Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5595/2023 31.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi, Maraqlı şəxs3 iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs1, Maraqlı şəxs3, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi sonradan tələbini dəqiqləşdirməklə məhkəməyə müraciət edərək, məhkəmədən övladı xx.xx.2013-cü il təvəllüdlü X4 doğulması faktının müəyyən edilməsi, uşaq qrafasında “Cəfərov Yahya”, atası “Maraqlı şəxs3”, anası “Ərizəçi” və xx.xx.2016-cı il təvəllüdlü X7 doğulması faktının müəyyən edilməsi, atası “Maraqlı şəxs3, anası “Ərizəçi” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs3 ilə faktiki nikaha münasibətlərində olmuş və 2012-ci ildə Suriyaya getmişlər. xx.xx.2013-cü il tarixdə oğlu X9 doğulmuşdur. Onun atası Maraqlı şəxs3 həbs olunmuş və Azərbaycan Respublikasına gətirilmişdir. Bundan sonra o başqa şəxslə faktiki nikahda olmuş və xx.xx.2016-cı il tarixdə qızı Cəfərova Həcər doğulmuşdur. O və uşaqları xx.xx.2023-cü il tarixdə Azərbaycana qayıtmışdır. Ankara səfirliyi tərəfindən onlara qayıdış şəhadətnaməsi verilmişdir. Hazırda uşaqlarının doğum haqqında şəhadətnamələri yoxdur və buna görə də hüquqlarının təmin edilməsini həyata keçirə bilmir. Maraqlı şəxs1 doğum haqqında şəhadətnamə verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat vermiş və bundan əlavə bildirmişdir ki, uşaqları Suriyada tibb müəssisəsində dünyaya gəlmiş və ona bu barədə sənəd verilmişdir. Lakin həmin sənəd əsir düşərgəsində(Hol adlı) kürdlər tərəfindən ondan alınmışdır. İkinci uşağın atasının ordakı təxəllüsü Məhəmmədiydi, əsl adını bilməmişdir. Həmin şəxs vəfat etmişdir.
4. Məhkəmə iclaslarında iştirak edən Maraqlı şəxs3 izahatında bildirmişdir ki, ərizəçinin bildirdikləri həqiqətə uyğundur. Belə ki, o 2013-cü ilin avqust ayında İran İslam Respublikasında tutulmuşdur və 2014-cü ildə Azərbaycana gətirilməklə 7 il 6 ay 15 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yahya onun oğludur və bunu qəbul edir, digər uşağın isə atası kimi yazılmasına etiraz etmir.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 rəisi X3 bildirmişdir ki, ərizənin tam təmin olunmasına, bu mümkün olmadıqda isə yalnız uşaqların doğum faktının müəyyən edilməsinə etiraz etmirlər.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxs Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X11 ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirmiş və məhkəmə ünvanladığı elektron müraciətində isə Maraqlı şəxs3 vətəndaşlığının itirilməsi ilə bağlı müraciətlərinin olmadığını və hazırda həmin şəxsin adına aktiv şəxsiyyət vəsiqəsinin olduğunu qeyd etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
7. Ərizəçi xx.xx.1997-ci il tarixdə doğulmuş və atası X2 milliyəti “azərbaycanlı”, anası X1 milliyəti “azərbaycanlı”-dır.
8. Hazırda doğum faktının müəyyən edilməsi başlıqlı ərizə ilə məhkəməyə müraciət etsə də, faktiki olaraq onun tələbi uşaqların anadan mənşəyinin, atalığın etiraf olunması faktının, atalığın müəyyən edilməsindən ibarət olmaqla 2 faktın və atalığın müəyyən edilməsini xahiş etmişdir.
9. Belə ki, ərizədən və proses iştirakçılarının münasibətlərindən aydın olur ki, Ərizəçi ilə Maraqlı şəxs3 arasında rəsmi nikah qeydə alınmamış və faktiki nikah münasibətlərində olmuşdur. Onlar 2012-ci ildə məlum məsələlərlə bağlı Suriyaya getmişlər və ərizəçinin hamilə olduğu vaxtda, yəni 2013-cü ilin avqust ayında Maraqlı şəxs3 İran İslam Respublikasında tutulmuşdur. xx.xx.2013-cü il tarixdə isə ərizəçinin bildirdiyinə görə oğlu Yahya doğulmuşdur. Uşaq tibb müəssisəsində doğulmuş və ona bu barədə sənəd verilmişdir. Daha sonra ərizəçi Suriyada Məhəmməd adlı şəxslə faktiki nikahda olmuş və ondan xx.xx.2016-cı il tarixdə Həcər adlı qızı dünyaya gəlmişdir. Həmin şəxs vəfat etmişdir. Həcər adlı qızı da tibb müəssisəsində doğulmuş və bu barədə ona sənəd verilmişdir. Lakin olkəyə qayıdarkən ondan həmin sənədlər alınmışdır. Azərbaycanın Ankara səfirliyindən onlara qayıdış şəhadətnaməsi verilərkən uşaqların doğum tarixləri onun məlumatına əsasən qeyd edilmişdir.
10. Məhkəmə iclaslarında iştirak etmiş Maraqlı şəxs1 rəisi Tahirə Əsgərova uşaqların doğum faktlarının müəyyən edilməsinə etiraz etmədiyini və uşaqların atası barədə qeydlərin sonradan müəyyənləşdirilməsinin mümkün olduğunu bildirmişdir.
11. Məhkəmə iclaslarında iştirak edən Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X11 ərizənin təmin olunmasına etiraz etməmiş və əlavə olaraq bildirmişdir ki, Maraqlı şəxs3 vətəndaşlığının itirilməsi ilə bağlı müraciətləri olmamış və hazırda həmin şəxsin adına aktiv şəxsiyyət vəsiqəsi vardır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
12. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
13. 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.
14. 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.
15. 44.4-cü maddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur.
16. 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.
17. 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.
18. 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.
19. 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
20. 53.5-ci maddəsinə əsasən atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir.
21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
22. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir;
23. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır;
24. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın;
25. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir;
26. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir;
27. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydalarının 2.6-cı maddəsində qeyd edilmişdir ki, Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 2.8.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 2.8.1ci maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir.
29. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.
30. Bundan əlavə həmin Plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər.
31. İşin müəyyən edilmiş halları baxımından məhkəmə o qənaətə gəlir ki, ərizə qismən əsaslıdır.
32. Ərizənin qismən əsaslı olduğu hissə uşaqların anadan mənşəyinin müəyyən edilməsi, yəni doğum faktının müəyyən edilməsi ilə bağlıdır. Belə ki, uşaqların anadan mənşəyi işin müəyyən edilmiş faktiki halları ilə təsdiq olunur. Çünki həmin illərdə baş verən məlum hadisələr nəzərə alındıqda uşaqların anadan mənşəyinin başqa qaydada müəyyən edilməsi mümkün deyildir. Bu əsasla məhkəmə o qənaətə gəlir ki, həm ərizəçinin, həm də Maraqlı şəxs3 izahatlarında göstərilən dəlillər digər sübutlarla yanaşı yoxlanıldıqda iş üçün əhəmiyyətli sübut kimi qiymətləndirilməlidir. Belə ki, Həcər və Yahya adlı uşaqların Suriyada və hazırda ərizəçinin himayəsində olması və onlara Xarici İşlər Nazirliyi tərəfindən verilən qayıdış şəhadətnamələri uşaqların anadan mənşəyinin müəyyən edilməsi və doğum faktının müəyyən edilməsi baxımından sübut əhəmiyyəti kəsb edir və ərizəçinin və maraqlı şəxsin dəlillərini təsdiq edir.
33. Məhkəmə ərizəni digər hissədə ona görə əsaslı hesab etmir ki, əvvəla xx.xx.2013-cü il tarixli uşağın atası sağdır və maraqlı şəxs qismində cəlb edilməklə həmin halı mübahisələndirmir. Bundan başqa Ailə Məcəlləsinin 45.1-ci maddəsinin tələbi baxımından uşaq aralarında nikah olmayan şəxslərdən olduqda atalıq uşağın atasının ərizəsi əsasında müəyyən edilə bilər. Bununla yanaşı qeyd edilməlidir ki, həmin hal mübahisə doğursaydı qeyd edilən tələbə iddia icraatı qaydasında baxılmalı idi.
34. Digər hissə ilə bağlı, yəni xx.xx.2016-cı il tarixli uşağın atası qrafasında başqa şəxsin qeyd edilməsi isə ona görə mümkün deyildir ki, əvvəla uşağın atalığının tanınması faktı və ya atalıq müəyyən edilməmişdir. Çünki ərizəçi özü də etiraf edir ki, uşağın atası qrafasında yazılmasını xahiş etdiyi şəxs uşağın bioloji atası deyildir. Bu halda, yəni atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Göründüyü kimi uşağın anadan mənşəyinin müəyyən edilməsindən sonra ata qrafasında ananın göstərişi ilə istənilən şəxsin qeyd edilməsi mümkündür və uşağa atası olmayan başqa şəxsin soyadının verilməsi isə övladlığa götürmə ilə mümkündür.
35. Göstərilənlər baxımından məhkəmə o qənaətə gəlir ki, uşağın anadan mənşəyi müəyyən edilməli və ərizə digər hissədə təmin edilməməlidir.
36. Uşağın anasının milliyyətinin azərbaycanlı olması isə mülki iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən edilir. Tətbiq edilən prosessual normalar:
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
38. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
39. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
40. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
41. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
42. Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Yahya adlı kişi cinli uşağın xx.xx.2013-cü il tarixdə və Həcər adlı qadın cinsli uşağın xx.xx.2016-ci il tarixdə xx.xx.1997-ci il təvəllüdlü milliyəti “azərbaycanlı” olan Azərbaycan Respublikası vətəndaşı Ərizəçi Suriyada doğulmaları faktı müəyyən edilməli, ərizə digər hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
43. Qeyd olanlara və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə qismən təmin edilsin. Yahya adlı kişi cinli uşağın xx.xx.2013-cü il tarixdə və Həcər adlı qadın cinsli uşağın xx.xx.2016-ci il tarixdə xx.xx.1997-ci il təvəllüdlü milliyəti “azərbaycanlı” olan Azərbaycan Respublikası vətəndaşı Ərizəçi Suriyada doğulmaları faktı müəyyən edilsin. Ərizə digər hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev