il tarixli imtahan hesabatından görünür ki, iddiaçı həmin vəzifə üzrə imtahanda keçid nisbəti 66 faiz olduğu halda 26,7 faizlik nəticə göstərərək, imtahandan keçməmişdir. Məhkəmə onuda qeyd edir ki, iddiaçı 01 noyabr 2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X3 Mərkəzinə (X4 qismən ödənişli sosial məzuniyyətdə olduğu müddətə) təsərrüfat işləri üzrə aparıcı mütəxəssis vəzifəsinə müvəqqəti olaraq təyin edilmişdir. Göründüyü cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququndan istifadə edərək, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırdığı halda, iddiaçı bunun əksini təsdiq edən dəlillər təqdim edə bilməmişdir. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini rəhbər tutub, habelə bu tələblərə uyğun aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, belə qənaətə gəlir ki, iddia tələbi 13 iyun 2023-cü il tarixli, 219/K nömrəli əmrin ləğv edilməsi hissəsində əsassızdır və bu səbəbdən rədd edilməlidir. Məhkəmə, iddia üzrə "əmrin ləğv edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia üzrə "işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələblərinin törəmə tələb olduğunu və bu tələblərin təmin-olunub olunmamasının bilavasitə "əmrin ləğv edilməsi" tələbinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia üzrə "işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbləri də əsassızdır və bu səbəbdən rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar