Məhkəmə qərarları › İş №2(001)-5510/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5510/2022

24.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5510/2022 24.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 24 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşaqları – 11 avqust 2009-cu il təvəllüdlü X2 və 16 noyabr 2013-cü il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsində yerləşən 51A saylı özbaşına tikili olan fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, o, cavabdehlə 08 iyun 2007-ci il tarixdə faktiki nikaha daxil olmaqla evlənmiş, 2009-cu ildə nikahlarını rəsmiləşdirmişdir. Birgə nikahlarından iki yektinlik yaşına çatmayan uşaqları vardır. Cavabdehlə ailə qurduqdan sonra bir müddət Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşamışlar. Daha sonra 2017-ci ildə iddia tələbində göstərilən evi almış, ora köçmüşlər. Həmin evə dövlət qeydiyyatına alınmasa da, müəyyən sənədləri olmuşdur. Onlar təxminən 3 ilə yaxın müddətdə həmin evdə yaşamışlar, uşaqları evə ən yaxın məktəb kimi 284 saylı orta məktəbdə təhsil alırlar. Cavabdehin ona münasibəti pisləşdiyindən, ailənin qorunub saxlanması mümkün olmamış və o, nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Nəticədə məhkəmə qətnaməsinə əsasən, cavabdehlə aralarındakı nikah pozulmuş, uşaqların onun yanında saxlanmaları qərara alınmışdır. Bundan sonra cavabdeh onu uşaqları ilə birlikdə iddia tələbində göstərilən, yəni faktiki yaşadıqları evdən qovmuşdur. Hazırda o, bacısıgildə, Zabrat qəsəbəsində yaşayır. Həmin evdən uşaqların məktəbi çox uzaqdır. Həmçinin, iddia tələbində göstərilən ev birgə nikah dövründə əldə edildiyindən cavabdeh kimi onun da uşaqları ilə birlikdə həmin evə yaşamaq hüququ təmin edilməlidir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə yaşayış yeri üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş poçt vasitəsilə göndərilsə də, onun məhkəmədə iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı halda iddia ərizəsinə qoşma edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, ona yalnız uşaqların doğum haqqında şəhadətnamələrinin, iddiaçının şəxsiyyət vəsiqəsinin və “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surəti əlavə edilmişdir. Sözügedən aktdan isə onun hansı ünvan üzrə tərtib edildiyini, abonentin kimliyini müəyyən etmək mümkün deyildir. İşin hallarına görə iddiaçı köçürülməyini istədiyi evin hansı əsaslarla əldə edildiyini, həmin evə yaşayıb-yaşamadığını, yaşamışsa hansı əsasla və hansı müddətdə yaşadığını, tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbu ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur, buna görə iddia rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar