Məhkəmə qərarları › İş №2(001)-5461/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5461/2024

26.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5461/2024 26.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Azərbaycan Dövlət Neft və Sənaye Universitetninin nəzdində Sənaye və Texnologiya Kollecinin 1 saylı yataqxanasına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı mülki iş üzrə (Açar sözlər: cavabdehin mənzildən çıxarılması və iddiaçıların həmin mənzilə köçürülmələri, maneələrin aradan qaldırılması) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Azərbaycan Dövlət Neft və Sənaye Universitetninin nəzdində Sənaye və Texnologiya Kollecinin 1 saylı yataqxanasına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “cavabdehin mənzildən çıxarılması və iddiaçıların həmin mənzilə köçürülmələri, maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Azərbaycan Dövlət Neft və Sənaye Universitetninin nəzdində Sənaye və Texnologiya Kollecinin 1 saylı yataqxanasına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “cavabdehin mənzildən çıxarılması və iddiaçıların həmin mənzilə köçürülmələri, maneələrin aradan qaldırılması” tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Sənaye və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasındakı 416 nömrəli mənzildən çıxarılması, onların həmin mənzilə yenidən köçürülməsi və maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə ailə üzvləri ilə birlikdə qaçqın kimi Binəqədi rayonu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetninin nəzdində Sənaye və Texnologiya Kollecinin 1 saylı yataqxanasındakı 416 nömrəli mənzildə uzun müddətdir ki, məskunlaşmışlar. Təxminən bir ay yarım əvvəl qonşuluqda yaşayan komendatın oğlu Anar Hüseynov onun yaşadığı evi dezinfeksiya etmək üçün dərmanlar gətirərək otaqları dezinfeksiya edəcəyini ona bildirmişdir. Belə olduğu təqdirdə evdə olan bəzi əşyaları götürərək Binəqədi rayonundakı oğlunun evinə yığmışlar. Hadisədən iki gün keçdikdən sonra mübahisəli yataqxanaya qayıtdıqda qapının qıfılının dəyişilməsinin şahidi olmuşlar. Nə baş verdiyini soruşduqda Anar mənzilə Orxan adlı qazinin girdiyini bildirmişdir. Məsələnin mahiyyətini soruşduqda isə aydın olmuşdur ki, guya İddiaçı1 həmin mənzili müəyyən sənədlər olmadığından satmaq istədiyini komendata bildirmiş və komendant şifahi şəkildə 3500 manat miqdarında alqı-satqı edərək mənzilə daxil olmuşdur. Amma bu bərədə onun heç bir xəbəri olmamış, bütün hallar Cavabdeh1 ilə komendant Anar Hüseynov arasında baş vermişdir. Onların məcburi köçkün kimi verilən mənzildən başqa yaşayış sahəsi yoxdur. Cavabdeh1 evi zəbt etməklə yanaşı evdəki əşyaları da qanunsuz olaraq ələ keçirmişdir. Onlar müvafiq icra hakimiyyəti orqanlarına və publik hüquqi şəxslərə müraciət edib öz şikayətini bildirmişlər. 5-ci Polis bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında cavabdeh guya İddiaçı1 həmin mənzili 3500 manata ona satdığını, sonra isə onun mənzili satmağı barədə peşman olaraq ödədiyi pulu geri qaytarmasını istədiyi barədə yalan ifadə vermişdir. Cavabdehin verdiyi izahata diqqət yetirdikdə görmək olar ki, bütün bunlar həqiqəti əks etdirmir və yalandır. Belə ki, həmin məbləğ yaşayış sahəsi üçün ağlabatan deyil, məntiqsizdir və belə bir hal mümkünsüzdür. Lakin verilən izahatlara öz etirazını bildirdikdə bütün bu kimi halların məhkəmə qaydasında həll olunmasını İddiaçı1 bildirmişlər. Hazırda o, bu bərədə həm prokurorluq orqanlarına, həm də digər müvafiq hakimiyyət orqanlarına öz şikayətini bildirməkdə davam edir. Əlavə olaraq yaranan mübahisə ilə bağlı gələcəkdə qonşular tərəfindən məsələni aydınlaşdırmaq üçün lazım olan şahid ifadələrinə heç bir etirazları yoxdur. Onlar qeyd edirlər ki, bütün bu kimi hallar cavabdeh ilə komendant arasındakı müəyyən qanunsuz hərəkətlər öz aralarında düşünülmüş uydurma bir plandır. Bundan başqa həmin komendantın belə bir halla başqa bir vətəndaşa da eyni əməli etdiyi onlara bildirilmişdir. Məcburi köçkün olduqları üçün həmin yaşayış sahəsinə aid hər hansı bir rəsmi sənədləri yoxdur. Lakin həmin mübahisəli mənzildə 30 ildən çox müddət yaşamışlar. Zərurət olduqda həmin ərazidə yaşayan qonşular da bunu öz şahid ifadələri ilə təsdiq edə bilər. Bütün bunları nəzərə alaraq mənzillə bağlı mübahisənin məhkəmə qaydasında həll olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən ərizə ünvanlanaraq iddia ərizəsində qeyd olunan mülki mübahisənin tərəflər (iddiaçılar və cavabdehlər) arasında baş verdiyindən, müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxıldığl bildirilmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

b) Mülki işin materialları:

5. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh1 müraciəti əsasında toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, eyni zamanda ərizəçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

6. AA seriyalı, 469066 nömrəli və AA seriyalı, 469070 nömrəli məcburi köçkün vəsiqələrinin surətlərindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Fizuli rayonundan məcburi köçkün kimi ünvan 1 22, Azərbaycan Dövlət Neft və Sənaye Universitetninin nəzdində Sənaye və Texnologiya Kollecinin 1 saylı yataqxanasında məskunlaşmışlar.

7. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin ünvanladığı məktubdan görünür ki, İddiaçı1, İddiaçı2 Füzuli rayonundan məcburi köçkün düşmüşlər. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Binəqədi rayonu üzrə yerli bölməsinin verdiyi arayışa əsasən İddiaçı1, İddiaçı2 ünvan 1 22, Azərbaycan Dövlət Neft və Sənaye Universitetninin nəzdində Sənaye və Texnologiya Kollecinin 1 saylı yataqxanasında məcburi köçkün kimi qeydiyyata alınmışdır. Yerli bölməyə 1 saylı yataqxananın komendatı tərəfindən verilmiş məlumata əsasən həmin məcburi köçkünlərin 1993-1994-cü ildən orada məskunlaşdıqları, lakin hazırda yaşamadıqları bildirilmişdir. İddia ərizəsində göstərilən mənzilin mübahisəli vəziyyəti tərəflər arasında baş verdiyindən, onların həmin ünvandan çıxarılmaları barədə Komitədə heç bir məlumat yoxdur. İddiaçı1, İddiaçı2 dövlət Proqramına əsasən müvəqqəti yaşayış sahəsi ilə təmin olunmamışdır. Bundan başqa qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli, 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na uyğun olaraq hazırda işğaldan azad olunmuş ərazilərin dirçəlişi istiqamətində aparılan quruculuq, bərpa və yenidənqurma işləri davam etdirilir. Odur ki, digər məcburi köçkün ailələri kimi Füzuli rayonundan olan məcburi köçkünlər İddiaçı1 və İddiaçı2 da işğaldan azad edilmiş Füzuli rayonuna köçürülməsinə müvafiq qaydada baxılacaqdır. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsində qeyd olunan mülki mübahisə halları tərəflər (iddiaçılar və cavabdehlər) arasında baş verdiyindən, müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışlar.

c) Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

8.Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir.

9. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

11. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (bundan sonra - “məcburi köçkünlər” adlandırılacaq) barəsində digər sosial müdafiə tədbirləri ilə yanaşı müvəqqəti yaşayış sahəsi ilə təmin edilməlidir.

12. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 200 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydasında öz əksini tapır. Qaydalarda göstərilir ki, məcburi köçkünlərin müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi onların məskunlaşdığı şəhər və rayon İcra Hakimiyyəti Orqanlarının təşkil etdiyi müvafiq komissiya tərəfindən həyata keçirilir. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələbləri cavab verən başqa yaşayış sahəsi ilə təmin olunmalıdır. Başqa yaşayış sahəsi ilə təmin olunma mənzildən çıxarılmadıqdan əvvəl həyata keçirilməlidir.

13. Eyni zamanda “Qaçqınların və Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Sərəncamının 2-ci maddəsində aşağıdakılar göstərilir: - “Azərbaycan Respublikası aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələr və evlərə köçürülənədək, mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər”.

14. Lakin bununla bərabər Azərbaycan Respublikası Konstitusiyasının 149-ci maddəsi Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktların iyerarxiyasını müəyyən edir. Ona görə məhkəmələr həmin normativ hüquqi aktlar arasında ziddiyyət olduğu hallarda daha yüksək hüquqi qüvvəyə malik olan normativ aktları tətbiq etməlidirlər.

15. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul olunmuş aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

16. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə görə, Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

17. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. 18.İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Həsənov Azərbaycana qarşı” 22 aprel 2010-cu il tarixli qərarında aşağıdakılar göstərmişdir: - “Azərbaycanda məcburi köçkünlərin böyük sayının mövcudluğu məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunma hüquqlarına qarşı ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunmuş mülkiyyətdən maneəsiz istifadə hüquqlarının tarazlaşdırılmasını tələb edirdi. Belə olan halda, cavabdeh Dövlətə geniş mülahizə həddi təqdim edilməlidir. Lakin dövlətin mülahizəsinin həyata keçirilməsi Konvensiyanın standartlarından fərqlənən nəticələrə səbəb olmamalıdır.

19. Bununla bağlı hazırkı işdə olan kimi vəziyyət toxunulmuş sosial və maliyyə yükünün ədalətli bölünməsini tələb edir. Bir qrupun və ya bütövlükdə cəmiyyətin maraqlarının necə əhəmiyyətli olmasından asılı olmadan bu yük konkret sosial qrupun və ya tək fərdi şəxsin üzərinə qoyula bilməz.

20. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli, 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” təsdiq edilmişdir. Həmin Proqramda işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 22.İş materiallarında olan məcburi köçkün vəsiqələrinin sürətlərindən və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin ünvanladığı məktubdan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Fizuli rayonundan məcburi köçkün kimi Bakı şəhəri Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 22, Azərbaycan Dövlət Neft və Sənaye Universitetninin nəzdində Sənaye və Texnologiya Kollecinin 1 saylı yataqxanasında məskunlaşmışlar.

23. İş materiallarından görünür ki, iddia tələbi üç hissədən ibarətdir: mənzilə köçürülmə, mənzildən çıxarılma və maneələrin aradan qaldırılması.

24. Məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Fizuli rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu. A.Gəraybəyli küçəsi 22, Azərbaycan Dövlət Neft və Sənaye Universitetninin nəzdində Sənaye və Texnologiya Kollecinin 1 saylı yataqxanasında məskunlaşmaları və orada yaşamaları işin mübahisəsiz halıdır. Müəyyən edilmişdir ki, komendantın yaşadıqları otağı dərmanlaması təklifinə görə iddiaçılar bəzi əşyalarını götürərək müvəqqəti olaraq oradan çıxmış, lakin qayıtmaq istədikdə orada Cavabdeh1 yaşadığını görmüş, buna görə də ora qayıda bilməmişlər.

25. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, iş üzrə cavabdehlər X1 və Cavabdeh1 izahat verərək İddiaçı1 mübahisəli mənzili 3500 manata Cavabdeh1 satdığını qeyd etsələr də bu, iş materialları ilə təkzib olunur. Belə ki, onlar bu barədə hər hansı bir sübut təqdim etməmişlər. Bundan başqa məhkəmə qeyd edir ki, yataqxanada olan mənzillər alqı-satqı müqaviləsinin predmeti ola bilməz.

26. Bundan başqa Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı məktubdan görünür ki, iddiaçılar ünvan 1 22, Azərbaycan Dövlət Neft və Sənaye Universitetninin nəzdində Sənaye və Texnologiya Kollecinin 1 saylı yataqxanasında məskunlaşmışlar, onlara hər hansı bir başqa yaşayış sahəsi verilməmişdir. Yəni həmin yataqxana onların yeganə yaşayış yeridir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçılar həmin mənzilə köçürülməlidir.

27. Məhkəmə qeyd edir ki, iddiaçıların izahatından, eləcə də cavabdehlərin Polis İdarəsində verdikləri izahatlarından görünür ki, Cavabdeh1 iddiaçıların məskunlaşdığı mənzildə yaşayır, bunu da onunla əsaslandırmışdır ki, həmin mənzilə görə iddiaçılara pul ödəmişdir. Lakin bu, iş materialları ilə təkzib olunur. Belə ki, həmin mənzil yataqxanada yerləşir, alqı-satqı predmeti ola bilməz və ümumiyyətlə iddiaçıların həmin mənzili satmağa, ona dair hər hansı bir sərəncam verməyə hüququ yoxdur, onlar orada məskunlaşmışlar.

28. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar mübahisəli mənzilə köçürüldüklərindən Cavabdeh1 oradan çıxarılmalıdır.

29. Məhkəmə iddia tələbinin maneələrin aradan qaldırılması hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçılar maneələrin nədən oibarət olmasına dair məhlkəməyə hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.

30. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 Sənaye və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasındakı 416 nömrəli mənzilə köçürülməli, Cavabdeh1 həmin mənzildən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir.

32. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

34. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

35. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

37. Mülki Prosessual Məcəllənin 217.4-cü madəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar.

40. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 Vətən müharibəsi iştirkaçısıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏTETDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin 1 saylı yataqxanasına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “cavabdehin mənzildən çıxarılması və iddiaçıların həmin mənzilə köçürülmələri, maneələrin aradan qaldırılması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin 1 saylı yataqxanasındakı 416 nömrəli mənzildən çıxarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin 1 saylı yataqxanasındakı 416 nömrəli mənzilə köçürülsünlər. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar