Məhkəmə qərarları › İş №2(001)-5578/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5578/2023

06.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5578/2023 06.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “hüquqi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair JN-1757B, kod 30800118 olan şəhadətnamənin xx.xx.1938-ci il tarixində anadan olmuş ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşamış X3 məxsus olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda pasport qeydiyyatında olmaqla faktiki olaraq yaşayır. Torpaq mülkiyyətə verilməsinə dair JN-1757B, kod 30800118 olan şəhadətnaməyə əsasən Sumqayıt Şəhər Bələdiyyəsinin 14 iyun 2005-ci il tarixli, 21 nömrəli qərarı ilə Novxanı bağ massivində yerləşən 0.12 hektar olan B-4949v saylı bağ sahəsi onun və ailə üzvlərinin - anası X6 və bacısı X4 mülkiyyətinə verilmişdir. Anası, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra anasının vərəsəsi olaraq Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-4949V ünvanında yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdan çıxarış və “Torpaq sahəsinin plan və ölçüsü” sənədənin verilməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, sonuncu ərizənin icrasından imtina etmiş və imtinanın əsası kimi “Torpağın mülkiyətə verilməsinə dair JN-1757B, kod 30800118 olan şəhadətnamədə mülkiyətçilərin ad siyahısında 2-ci sırada qeyd olunmuş şəxsin adı, atasının adıl, və soyadı “X7” kimi qeyd edilsə də, şəxsiyyətini təstiq edən sənəddə “X6” kimi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən ərizəçi sənədlərin ona aid olması faktı ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi atası Aslanov İsmət Həsənağa oğlu, anası X5r. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1938-ci il təvəllüdlü X1 atası Əjdər Sadıq oğlu, anası X8r. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Aslanov İsmət Həsənağa oğlu ilə X6 xx.xx.1962-ci il tarixdə nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydlər kitabında 2021 nömrə ilə qeyd edilmişdir. - 154591 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu,8-ci mkr, H.Hüseynov küçəsi, 15A saylı evin 47,31 kv.m yaşayış sahəsindəb ibarət 3 otaqlı 18 saylı mənzil X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1278 saylı reyestr kitabında 191921 səhifədə 30/191921 nömrə ilə, xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır. - Torpağın mülkiyyətə verilməsinə dair JN-1757B nömrəli, 30800118 kodlu şəhadətnamədən görünür ki, Novxanı bağ massivində yerləşən 0.12 hektar olan B-4949v saylı bağ sahəsi Sumqayıt Şəhər Bələdiyyəsinin 14 iyun 2005-ci il tarixli, 21 nömrəli qərarı ilə Ərizəçi, X2 və bacısı X4 mülkiyyətinə verilmişdir. - Sumqayıt Şəhər Bələdiyyəsinin 14 iyun 2005-ci il tarixli, 21 nömrəli qərarında görünür ki, Novxanı bağ ərazisində sahəsi 1200 kv.m olan B-4949v saylı bağ torpaq sahəsi vətəndaş Ərizəçi alqı-satqı yolu ilə mülkiyyətinə verilmişdir. - xx.xx.2005-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, Ərizəçi Sumqayıt Şəhər Bələdiyyəsinə bağ sahəsinin torpaq alqı-satqısı üçün ******* manat məbləğində ödəniş edilmişdir. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə düz bağırsağın bədxassəli yenitörəməsi səbəbindən vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1526 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********48 nömrəli məktubundan görünür ki, “Torpağın mülkiyətə verilməsinə dair JN-1757B, kod 30800118 olan şəhadətnamədə mülkiyətçilərin ad siyahısında 2-ci sırada qeyd olunmuş şəxsin adı, atasının adıl, və soyadı “X7” kimi qeyd edilsə də, şəxsiyyətini təsdiq edən sənəddə “X6” kimi qeyd edilmişdir. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında”12 aprel 2019cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Ərizəçi həmin maddənin göstərişinə istinad edərək xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Ərizədə qeyd olunan sənədlərin ərizəçiyə məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən faktı müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” (JN-1757B, KOD ********) xx.xx.1938ci il təvəllüdlü X3 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar