Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5435/2025 17.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəlb edilməklə) “əmək müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəlb edilməklə) “əmək müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC-də fəhlə vəzifəsinə təyin olunması barədə xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi və əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi, bununla əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun məlumatı və xəbəri olmadan xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlanılmış və fəhlə təyin olunmuşdur. X1 xxxxxxx000300 nömrəli əmək müqaviləsinin bildirişi bağlanmışdır. O, hazırda heç bir iş yerinə işə qəbul edilə bilmir. Əsas isə sözügedən əmək müqaviləsidir. Hazırda cavabdehi tapa bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bu məsələ ilə bağlı müvafiq dövlət qurumlarına müraciət etsə də, ona məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhəri idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciətinə baxılmış və bildirilmişdir ki, müraciəti ilə əlaqədar Cavabdeh MMC-nin ünvanına tərəflərindən xx.xx.2024-cü il tarixli 3-17-5/2-64024/2024 nömrəli məktub göndərilmiş və ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Lakin müraciəti ilə əlaqədar tələb olunan aidiyyəti sənədlər hazırki vaxtadək Cavabdeh MMC-nin işəgötürəni tərəfindən X2 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmədiyindən tərəflərindən müraciətinin araşdırılmasının başa çatdırılması mümkün olmamışdır. Müraciəti ilə əlaqədar tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən onunla Cavabdeh MMC-nin işəgötürəni arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin qüvvədə olduğu məlum olmuşdur. Bildirilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci i tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciəti ilə əlaqədar tələb olunan aidiyyəti sənədlər Cavabdeh MMC-nin işəgötürəni tərəfindən X2 Xidmətinin Bakı şəhə İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən baxılaraq nəticəsi barədə ona əlavə məlumat veriləcəkdir. Nəzərinə çatdırmışlar ki, əmək müqaviləsinə xitam verilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququ X2 Xidmətinə həvalə edilməlidir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmışdır. İşçinin vəzifəsi fəhlədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən iş yerinə dair xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmış və sonuncu fəhlə vəzifəsində işləyir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Cavabdeh MMC (VÖEN **********) xx.xx.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır, hazırda fəaliyyəti aktivdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ-İV hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 3.5-1-ci maddəsinə görə əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir; 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 49.1-ci maddəsinə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1- 2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “M.Məmmədovanın şikayəti üzrə məhkəkə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Lakin iddiaçı cavabdeh MMC-i ilə əlaqə yarada bilmədiyindən qanunvericiliyin tələblərinə uyğun şəkildə əmək müqaviləsinin ləğv edilməsi mümkün olmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə işəgötürən (cavabdeh) tərəfindən əmək müqaviləsinə xitam verilməsinə iddiaçı tərəfindən nail olunması mümkünsüz olduğundan məhkəmə iddianı əsaslı hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə iddiaçının hüquqlarını müdafiə etmək məqsədi ilə iddia təmin edilməli, iddiaçının pozulmuş əmək hüquqları bərpa edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1 və 9.1.1 maddələrinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Cavabdehndən 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-5435/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5435/2025
17.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver