Məhkəmə qərarları › İş №2(001)-5556/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5556/2021

12.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5556/2021 12.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının şəxsi mülkiyyətindədir. Cavabdeh 2007-ci ildən mənzili tərk edərək daimi yaşamağa başqa ünvana getmiş və özünə başqa yaşayış yeri seçmişdir. Həmçinin anaları tərəfindən 2002-ci il də Cavabdeh ev alınmış, cavabdeh həmin evi sataraq özünə avtomaşın almışdır. Beləliklə, həmin vaxtdan cavabdeh həmin ünvanda yaşamır, mənzilə heç bir aidiyyatı yoxdur, formal olaraq pasport qeydiyyatındadır. Cavabdehin həmin mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyəti üzərindəki sərəncam hüququnun həyata keçirməsinə mane olur və qeyd edilənlərə əsasən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 139488 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi 63,33 kv.metr sahədən ibarət 4 otaqlı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında İddiaçı verilmiş ******* saylı arayışından görünür ki, o 28.03.2003-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxs isə Cavabdehdur. -şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin 01.07.2021-ci il tarixli, 627/1676 saylı məktuba əsasən hal-hazırda Qazaxıstan Respublikasının Şimkent şəhərində yaşayan Cavabdehla əlaqə saxlanılmış və cavabdehin Azərbaycan Respublikasına qayıtmaq barədə düşünmədiyi müəyyən edilmişdir. - “Elektron məhkəmə” informasiya sistemindən 12.08.2021-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh 29.06.2016-cı il tarixdə saat 18:54-də Azərbaycan Respublikasını tərk etmiş və bu günə kimi geri qayıtmamışdır. Məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, cavabdehin heç vaxt mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahələri olması ilə əlaqədardır. Ona görə ki, işin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh mübahisəli mənzildə yaşamamış və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə heç bir əlaqələri olmamışdır. Odur ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də cavabdehin mübahisəli mənzilə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun adından göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının aparılması ilə bağlıdır. Qanunun müddəalarına əsasən qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir (Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” 2003-cü il 31 yanvar tarixli Qərarı). Beləliklə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun mənzillə bağlı münasibətləri tənzimləmir və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas deyildir (R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarı) «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla,öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə yaşamaması və bu müddət ərzində mübahisəli mənzilə gəlməməsi, yalnız onun başqa yaşayış sahəsi olması ilə izah oluna bilər. Odur ki, iddia təmin edilərək cavabdehin mübahisəli mənzilin yaşayış sahəsinə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1 ünvanına istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar