Məhkəmə qərarları › İş №2(001)-5473/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5473/2025

07.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5473/2025 07.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçılar – İddiaçı1 və İddiaçı2 cavabdeh – Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı1 və Cavabdeh ünvan 2 (yeni qaydalarla: AZ 1116, ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar.

2. ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2025-ci il tarixli çıxarışa əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətindədir.

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnın Bakı şəhəri, Binəqədi rayonu, X.Dairəvi küçəsi, ev 4, mənzil 89a (yeni qaydalarla: AZ 1116, ünvan 1 ünvanında olan istifadə hüququna xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

İddiaçının əsaslandırması:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən mənzil iddiaçıların xüsusi mülkiyyətindədir və buna dair iddiaçılara xx.xx.2025-ci il tarixində çıxarış verilmişdir. İddiaçı1 və Cavabdeh xx.xx.2010-cu il tarixindən etibarən ünvan 2 (yeni qaydalarla: AZ 1116, ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar. Lakin Cavabdeh sözügedən mənzildə yaşamır və orada yaşamamışdır. O, 2020-ci il tarixdə Ukrayna vətəndaşı ilə ailə qurmuş və həmin tarixdən etibarən Ukrayna Respublikasında ailəsi ilə birlikdə yaşayır. Lakin hələ də, iddiaçıların xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmışdır. Tərəflər arasındakı uzun müddətdir ki, əlaqə yoxdur. Belə olduğu təqdirdə iddiaçı məhkəməyə müraciət etməli olmuşdur.

Cavabdehin etirazları:

5. Cavabdeh tərəfindən iddia ərizəsi ilə bağlı məhkəməyə yazılı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları:

6. İddiaçı1 nümayəndəsi və vəkili məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək mənzilin iddiaçıların mülkiyyətində olduğunu, bununla bağlı mənzilə çıxarış verildiyini bildirərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçiriləcək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, hər hansısa üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

9. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında verdiyi ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh və İddiaçı1 ünvan 4 ünvanında qeydiyyatdadırlar.

10. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, 7-ci mikrorayon, ev 4, mənzil 89a (yeni qaydalarla: AZ 1116, ünvan 1 İddiaçı1 və İddiaçı2 mülkiyyətindədir.

11. İş materiallarında olan Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 80 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 317 nömrəli arayışdan müəyyən edilir ki, qonşular tərəfindən Cavabdeh 2020-ci ildən etibarən sözügedən mənzildə yaşamadığı bildirilmişdir.

12. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin elektron məhkəmə informasiya sistemindən əldə edilmiş sorğu məlumatlarından müəyyən edilir ki, cavabdeh sonuncu dəfə xx.xx.2019-cu il tarixində ölkə hüdudlarını tərk etmiş və bir daha Azərbaycan Respublikasına qayıtmamışdır.

13. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-46/2- 43349 saylı məktubdan müəyyən edilir ki, Cavabdeh xx.xx.2017-ci il tarixindən halhazıradək ünvan 4 ünvanında qeydiyyatdadır.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Konstitusiyası: - Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

15. Beynəlxalq hüquqi aktlar: BMT-nin 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”: - Maddə 17. (1) Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu: - Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixindən etibarən qüvvədə olan Mənzil Məcəlləsi: - Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. - Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli: - Müraciətdə qaldırılan məsələlər kontekstində qeyd olunmalıdır ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). - Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. - Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. - Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. - Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. - Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, işin mübahisəsiz hallarından birincisi ondan ibarətdir ki, cavabdehin istifadə hüququna xitam verilməsi tələb edilən mənzil iddiaçıların paylı mülkiyyətində olmaqla onların xüsusi mülkiyyətindədir. Cavabdeh sözügedən mənzilə 2017-ci ildə qeydiyyata alınmış, lakin iddiaçıların bildirdiyinə görə orada ümumiyyətlə yaşamamışdır. Belə ki, iddiaçılardan İddiaçı1 cavabdehin anasıdır və iddiaçının nümayəndəsinin bildirdiyinə görə onlar uzun müddət Ukrayna Respublikasında yaşamış, yalnız 2016-cı ildə ölkəyə qayıtmışlar. Həmin dövrdə cavabdeh də ölkəyə gəlmiş və o zaman da sözügedən mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Sonradan cavabdeh ölkə hüdudlarını tərk etmiş və sonuncu belə tərk etməsi isə 2019-cu ilin sentyabr ayında olmuş və bir daha geri qayıtmamışdır. İddiaçının nümayəndəsinin bildirdiyinə görə cavabdeh Ukrayna Respublikasında başqa millətdən olan xanımla ailə həyatı qurduğu üçün ölkəyə qayıtmır və ona görə də anası olan iddiaçı da oğlu ilə münasibətlərinə elə həmin dövrdən son qoymuş və bir daha əlaqələri olmamışdır.

22. Məhkəmə həmçinin qeyd edir ki, işin digər mübahisəsiz hallarından biri isə cavabdehin yetkinlik yaşına çatması, onun mülkiyyətçi olan anasının – İddiaçı1 mülkiyyətində olan mənzildə yaşamaması və son 6 il ərzində ümumiyyətlə ölkəyə gəlməmisidir. Belə ki, istinad edilmiş, xx.xx.2009-cu il tarixindən etibarən qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə əsasən mülkiyyətçi ilə birlikdə yaşayan ailə üzvlərinin – mülkiyyətçinin uşaqlarının – mülkiyyətçi ilə bərabər ona məxsus yaşayış sahəsindən istifadə hüququ vardır. Hazırki situasiyada cavabdeh mülkiyyətçi İddiaçı1 ailə üzvü, yəni övladı olsa da, o, mülkiyyətçi ilə birlikdə yaşamır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ona görə ki, cavabdehin mülkiyyətçilərə məxsus mənzildə yaşamadığı halda həmin mənzildə qeydiyyatda olması mülkiyyətçilərin özlərinə məxsus əmlaka sərəncam vermək hüququnu məhdudlaşdırmaqdadır.

23. Şərh edilənlər əsasında məhkəmə cavabdehin mənzildə yaşamama səbəblərini araşdıraraq belə nəticəyə gəlir ki, uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması cavabdehin istəyi ilə bağlıdır. İş materialları ilə təsdiq olunur ki, cavabdeh mənzildə qeydiyyatda olsa da, uzun müddətdir orada yaşamamaqla və özünə başqa yaşayış yeri seçməklə, mübahisəli mənzildən istifadə hüququ ilə bağlı əlaqələrini kəsmişdir. Odur ki, onun uzun bir müddət ərzində mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar deyil, cavabdehin şəxsi istəyi ilə bağlıdır.

24. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır.

25. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ilə bağlı iddiaçıların tələbi olmadığından məhkəmə xərcləri kimi ödənilmiş ödənilmiş dövlət rüsumu da iddiaçıların özlərinə aid edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

26. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh ünvan 2 (yeni qaydalarla: AZ 1116, ünvan 1 ünvanından istifadə hüququna xitam verilsin.

3. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

5. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar