Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5485/2022 27.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı bildirişin elektron sistemə daxil edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı bildirişin elektron sistemə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xxxxxxx000100 nömrəli, xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında bağlanmış xxxxxxx000100 nömrəli, xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən, o, aylıq əmək haqqı 600 manat olmaqla, menecer-pərakəndə satış vəzifəsinə işə qəbul edilmişdir. Lakin buna baxmayaraq, iddiaçı ümumiyyətlə sözügedən vəzifədə işləməmiş və əmək haqqı almamışdır. Müqavilə yalnız şirkət rəhbərinin təklifi əsasında formal bağlanmışdır. İşdən azad olmağı ilə bağlı bir neçə dəfə müraciət etsə də, ona əmək müqaviləsinin ləğv edildiyi bildirilmişdir. 2022-ci ildə iddiaçı əmək fəaliyyəti ilə məşğul olmaq üçün müxtəlif iş yerlərinə müraciət etsə də, ona işə götürülməsinin mümkün olmadığını, vahid baza sistemində 2017-ci ildən işçi kimi qeydiyyatda olduğu bildirilmişdir. İddiaçı işdən azad edilməsi ilə bağlı X3 müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatının dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - əmək müqaviləsi bildirişinə əsasən, Cavabdeh MMC (direktor – Əhməd Zubair) ilə İddiaçı arasında bağlanmış xxxxxxx000100 nömrəli, xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə qüvvədədir. - Dövlət Miqrasiya Xidmət tərəfindən sorğuya verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, Pakistan İslam Respublikasının vətəndaşı, xx.xx.1973-cü il təvəllüdlü Zubair Ahmada etibarlılıq müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. - Dövlət Sərhəd Xidməti tərəfindən sorğuya verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, xx.xx.1973-cü il təvəllüdlü Ahmad Zubair sonuncu dəfə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasından çıxmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında əmək müqaviləsi bağlanmış, lakin işəgötürənin fəaliyyətni dayandırdığından iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilməmiş, bu səbəbdən iddiaçının yeni əmək müqaviləsi bağlamaq hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 12-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;..... - 16-cı maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrıseçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. - 16-cı maddəsinin 3-cü bəndinə əsasən əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır. - 16-cı maddəsinin 4-cü bəndinə əsasən ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. - 17-ci maddəsinin 1-ci bəndinə əsasən hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 288-ci maddəsinin a) bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi məsələləri fərdi əmək mübahisələrinin predmetini təşkil edir və bu fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Hazırki mülki işdən aydın olur ki, iddiaçı (işçi) qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinin ləğvini tələb etmişdir. Lakin işəgötürən işçinin bu tələbini yerinə yetirməyə borclu olduğu halda bunu etməmişdir (Əmək Məcəlləsinin 69-cu maddəsi).Ona görə də iddiaçı haqlı olaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, işə götürən olaraq cavabdeh öz vəzifəsini icra etmədiyindən, yəni iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam vermədiyindən, bu hal iddiaçının əmək hüquqlarının pozulması ilə nəticələndiyindən iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xxxxxxx000100 nömrəli, xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş elektron informasiya sisteminə daxil edilsin. Qətnamənin icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-5485/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5485/2022
27.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver