Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5466/2020 26.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı xx.xx.2016-cı il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilinə köçürülmələrinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı xx.xx.2016-cı il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilinə köçürülmələrinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, cavabdehlə xx.xx.2012-ci ildə nikaha daxil olmuş və cavabdehin yaşadığı Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilinə gəlin köçmüş, bütün cehiz əşyalarını bu mənzilə gətirmiş, birgə nikahlarından bu ünvanda xx.xx.2016-cı il təvəllüdlü X5 anadan olmuşdur. Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzili Xocavənd rayonundan məcburi köçkün olan cavabdehə ailə üzvləri ilə birlikdə müvəqqəti yaşayış sahəsi kimi verilmişdir. Onlar 4 il bir yerdə mehriban ailə münasibətlərində yaşamış, birgə təsərrüfat aparmış, cavabdehin atası onu qeydiyyatda olduqları ünvana qeydiyyata salmış, lakin həyat yoldaşının qardaşı onun ailə münasibətlərinə müdaxilə etdiyindən onların ailə nikah münasibətləri pozulmuşdur. Cavabdeh aprel ayının 20-də onu övladı ilə birlikdə valideynlərinin evinə aparıb 10-15 gündən sonra onun arxasınca gələcəyini demişdir. Lakin sonradan cavabdeh onu və övladını yaşadığı mənzilə buraxmamışdır. Onun və övladının başqa yaşayış yeri yoxdur. Ona və övladına məxsus əşyalar həmin mənzildə qalmışdır. Ona görə də onun xx.xx.2016-cı il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi X3 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının dövlətin balansında olan və Cavabdeh və onun digər ailə üzvlərinə məcburi köçkün olduğu üçün müvəqqəti sığınacaq şəklində verilmiş, cavabdehin mülkiyyətində olmayan Bakı şəhəri Ş.Məmmədova 30/97 3 saylı evin 6 saylı mənzilinə hər hansı hüququ mövcud deyildir. İddiaçı məcburi köçkün statusu daşımır və hal-hazırda cavabdehlə nikahı ləğv edilmişdir. Yəni hal-hazırda iddiaçı cavabdehin ailə üzvü statusuna malik deyildir. Odur ki, iddiaçının övladı ilə birlikdə məcburi köçkünlər üçün verilmiş və dövlətin balansında olan yaşayış mənzilinə köçürülməsi barədə iddia əsassızdır. Ailə qanunvericiliyinin müvafiq normalarında gəlin ailə üzvləri anlayışının əhatə dairəsinə daxil edilməmiş, gəlini saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Hazırki vəziyyətdə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi dövlətdir. Ona görə iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə məcburi köçkün X4 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 6 saylı müqavilədən müəyyən olunur ki, Nərimanov rayonu Səttərxan zavodu ünvanında müvəqqəti məskunlaşmış Xocavənd rayonu Salakətin kəndindən məcburi köçkün X2 4 nəfər ailə üzvü ilə birlikdə Binəqədi rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş 2 Nev Kom.-da 3 otaqlı 6 saylı mənzil müvəqqəti, yəni sakini olduğu Xocavənd rayonunun Salakətin kəndi işğaldan azad olunanadək ayrılmışdır. 1 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016cı il tarixli AZ-İİİ № 730109 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1550 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Xocavənd RPŞ tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı Xocavənd rayonu Salakətin kəndində qeydiyyatdadır. Binəqədi rayon MKİS-in xx.xx.2020-ci il tarixli 749 saylı arayışından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilində müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: .... 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 99.5.-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 68.1.-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2.-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4.-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, Xocavənd rayonundan məcburi köçkün olan cavabdehin ailəsinə Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzili ayrılmış, cavabdeh nikaha daxil olduqdan sonra iddiaçı məcburi köçkünlərin qeydiyyatda olduğu ünvan üzrə qeydiyyata alınaraq cavabdehin və ailə üzvlərinin razılığı ilə Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilə köçürülməklə mənzildə yaşayan məcburi köçkün ailəsi ilə birgə təsərrüfat aparmış, bu ünvanda tərəflərin birgə nikahlarından bir övladları anadan olmuş, lakin tərəflərin ailə nikah münasibətləri pozulduqdan sonra iddiaçıya övladı ilə birlikdə bu mənzildə yaşamağa icazə verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Normanın tələbindən müəyyən olunur ki, şəxsin yaşadığı mənzildən qanunun tələblərinə zidd olaraq məhrum edilməsi yolverilməzdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzili Xocavənd rayonundan olan məcburi köçkün ailəsinə müvəqqəti ayrıldığından bu mənzilə həmin ailə tərəfindən köçürülən iddiaçının da övladı ilə birlikdə bu mənzildə müvəqqəti yaşamaq hüququ vardır. Ona görə də iddiaçı övladı ilə birlikdə Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilinə köçürülməlidir. Belə ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilinə köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5466/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5466/2020
26.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver