Məhkəmə qərarları › İş №2(001)-5344/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5344/2021

06.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5344/2021 06.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, iddiaçıların nümayəndə və vəkilləri X1 iştirakı ilə İddiaçı2 və İddiaçı1 Cavabdeh1 və digərlərinə qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki işə 06 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 olunun, Cavabdeh5 və Cavabdeh6 himayəsində olan yetkinlik yaşına çatmamış Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 ilə birlikdə ünvan 1 ünvanda yerləşən yaşayış binasının 21 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçılar cavabdehlərin iddia ərizəsində göstərilən mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı müvafiq polis idarəsinə müraciət etsələr də, onlara verilən cavabda məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. İddiaçılar ilə cavabdehlər iddia tələbində göstərilən mənzilin eyni hüquqlu istifadəçiləridir. Lakin, yalnız iddiaçılar mənzilə qeydiyyata alındıqları vaxtdan yaşayış yerini dəyişmədən həmin mənzildə yaşamış, cavabdehlər isə uzun müddətdir ki, öz xoşları ilə mənzili tərk edərək müxtəlif ünvanlara köçmüşlər. Hazırda cavabdehlərin həmin evdə qeydiyyatları formal xarakter daşıyır ki, belə olan halda da, iddiaçıların mənzildən istifadə-sərəncam hüquqları məhdudlaşır. Cavabdehlərdən Cavabdeh5 və Cavabdeh1 hətta Rusiya Federasiyasının vətəndaşlarıdır və onlar, həmçinin Cavabdeh1 ailə üzvləri – arvadı Cavabdeh2, uşaqları Cavabdeh3 və Cavabdeh4 Rusiya Federasiyasının Saratov vilayətində yaşayışlar. Digər Cavabdeh6 isə ərə gedəndən iddia ərizəsində göstərilən mənzili tərk etmiş, hazırda ailəsi əri X4, uşaqları Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 ilə birlikdə Rusiya Federasiyasında yaşayırlar. Buna görə də, iddiaçılar mənzildə faktiki olaraq yaşamayan cavabdehlərin həmin mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb edirlər. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə bildiriş cavabdehlərə qeydiyyat ünvanları üzrə göndərilsə də, onlardan heç biri məhkəmə iclasında iştirak etməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi Rayon Polis İdarəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan: - SSRİ Yollar Nazirliyi Azərbaycan Dəmir Yolunun Bakı Hissəsi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1 evin 21 saylı mənzili Cavabdeh4 Heydərəli oğluna ayrılmışdır. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 Heydərəli oğlu ilə İddiaçı2 16 avqust 1970-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 Heydərəli oğlu 22 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. - Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” 01 fevral 2021ci il tarixli arayışından görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1, habelə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mirzə-Ələkbər qızı, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və onun himayəsində olan 25 aprel 2016-cı il təvəllüdlü Cavabdeh9, 12 avqust 2007-ci il təvəllüdlü Cavabdeh7 və 15 dekabr 2014-cü il təvəllüdlü Cavabdeh8 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddia tələbində göstərilən mənzil İddiaçı2 mərhum əri Cavabdeh4 Heydərəli oğlunun sahibliyində olmuşdur. İddiaçılar və cavabdehlər arasında qohumluq əlaqələri müəyyən edilsə də, iddia ərizəsində cavabdehlərin artıq uzun müddətdir ki, sözügedən mənzildə yaşamadıqları göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; - 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; - 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; - 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin mənzilə münasibətdə hazırda istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda onun itirilməsindən söhbət gedə bilməz. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində, Mənzil Məcəlləsinin 30-cü maddəsində və buna uyğun olaraq Konstitusiya Məhkəməsinin aidiyyəti Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvlüyü", "qohumluq" və "digər şəxslər" prizmasından yanaşılır. Eyni yanaşma qismən Mülki Məcəllənin 228.1-ci maddəsində də müşahidə olunur. Belə ki, bu maddədə "ailə üzvləri" məfhumu ilə yanaşı "digər şəxslər" məfhumu da təsbit edilmişdir və Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddəsinin tələblərinə əsasən digər şəxslər, bir mənalı olaraq yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və ya belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onlarla iddiaçılar arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Cavabdehlər sadəcə olaraq hər hansı hüquqi əsas olmadan həmin mənzilə pasport qeydiyyatına alınmışlar. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə qeydiyyata alınmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin tələbləri baxımından onların vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onların qeydiyyata alınmaları həmin mənzildən istifadə hüquqlarının yaranması kimi qiymətləndirilə bilməz. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin mübahisəli mənzilə qeydiyyata alınmaları faktına cavabdehlərlə mülkiyyətçi arasında Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsində müəyyən edilmiş yazılı razılaşmanın bağlanması kimi hüquqi qiymət verilə bilməz. İddiaçılar tələblərində istinad etdikləri halı, yəni cavabdehlərin sözügedən mənzilə istifadə hüquqlarının yaranmasını sübuta yetirə bilmədiklərindən, habelə cavabdehlərin həmin mənzilə qeydiyyata alınmaları onların həmin mənzilə istifadə hüquqlarının yaranması üçün əsas olmadığından cavabdehlərin həmin mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Mövcud olmayan hüququn itirilməsi də hüquqi baxımdan mümkünsüz olduğundan iddia tələbi əsassız hesab edilməli və rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 və İddiaçı1 Cavabdeh1 və digərlərinə qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar