Məhkəmə qərarları › İş №2(001)-5535/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5535/2023

26.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5535/2023 26.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs kimi Maraqlı şəxs cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1965-cı il tarixdə Ermənistan Respublikasının Meqri rayonunda anadan olması, atasının X11, anasının isə X12ması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, xx.xx.1965-ci il təvəllüdlü Ərizəçi doğum akt qeydinin “soyad,ad,ata adı” qrafasında “Ərizəçi”, atası qrafasında “X18”, milliyəti azərbaycanlı, anası “ X15” milliyyəti azərbaycanlı yazılması və Ərizəçi adına şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri Maraqlı şəxsnə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1965-ci il tarixində Ermənistan Respublikasının Meqri rayonunda anadan olmuşdur. Hazırda ərizəçinin doğum haqqında şəhadətnaməsi mövcud deyil. Belə ki, ailəsi ilə birlikdə 1988-ci il tarixində doğma yurdlarından köçərək Azərbaycana gəlmişdir. Ərizəçinin xx.xx.1965-ci il tarixində Ermənistan Respublikasının Meqri rayonunda doğulması Ermənistan Respublikası Meqri rayon X8 İcraiyyə Komitəsində qeydə alınmış və ərizəçiyə doğum haqqında şəhadətnamə verilmişdir. Hətta yetkinlik yaşına çatdıqdan sonra ərizəçiyə həmin şəhadətnamə əsasında Sovet Sosialist Respublikaları İttifaqının ümumvətəndaş pasportu və daha sonra isə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir.Ərizəçinin atası X11 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Ərizəçinin valideynlərinin nikah haqqında şəhadətnamələri olmuş, lakin sonradan itmişdir. Birgə nikahda olmaları barədə ərizəçinin valideynlərinin Sovet Sosialist Respublikaları İttifaqının ümumvətandaş pasportunda müvafiq qeydlər aparılmışdır. Ərizəçinin atası X3 qalmış miras əmlakla bağlı qanun üzrə vərəsəliyin qəbul edilməsi məqsədilə notariat orqanlarına müraciət etdikdə ərizəçidən doğum haqqında şəhadətnamə tələb edilmişdir. Lakin ərizəçi və ailə üzvləri yurdlarından məhrum olduqlarından doğum haqqında şəhadətnamə ərizəçidən aslı olmayan səbəbə görə itmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/7-1352-08/23 nömrəli məktubunda şəhadətnamə Ermənistan ərazisində verildiyindən təkrar verilməsi mümkün olmadığı və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Ərizəçi eyni atadan və anadan olan bacı və qarşadları var. X1 ölmüş, iki bacısı X4 və X6 sağdır. X2 doğum haqqında şəhadətnaməsi vardır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən ərizəçi və onun nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər.

4. Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, Vidadi onun doğma qardaşıdır. Vidadi xx.xx.1965-ci il tarixində Ermənistan Respublikasında doğulub. Ailədə ən böyük uşaq özüdür. Özü 1963-cü il təvəllüdlüdür. Özünün də, doğum haqqında şəhadətnaməsi yoxdur. Bu vaxta kimi həmin sənədə ehtiyac duymamışdır. Ailə qurduqdan sonra isə ümumiyyətlə sənəd lazım olmamışdır. Şəxsiyyət vəsiqəsini isə həmin dövrdə olan qırmızı pasport əsasında ala bilmişdir. Evdəki uşaqların doğum haqqında şəhadətnamələri analarında olmuşdur. Bu səbəbdən həmin sənədləri görə bilməmişdir. Lakin bacısı Elmiranın doğum haqqında şəhadətnaməsi var.

6. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, Vidadi onun doğma qardaşıdır. Onun şəhadətnaməsi əvvəldən verilmiş şəhadətnamədir. Belə ki, 1988-ci ildən ordan çıxıb gəlmişlər. Bakıda oxuduğu məktəbin müvafiq sorğusu əsasında sənədin Ermənistandan onun məktəbinə təqdim edilmişdir. Bacısı sonradan ailə qurduğundan sənədə ehtiyac duymadı. Onun şəhadətnaməsi məktəb soruğusu ilə alınsa da, qardaşı və bacısı həmin vaxt fərqli universitetlərdə oxuduqlarından onlarınkını əldə etmək mümkün olmadı. Yanvarın 24-ü qardaşının ad günüdür. Mütəmadi olaraq ad günün qeyd etməsələr də, arabir qeyd edirlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. AA seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixində Ermənistan Respublikasında doğulmuşdur.

8. Vİİİ-СЛ seriyalı, 572446 saylı Sovet Sosialist Respublikaları İttifaqının ümumvətandaş pasportunun surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixində Ermənistan SS Respublikasının Mehri rayonunda doğulmuşdur.

9. AZE seriyalı, 15876165 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür görünür ki, X11 xx.xx.1938-ci il tarixində Ermənistan SS Respublikasının, Meqri rayonunda doğulmuşdur.

10. İ-СЛ seriyalı, 628557 saylı Sovet Sosialist Respublikaları İttifaqının ümumvətandaş pasportunun surətindən görünür ki, X11 xx.xx.1938-ci il tarixində Ermənistan SS Respublikasının Mehri rayonunda doğulmuşdur.

11. Binəqədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 229808 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 1565 № ilə qeyd edilmişdir.

12. AZE seriyalı, 03874834 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür görünür ki, X15 xx.xx.1941-ci il tarixində Rusiya Federasiyası, Başqırdıstanda doğulmuşdur.

13. İİ-СЛ seriyalı, 541724 saylı Sovet Sosialist Respublikaları İttifaqının ümumvətandaş pasportunun surətindən görünür ki, X15 xx.xx.1941-ci il tarixində Ermənistan SS Respublikasının Mehri rayonunda doğulmuşdur və milliyətcə rusdur.

14. Binəqədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 200083 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2021-ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 1182 № ilə qeyd edilmişdir.

15. AZE seriyalı, 05462700 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür görünür ki, X13 xx.xx.1968-ci il tarixində Ermənistan Respublikasının Meqri rayonunda doğulmuşdur.

16. Binəqədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 051030 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2019-cu il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixində 20 № ilə qeyd edilmişdir.

17. AZE seriyalı, 13288572 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür görünür ki, X4 xx.xx.1963-cü il tarixində Ermənistan Respublikasının Meqri rayonunda doğulmuşdur.

18. AA seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür görünür ki, X6 xx.xx.1975-ci il tarixində Ermənistan Respublikasında doğulmuşdur.

19. XXİV-ЖГ seriyalı, 685553 saylı Sovet Sosialist Respublikaları İttifaqının ümumvətandaş pasportunun surətindən görünür ki, X6 xx.xx.1975-ci il tarixində Ermənistan SS Respublikasının Mehri rayonunda doğulmuşdur.

20. İİİ-СЛ seriyalı, 483571 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1975-ci il tarixində Meqri rayonunda doğulmuş, atası X11 (milliyəti azərbaycanlı), anası X9(milliyəti rus).

21. Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilən ЖГ-seriyalı, 305641 saylı nikahın bağlaması haqqında şəhadətnamədən görünür ki, Zamanov Nəsimi ilə X6 arasında xx.xx.1998-ci il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 140 № ilə qeyd edilmişdir.

22. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi müraciətinə cavab olaraq, göndərilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, sonuncuya bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərinin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən olunur. Göstərilənlərlə bağlı, nəzərinizə çatdırılır ki, itmiş sənədinizin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyinizdən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

23. Ərizəçi xx.xx.1965-ci il tarixində Ermənistan Respublikasında doğulmuşdur. Bu faktlar AA seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sübut edilir.

24. Ərizəçi doğum haqqında şəhadətnaməsini 1988-ci ildən Ermənistandan Azərbaycan Respublikasına gələn zaman itirdiyini və onun məhkəmədən kənar bərpa edilməsinin mümkünsüzlüyünü əsas götürərək, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə istinad edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir.

25. Məhkəmə iclasında şahid qismində dindirilən şəxslər ərizəçinin yaxın qohumlarıdırlar. (bacıları)

26. Ərizəçinin atası X11 xx.xx.1938-ci il tarixində Ermənistan SS Respublikasının, Meqri rayonunda doğulmuşdur. Bu fakt AZE seriyalı, 15876165 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və İ-СЛ seriyalı, 628557 saylı Sovet Sosialist Respublikaları İttifaqının ümumvətandaş pasportu ilə sübut olunur. X11 xx.xx.2021-ci il tarixində Bakı şəhərində ölmüşdür.

27. Ərizəçinin anası X7 isə xx.xx.1941-ci il tarixində Rusiya Federasiyası, Başqırdıstanda doğulmuşdur. Bu fakt AZE seriyalı, 03874834 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və İİ-СЛ seriyalı, 541724 saylı Sovet Sosialist Respublikaları İttifaqının ümumvətandaş pasportunun surəti ilə sübut edilir. X15 xx.xx.2021-ci il tarixində Bakı şəhərində ölmüşdür.

28. X5 ərizəçinin atası, X10 isə anası olması, atasının milliyətcə azərbaycanlı, anasının isə rus olması məhkəmə iclasında dindirilən şahid ifadələri ilə və ərizəçinin bacısı Elmiraya məxsus doğum haqqında şəhadətnamənin surəti ilə sübut edilir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

30. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

31. 307.2.3-cü maddəsinə əsasən məhkəmədoğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

32. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

33. 309.1-ci maddəsinə əasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

34. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

35. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

38. İşin hallarından göründüyü kimi ərizəçinin doğumu barədə müvafiq qeyd əvvəllər mövcud olmuşdur, çünki ərizəçinin şəxsiyyət vəsiqəsində onun doğum tarixi və yeri barədə məlumatlar əks olunmuşdur.

39. Bundan başqa məhkəmə iclasında şahid qismində ifadə verən ərizəçinin bacılarının ata adı və soyadlarındakı uyğunluq, doğum yerlərinin Ermənistan, Mehri (meqri) rayonu olması ərizəsinin əsaslı olması qənaətinə gəlməyə əsas verir.

40. Bu səbəbdən məhkəmə o qənaətə gəlir ki, ərizəçinin şəxsiyyət vəsiqəsində onun doğulduğu yer və tarix barədə məlumatlar əks olunduğuna, həmin məlumatlar şahid ifadələri ilə təsdiq edildiyinə və doğum haqqında akt qeydini başqa qaydada bərpa etmək mümkün olmadığına görə doğumunun qeydə edilmə faktı məhkəmə qaydasında müəyyən edilməlidir.

41. Lakin nəzərə alınmalıdır ki, ərizəçi anasının milliyətinin azərbaycanlı olduğunu iddia etsə də, iş materiallarından olan İİ-СЛ seriyalı, 541724 saylı Sovet Sosialist Respublikaları İttifaqının ümumvətandaş pasportunun surətindən müəyyən edildi ki, xx.xx.1941-ci il tarixində Rusiya Federasiyası, Başqırdıstanda doğulmuş X15 milliyətcə rusdur. Hətta qızı Elmiraya məxsus İİİ-СЛ seriyalı, 483571 saylı doğum haqqında şəhadətnamədə anası kimi onun milliyəti rusiyalı kimi göstərilmişdir.

42. Digər tərəfdən məhkəmə hesab edir ki, ərizəçiyə şəhadətnamə verilməsi vəzifəsinin müvafiq icra orqanının üzərinə qoyulması hissəsində ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi hazırki məhkəmə qətnaməsi müvafiq faktın qeydə alınması üçün əsasdır. Tətbiq edilən prosessual normalar:

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

44. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

45. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

46. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

47. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. 218.3-cü maddəsinə əsasə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Nəticə:

49. Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikasının, Meqri rayonunda doğumunun qeydə alınma faktı müəyyən edilməli, bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “Ermənistan Respublikası, Meqri rayonu”, doğum tarixi qrafasında “xx.xx.1965-ci il”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X11 , milliyəti azərbaycanlı”, anası qrafasında “X15, milliyyəti rus” göstərilməli, ərizə qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

50. Qeyd olanlara və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikasının, Meqri rayonunda doğumunun qeydə alınma faktı müəyyən edilsin. Bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “Ermənistan Respublikası, Meqri rayonu”, doğum tarixi qrafasında “xx.xx.1965-ci il”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X11 , milliyəti azərbaycanlı”, anası qrafasında “X15, milliyyəti rus” göstərilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar