Məhkəmə qərarları › İş №2(001)-5599/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5599/2022

10.11.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5599/2022 10.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdehlər “Ə.D.Məlikov adına X15” PHŞ və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ-yə qarşı “tibb işçilərinin əməkhaqlarına hesablanan müddətli əlavənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Ə.D.Məlikov adına X15” PHŞ və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ-yə qarşı “tibb işçilərinin əməkhaqlarına hesablanan müddətli əlavənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının cavabdehlər tərəfindən yeni növ koronovirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edildiyi 2021-ci ilin sentyabr və oktyabr ayları üzrə aylıq vəzifə (tarif) maaşının 5 mislindək miqdarda əmək haqqının müddətli əlavələrin hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə AR Səhiyyə Nazirliyi Ə.D.Məlikov adına X13 PHŞ-də ştat cədvəlinə əsasən Modul Tipli X6 həkim terapevt vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Lakin X13 ilə bağlanan əmək müqaviləsinə əsasən ona sentyabr və oktyabr aylarının Covid-19-la işlədiyi dövr üçün 5 qat əlavə verilməmişdir. Bu barədə cavabdehə müraciət etsə də, müraciəti nəticəsiz qalmışdır. Bundan sonra X9 Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, xx.xx.2022-ci ildə ona cavab olaraq bildirilmişdir ki, yeni növ koronovirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqqlarına müddətli əlavələrin müəyyən edilməsi barədə AR Nazirlər Kabinetinin Qərarının tələblərinə riayət edilməmiş, onun əmək haqqısına əlavənin ödənilməməsi səbəbindən müəssisənin vəzifəli şəxsi barəsində AR İXM 192.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdə MN1065507 nömrəli inzibati xəta haqqında qərar qəbul edilmiş və cavabdehdən iddiaçının əmək haqqına əlavənin ən qısa müddətdə ödənilməsi tapşırılmışdır. Lakin cavabdeh pulu ödəmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, mübahisələndirdiyi aylar üzrə əmək haqqı alsa da, əlavənin ödənilmədiyini bildirərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Ə.D.Məlikov adına X15” PHŞ-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı X5 təşkil edilmiş modul tipli xəstəxanaya işə cəlb edilmiş və onunla xx.xx.2021 -ci il tarixində 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi hər dəfə 3 ay müddətinə uzadılmış və xx.xx.2021-ci il tarixində müqaviləyə müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. İddiaçı xəstəxanada işlədiyi müddət ərzində əməkhaqına müddətli əlavələr hesablanaraq ödənilmişdir. 2021 -ci ilin avqust ayı ərzində kollektiv üzvlərindən onun davranışı barədə şikayətlər daxil olmuş, kollektivdə dəfələrlə münaqişə və narazılıq yaratmışdır. Bundan sonra iddiaçı 2021-ci ilin sentyabr və oktyabr ayları ərzində işə gəlməmiş, xəstələrə heç bir stasionar tibbi xidmət göstərməmiş bu səbəbdən onun əmək haqqına müddətli əlavələr ödənilməmişdir. Məsələ ilə bağlı İddiaçı 2021-ci ilin sentyabr və oktyabr ayları ərzində işə gəlməməsi ilə bağlı tərəfimizdən müvafiq akt tərtib edilmişdir. 2022-ci ilin aprel ayında İddiaçı əmək haqqına müddətli əlavələrin ödənilməməsi ilə bağlı X12 Xidmətinin Bakı şəhər idarəsinə müraciət etmişdir. DƏMX-nin Bakı şəhər idarəsində İddiaçı əmək haqqına 2 aylıq müddətli əlavənin ödənilməməsinin səbəbi kimi 2021-ci ilin sentyabr və oktyabr aylarında işə gəlmədiyi bildirilmiş, bununla bağlı modul tipli xəstəxanaya aid işçilərin davamiyyət jurnalı və digər sənədlər (izahatlar, aktlar və s.) təqdim olunmuşdur. Həmin jurnalda iddiaçının sentyabr və oktyabr ayları ərzində işə gəlmədiyi faktı öz təsdiqini tapsa da, buna baxmayaraq DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən xəstəxananın vəzifəli şəxsi barəsində İddiaçı əmək haqqına 2 aylıq əlavələrin ödənilməməsi ilə bağlı İXM-nin 192.4cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərəzli və əsassız qərar qəbul edilmişdir. DƏMX-nin Bakı şəhər idarəsinin inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(001)-1456/2022 nömrəli Qərarına əsasən inzibati iş üzrə icraata xitam verilmiş və DƏMX-nin Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi PHŞ-nin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, xəstəxanada çalışan işçinin işinə xitam verilən zaman onlarla razılaşdırılmalıdır. İddiaçı 2021-ci ilin sentyabr və oktyabr ayları ərzində işə gəlməmiş və onlar iddiaçının həkim vəzifəsində çalışdığını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarmamış, iddiaçının əmək müqaviləsinin bitməsinə 2 ay qaldığı üçün həmin müddəti gözlədikdən sonra əmək müqaviləsinə xitam vermişlər. Bundan başqa tibb işçilərinin əmək haqqlarına müddətli əlavələrin ödənilməsi ilə bağlı qeyd etmişdir ki, işlədiyi dövrdə, iş vaxtına mütənasib aylıq vəzifə maaşının 5 misli məbləğində ödənilir, lakin işçi yarım gün işlədiyi zaman ona 2.5 misli ödənilir. Hal-hazırda iddiaçı işləmədiyi dövr ərzindəki pul məbləğini istəyir. İş materiallarında olan: - AZ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı ünvanlanmış məktubda bildirilmişdir ki, “Ə.D.Məlikov adına X17” publik hüquqi şəxs tərəfindən təqdim edilən məlumatda onun 50 K nömrəli xx.xx.2021-ci il tarixl əmrə əsasən müddətli əmək müqaviləsi əsasənda X6 işə qəbul edilmiş və əmək müqaviləsinin müddətinin hər biri 3 ay olmaq şərtilə 3 dəfə uzadıldığı bildirilmişdir. Məlumatda həmçinin xx.xx.2021-ci il tarixində onun bağlanmış müddətli əmək müqaviləsinə müddətin bitməsi səbəbindən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verildiyi qeyd edilmişdir. Əlavə olaraq məlumatda onun müvafiq tibb müəssisəsində işlədiyi dövrdə bir neçə dəfə nöqsana yol verdiyi və bununla bağlı xəbərdarlıq edildiyi qeyd edilmişdir. - AR ƏƏSMN yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı ünvanlanmış məktubda bildirilmişdir ki, “Ə.D.Məlikov adına X15” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş sənədlərdə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə 76-K nömrəli əmrlə o, müalicə işlərindən uzaqlaşdırılmış və həmin müddət ərzində yeni nov koronavirus (covid-19) infeksiyası ilə mübarizə tədbirlərinində iştirak edən tibb işçilərinin əmək haqqlarına müddətli əlavənin müəyyən edilməsi barədə AR Nazirlər Kabinetinin Qərarının tələblərinə riayət edilmədən 2021-ci ilin sentyabr və otkyabr ayları üzrə əmək haqqına müvafiq əlavə ödənilməmişdir. Halbuki əmək qanunvericiliyində işçinin işdən uzqlaşdırılması nəzərdə tutulmamış, işdən kənarlaşdırılması isə qanunvericlikdə konkret hallar üzrə müəyyənləşdirilməmişdir. Eyni zamanda onun bağlanmış müddətli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Əmək haqqının müddətli əlavənin ödənilməməsi səbəbindən müəssisənin vəzifəli şəxsi barəsində AR İXM-nin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Qərar qəbul edilmiş və “Ə.D.Məlikov adına X15” PHŞ-in rəhbərliyinə əmək haqqının qanunvericiliyin tələblərinə uyğun olaraq ən qısa zamanda hesablanıb ödənilməsinin təmin edilməsi barədə məktub göndərilmişdir. - “Ə.D.Məlikov adına X15” PHŞ tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı ünvanlanmış məktubda bildirilmişdir ki, pandemiyaya qarşı mübarizə çərçivəsindən X5 təşkil edilmiş modul tipli xəstəxanada çalışan işçilərin ödənişləri Bakı Baş Səhiyyə idarəsi tərəfindən həyata keçirilmişdir. Sonuncu dəfə sentyabr ayında onun hesabına 1574,08 manat məbləğində (vergi və s. ödənişlər tutulmaqla) əmək haqqına əlavələr ödənilmişdir. - aktlardan və izahatlardan görünür ki, İddiaçı müvafiq tibb müəssisəsində işlədiyi dövrdə bir neçə dəfə nöqsana yol verməsi barədə aktlar tərtib edilmiş və bununla bağlı xəbərdarlıq edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1456/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB “Ə.D.Məlikov adına X15” publik hüquqi şəxsin direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Ximdətinin Bakı şəhər idarəsinin 26 aprel 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; -Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti 1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; -Maddə 154. Əmək haqqı 1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. -Maddə 157. Əməyin ödənilməsi sistemi və növləri 5. Əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. -Maddə 172. Əmək haqqının verilməsi müddətləri 1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. -Maddə 173. İşçilərin haqq-hesab sənədləri 1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. 2. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli, 1947 №-li Sərəncamı: - 1. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3– 5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilsin. -2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etsin; 2.2. yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etsin. “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 №-li Qərarı -1. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilsin: 1.1. tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; 1.2. təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X1 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində; 1.3. pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini 5 (beş) gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, iş materiallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə işində məsuliyyətsiz yanaşdığına və verilən tapşırıqları icra etmədiyinə, işində yol verdiyi nöqsanları aradan qaldırılması ilə bağlı verilən xəbərdarlıqlara məhəl qoymadığına görə müalicə işlərindən uzaqlaşdırılmış, sentyabr, oktyabr aylarında işə gəlməmiş, xx.xx.2021ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda 2021-ci ilin sentyabr, oktyabr ayları üçün əlavə əmək haqqı cədvəllərindən görünür ki, iddiaçı əlavə əmək haqqı almalı işçilərin sırasında qeyd olunmamışdır. Bundan başqa iddiaçı Abşeron Modul tipli xəstəxanada 2021-ci ilin sentyabr və oktyabr ayları ərzində müalicə işlərindən kənarlaşdırılması, bu müddət ərzində işə gəlməməsini xx.xx.2021-ci il tarixli akt da təsdiq edir. İddiaçı Abşeron Modul tipli xəstəxanada 2021-ci ilin sentyabr və oktyabr ayları ərzində işdə olmaması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən olunan əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsini istisna edir. Çünki qeyd edilən əlavə Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində çalışan işçilərə şamil olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar