Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5367/2021 24.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, Ərizəçi cinsinin kişi olması faktının müəyyən olunması barədə ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs qismində Lənkəran rayon qeydiyyat şöbəsinin rəisi Ə.Şükürovu qeyd etməklə cinsinin kişi olması faktının müəyyən olunması hüquqi faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, ərizə tələbin məhkəmədə baxılmalı olmaması əsası ilə yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında aşağıdakılar qeyd edilmişdir: “ ... Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. .... Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. ... vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər”. İş materiallarında olan Lənkəran rayon qeydiyyat şöbəsinin 18.05.2021-ci il tarixli, 500 nömrəli cavabında qeyd olunmuşdur ki, “ ... 46 saylı doğum akt qeydində sizin cinsiniz “qadın” olaraq qeyd edilmişdir”. İş materiallarında olan “AZEMİS” Məhkəmə İdarəetmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.1979-cu il tarixdə, Lənkəran rayonunun Avrora qəsəbəsində doğulmuş Ərizəçi cinsi “kişi” olaraq qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, hazırkı ərizəyə ümumi məhkəmədə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair icraat çərçivəsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə müvafiq olaraq, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən isə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, hesab edirəm ki, Ərizəçi cinsinin kişi olması faktının müəyyən olunması hüquqi faktının müəyyən edilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, qeyd olunan səhv faktiki olaraq mövcud olduğu halda (halbuki bu xüsusat “AZEMİS” Məhkəmə İdarəetmə Sistemində öz əksini tapmır), qeyd olunan səhv vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni zamanda qeyd etməyi zəruri hesab edirəm ki, ərizəçinin maraqlı şəxs qismində Lənkəran rayon qeydiyyat şöbəsinin rəisi Ə.Şükürovu qeyd etməsi qanunvericiliyin tələblərinə cavab vermir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi cinsinin kişi olması faktının müəyyən olunması barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-5367/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5367/2021
24.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver