Məhkəmə qərarları › İş №2(001)-561/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-561/2021

23.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-561/2021 23.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 saylı evin 3a saylı mənzilinin 03.03.2020-ci il tarixdə vəfat etmiş mərhum X13 ilə əldə edilmiş birgə əmlak hesab edilməklə 2/3 hissəsinə payının müəyyən olunmasına, mənzilin yaxşılaşdırılmasına sərf olunmuş 30000 manatın müştərək qaydada tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, 3 saylı Bakı Asan xidmət mərkəzinə qarşı ünvan 1 saylı evin 3a saylı mənzilinə vərəsəlik hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Daha sonra İddiaçı iddia tələblərini dəqiqləşdirərək ünvan 1 saylı evin 3a saylı mənzilinin 03.03.2020-ci il tarixdə vəfat etmiş mərhum X13 ilə əldə edilmiş birgə əmlak hesab edilməklə 2/3 hissəsinə payının müəyyən olunmasına, mənzilin yaxşılaşdırılmasına sərf olunmuş 30000 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə 15.10.2020-ci il tarixinə təyin olunan məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərk izahatında göstərmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun mərhum əri X7 qardaşlarıdır. Q.A.Orucov 03.03.2020-ci il tarixdə ölmüşdür. Mübahisənin aid olduğu ünvan 1 ünvanda yerləşən yaşayış evinin 3a saylı mənzili mülkiyyət hüquqları əsasında son olaraq əri mərhum Q.A.Orucova məxsus olmuşdur. Mərhum Q.A.Orucovla nikahları 26.07.1997-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 352 sayla qeyd edilmişdir. Həmin vaxtdan ölən günə kimi onlar birgə yaşamış, birgə təsərrüfat aparmışlar. Əri Q.A.Orucov Qarabağ müharibəsi veteranı olmaqla İİ qrup əlil olmuşdur. O, da İ qrup əlildir. Əri Q.A.Orucov 120 manat pensiya alırdı. Ərinin müharibə veteranı olduğunu nəzərə alınaraq, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 769 saylı 08.08.1998-ci il tarixli sərəncamına əsasən ona ünvan 1 saylı evdə yerləşən sahəsi 12,35 m2 olan 14 saylı bir otaqlı xidmət mənzili verilmişdir. Bir müddət həmin mənzildə yaşadıqdan sonra Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 306 saylı 01.05.2001-ci il tarixli sərəncamına əsasən, məhz onun İ qrup əlil olması nəzərə alınaraq, ünvan 1 saylı evdə yerləşən sahəsi 27,5 m2 olan 3a saylı iki otaqlı xidməti mənzil onlara ayırmış və mənzilə dair orderə hər ikisinin adı qeyd edilmişdir. Order veriləndən sonra onlar həmin mənzilə köçmüş daha sonra əlavə tikintilər inşa edərək, mənzilin sahəsini 64,08 m2 çartdırmışlar. Mənzilin təmirinə onlar bir yerdə xərc çəkmişlər. Cavabdeh2 usta olduğundan mənzilin təmirini Məhərrəm və dəvət etdikləri digər ustalar etmişlər. Mənzilin təmiri onun İ qrup əlil olması nəzərə alınmaqla aparılmışdır. Mənzildə mətbəx və mebellərin ölçüləri ona görə düzəldilmiş, İ qrup əlil olduğu üçün evdə liftdə quraşdırılmışdır. Mənzilə mülkiyyət hüququ onun icazəsi ilə mərhum Q.A.Orucovun adına 25.07.2006-cı il tarixdə qeydiyyata alınmış və bu barədə onun adına çıxarış verilmişdir. 2001-ci ildən onlara ayrılan 3a saylı mənzildə Q.A.Orucovla ölən gününə kimi birgə yaşamış, birgə təsərrüfat aparmış, ərinin ölümündən sonra o, həmin mənzildə tək yaşayır. Ərim öləndən sonra onun dəfnini və yas mərasimlərini, məzar daşını o, öz xərci ilə etmişdir. Mənzillə bağlı bütün kommunal xərcləri o, ödəyir. Mənzil şəraitlərini daha da yaxşılaşdırmaq üçün, İ qrup əlil kimi ayrıca mənzil almaq məqsədi ilə onlar öz aralarında boşanmanı rəsmiləşdirmək qərarına gəlmiş və bununla bağlı müraciətləri 1 saylı Asan xidmət mərkəzində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 01.10.2014-cü il tarixdə 56 nömrə ilə qeyd edilmiş və nikahın pozulması haqqında onlara şəhadətnamə verilmişdir. Lakin bu rəsmiləşdirmə formal xarakter daşımış, onlar olduğu kimi ər-arvad olaraq, bir ünvanda yaşamaqda və birgə təsərrüfat aparmaqda davam etmişlər. Bunu bütün qohum və tanışları bilmişdir. Birgə nikah və sonradan da birgə yaşayışdan övladları olmamışdır. Cavabdeh1 təxminən 22 ildir Rusiya Federasiyasında yaşayır. Mərhum ərinin qardaşları ilə münasibəti yaxşı olmamışdır. Formal boşanmanı bilən Cavabdeh2 və Cavabdeh1 bundan istifadə edərək 3a saylı mənzilə mərhumun qardaşı olaraq miras əmlaka paylarının tanınması üçün müraciət etmiş, 3 saylı Asan xidmət mərkəzi də onların müraciətini qəbul etmişdir. Bununla miras əmlakla bağlı mübahisə olduğu əsasdan vərəsəlik şəhadətnaməsinin notariat qaydasında alınması mümkün deyildir. Ona görə də ünvan 1 saylı evin 3a saylı mənzilinə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, üzərində vərəsəlik hüququnun tanınması tələb olunan ünvan 1 saylı evdə yerləşən sahəsi 27,5 m2 olan 3a saylı iki otaqlı mənzilin adına rəsmiləşdirilmiş X13 ilə iddiaçının rəsmi nikahı sonradan pozulsa da, həmin mənzili birgə-yaşayış müddətində əldə etməklə, iddiaçının şəxsi vəsaiti hesabına əlavə tikililər aparılmaqla, mənzilin sahəsi artırılmışdır. Daha sonra da iddiaçı şəxsi vəsaiti hesabına mənzili təmir etdirməklə mənzilin sahəsində və dəyərində əsaslı dəyişiklər edilmişdir. Mənzildə 2016- 2018-ci illərdə aparılmış yenidən qurma və təmir işlərinə 30000 manat iddiaçının vəsaiti sərf edilmişdir. İddiaçı ADA universitetində işləyir, əmək haqqından əlavə pensiya alır. Bundan əlavə iddiaçı təmir ərəfasində banklardan kreditlər götürmüşdür. Bütün bu vəsaitlər mənzilin təmirinə sərf olunmuşdur. Mənzildə bütün şərait iddiaçı və onun əri üçün təşkil olunmuş, çünkü iddiaçı əlil arabasında olduğu üçün mənzilə daxil olmaq, otaqlarda geniş, arabanın hərəkəti üçün, məsafələr və vanna otağına qiriş çıxışı məsafəsi bu arabaya uyğunlaşdırılmışdır. Bu baxımdan miras əmlaka digər vərəsələrin payı müəyyən edilərkən, həmin mənzil miras qoyanla iddiaçının birgə əmlakı hesab edilməli və mənzilin çox hissəsində iddiaçının payı müəyyən edilməklə, həmin əmlakın yaxşılaşdırılmasına iddiaçı tərəfindən qoyulmuş 30000 manat tam şəkildə iddiaçıya aid olduğundan, digər vərəsələrdən iddiaçının xeyrimə tələb olunmalıdır. Ona görə də ünvan 1 saylı evdə yerləşən 3a saylı mənzilin 03.03.2020-ci il tarixdə ölmüş mərhum X13 ilə idiaçının əldə edilmiş birgə əmlak hesab edilməsinə, sağlığında X7 adına olan ünvan 1 saylı evdə yerləşən sahəsi 27,5 m2 olan 3a saylı iki otaqlı mənzilin 2/3 hissəsinə payın Salamova (Orucova) Gültəkin Arif qızına müəyyən olunmasına, qeyd olunan miras əmlakın mənzilin yaxşılaşdırılmasına iddiaçı tərəfindən sərf olunmuş 30000 manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə 15.10.2020-ci il tarixinə təyin olunan məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı mərhum əri Q.A.Orucov onun doğma qardaşıdır. O, 22 il Rusiya Federasiyasında yaşayıb, işləmiş, hər il 1-2 dəfə Bakıya gəlib-getmiş, qardaşının İİ qrup əlil olduğu nəzərə alınaraq, ünvan 1 saylı evin 3-a saylı iki otaqlı mənzili dövlət tərəfindən verilmişdir. Mənzilin təmirini mərhum qardaşının pulu ilə digər qardaşı Cavabdeh2 etmişdir. Qardaşı Q.A.Orucovla iddiaçının nikahı 14.10.2014-cü il tarixdə ləğv edilmiş, 03.03.2020-ci il tarixdə isə qardaşı vəfat etmişdir. Qardaşı vəfat edən zaman iddiaçı ilə rəsmi nikahı olmamışdır. Lakin buna baxmayaraq o, iddiaçının həmin mənzildə yaşamasına razıdır. İddiaçı qanun üzrə vərəsə sayıla bilməz. Ona görə də, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 vəkili X5 Cavabdeh1 izahatını təsdiq edərək əlavə olaraq izahatında göstərmişdir ki, MM-nin 1163-cü maddəsinin tələblərinə əsasən nikahı ləğv edilmiş ər-arvad bir-birinin vərəsəsi ola bilməz. İddiaçı ilə Q.A.Orucovun nikahı 2014cü ildən pozulduğundan, mənzil 2016-cı ildən sonra təmir olunduğundan bu əmlak onların birgə nikahlarında əldə olunan əmlak kimi qəbul edilə bilməz. Cavabdehlər mirası hələ qəbul etmədiklərindən iddiaçının onlardan mənzilin təmir xərclərini tələb etməsinə dair iddia tələbi də əsassızdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Q.A.Orucov onun doğma qardaşıdır. Valideynləri vəfat etmiş, mərhum Q.A. Orucovun vərəsələri o, və qardaşı Cavabdeh1dur. Qardaşına ayrılan ünvan 1 saylı evin 3a saylı mənzili əvvəl iki otaq olmuş, sonra qardaşı mənzili artırmaq qərarına gəlmişdir. Qardaşı İİ qrup əlil kimi pensiya almış, bundan başqa Əlillər cəmiyyətinin sədri kimi hər ay 1000 manat pul almışdır. Mənzildə təmir işləri 2016-2018-ci illərdə aparılmışdır. O, usta olduğundan qardaşı təmir işlərini ona həvalə etmiş, təmirin pulunu ona qardaşı vermişdir. O, ucuz ustalar taparaq mənzili təmir etdirmişdir. Qardaşı və iddiaçı əlil olduqlarına görə qardaşının sifarişi ilə o, evə lift qoymuşdur. Qardaşının müalicəsi də o, məşğul olmuş, bütün əziyyətini çəkmişdir. Qardaşı iki gün komada olduqdan sonra vəfat etmişdir. O, uzun müddətdir yataqxanada yaşayır. Uzun müddət Rusiyada yaşayan qardaşı Cavabdeh1 isə mənzili yoxdur. İddiaçı son 6-7 ildə ADA universitetində kitabxanaçı işləyir. O, iddiaçının mənzildə yaşamasına etiraz etmir, lakin iddiaçı qardaşının vərəsi ola bilməz. Mənzildə təmir işləri onun qardaşının vəsaiti hesabına onun tərəfindən aparıldığından iddiaçının digər tələbləri də əsassızdır. Ona görə də, iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MM-nin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Həmin Məcəllənin 1159.2.-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş 26.07.1997-ci il tarixli № Vİİ-JQ № 342912 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 ilə İddiaçı 26.07.1997-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 352 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Orucova soyadı verilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 01.05.2001-ci il tarixli 306 saylı sərəncamının təsdiq olunmuş surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məktubla Bakı şəhəri Binəqədi RİH-yə müraciət edərək Nazirliyin Kollegiyasının 11.02.1998-ci iltarixli 4-9 saylı qərarı ilə 1997-ci ildə nazirliyin sifarişi ilə 6-cı mik, M.Kazımovski küçəsində istifadəyə verilmiş 81 mənzilli 16a saylı yaşayış binasındakı 1 otaqlı sahəsi 12,35 m2 olan 14 saylı mənzil İİ qrup Qarabağ əlili X10 ayrılmış və ona order verilmişdir. Q.A.Orucov nazirliyə müraciət edərək həmin mənzildə İ qrup əlil həyat yoldaşının əlil arabasında hərəkət etməsinin çətin olduğunu bildirib həmin binada xidməti otaq kimi nəzərdə tutulan sahəsi 27,5 m2 olan 2 otağın onalara ayrılmasını xahiş etmiş, Nazirliyin yığıncağında 2 saylı protokolla Kazımovski küçəsi 16a saylı evin sahəsi 27,5 m2 olan 2 oataqlı 3a saylı mənzilinin xidməti mənzil kimi Q.A.Orucova verilməsi və həmin mənzilə order yazılması qərara alınmışdır. Qeyd olunanlara əsasən Q.A. Orucova mənzil verilməsi haqqında 08.08.98-ci il tarixli 769 saylı sərəncam və 040227 saylı order etibarsız hesab edilmiş, Q.A.Orucovun adına verilmiş Kazımovski küçəsi 16a saylı evin sahəsi 27,5 m2 olan 2 otaqlı 3 a saylı mənzilinə xidməti order verilməsi, orderdə X7 və X2 adının yazılması qərara alınmışdır. 01.05.2001-ci il tarixli 035471 saylı orderin surətindən müəyyən olunur ki, ünvan 1 saylı evin 3a saylı mənzili Q.A.Orucova h/yol. İddiaçı ilə birlikdə ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* saylı 25.07.2006-cı il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 1 saylı evin 3a saylı mənzili tam mülkiyyət hüququ ilə X7 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 131 nömrəli reyestr kitabının 11945 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidmətinin 1saylı Bakı Ərazi İdarəsinin 14.10.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, ünvan 1 saylı evin 3a saylı mənzili 25.01.2006-cı il tarixli 10 nömrəli forma 2 arayışına, ******* nömrəli 02.05.2001-ci il tarixli orderə, X1 və X4 razılıq ərizələrinə əsasən 25.07.2006-cı il tarixdə X7 adına ilkin qeydiyyatdan keçmiş və hazırda adınadır. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş 01.10.2014-cü il tarixli AZ-İ № 200340 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X13 ilə X8 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 01.10.2014-cü il tarixdə 56 saylı qeyd aparılmış, nikah pozulduqdan sonra arvada Salamova soyadı verilmişdir. 3 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş 10.03.2020-ci il tarixli AZ-İİ № 078675 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 03.03.2020-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 10.03.2020-ci il tarixdə 552 nömrəsi ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi rayon MKTB 79 saylı MKİS-nin 314 saylı 10.08.2020-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı ünvan 1 saylı evin 3a saylı mənzilində 28.06.2001ci il tarixdən qeydiyyatdadır, mərhum X13 həmin mənzildə 28.06.2001-ci il tarixdən ölümünədək qeydiyyatda olmuş və birgə yaşamışlar. Bakı şəhəri Binəqədi rayon MKTB 79 saylı MKİS-nin 116 saylı 11.03.2020-ci il tarixli arayışının surətindən müəyyən olunur ki, mərhum X13 ünvan 1 saylı evin 3a saylı mənzilində 28.06.2001-ci il tarixdən qeydiyyatda olmuş, dəfn mərasiminin xərcini h\y İddiaçı çəkmişdir. 000288 saylı 20.02.2017-ci il tarixli vəsiqənin surətindən müəyyən olunur ki, İddiaçı İ qrup əlildir. Orucov tərəfindən imzalanması qeyd olunan 05.12.2015-ci il tarixli qəbzin surətindən müəyyən olunur ki, qəbzdə aşağıdakı məzmunda ifadələr yazılmışdır: “X6 özümdə olan mülkiyyətimi və digər həvalə edirəm Orucova Gültəkinə” Bank VTB (Azərbaycan) ASC-nin 14.10.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Bank VTB (Azərbaycan) ASC ilə bağladığı 05.05.2014-cü il tarixli 124343-CNS- 4277 saylı nəğd pul krediti müqaviləsi üzrə İddiaçı 36 ay müddətinə, illik 20% olmaqla 6540 ABŞ dolları, 02.10.2015-ci il tarixli 124343 CNS-19162 saylı nəğd pul krediti müqaviləsi üzrə 36 ay müddətinə, illik 29% olmaqla 6800 manat, 29.09.2014-cü il tarixli 124343 CNS-10695 saylı nəğd pul krediti müqaviləsi üzrə 36 ay müddətinə, illik 24% olmaqla 360000 rubl kredit vəsaiti verilmiş, bu müqavilələr üzrə öhdəliklər tam icra olunmuşdur. Bank VTB (Azərbaycan) ASC ilə İddiaçı arasında bağlanan 30.07.2018-ci il tarixli 124343-1-31332 saylı nəğd kredit müqaviləsi üzər 36 ay müddətinə, illik 22% olmaqla verilən 5000 manat kredit üzrə öhdəliyin icrası davam edir. 3 saylı Asan xidmət mərkəzində notariat ofisinin 30.09.2020-ci il tarixli 1077 saylı məktubuna əlavə olunan vərəsəlik işinin surətindən müəyyən olunur ki, mərhum X7 vərəsələrinin müraciəti əsasında 3 saylı Asan xidmət mərkəzində notariat ofisində 12.06.2020-ci il tarixdə V-191 reyestrli vərəsəlik işi açılmışdır. X3 09.03.2021-ci il tarixli 14 saylı rəyindən müəyyən olunur ki, ünvan 1 saylı evin 3a saylı mənzilində aparılan yenidənqurma və təmir işlərinə 30230 manat sərf olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.06.2021-ci il tarixli 10/3985 saylı rəyindən müəyyən olunur ki, ünvan 1 saylı evin 3a saylı mənzili üzrə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 29247,5 manat məbləğində müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə aradırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı X13 ilə 1997-ci ildə nikaha daxil olmuş, 2001-ci ildə Q.A.Orucova ailə üzvü İddiaçı ilə birlikdə ayrılan Bakı şəhəri Binəqədi rayonu Kazımovski Mirmahmud küçəsi 16 a saylı evin 3a saylı mənzili 2006-ci ildə İddiaçı razılığı ilə Q.A.Orucovun adına özəlləşdirilmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, İddiaçı ilə Q.A.Orucovun nikahı 2014-cü ildə pozulsa da, onlar ünvan 1 saylı evin 3a saylı mənzilində yaşamqda davam etmiş, 2016-2018-ci illərdə mənzil əsaslı təmir olunmuşdur. Azərbaycan Respublikası MM-nin 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ərarvad bir-birindən sonra vərəsə ola bilməzlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1.-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İddiaçı ünvan 1 saylı evin 3a saylı mənzilinin 03.03.2020-ci il tarixdə vəfat etmiş mərhum X13 ilə əldə edilmiş birgə əmlak hesab edilməklə 2/3 hissəsinə payının müəyyən edilməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mənzilə Q.A.Orucovun mülkiyyət hüququ əvəzsiz əqd əsasında yaranmış, mənzil nikah dövründə deyil, İddiaçı ilə Q.A.Orucovun nikahının pozulmasından sonra əsaslı təmir edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Azərbaycan Respublikası MM-nin 225.1.-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2.-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.4.-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı ünvan 1 saylı evin 3a saylı mənzilinə X7 mülkiyyət hüququnun əvəzsiz əqd əsasında yaranması, həmin mənzil nikah dövründə deyil, İddiaçı ilə Q.A.Orucovun nikahının pozulmasından sonra əsaslı təmir edilməsi müəyyən olunduğundan İddiaçı ünvan 1 saylı evin 3a saylı mənzilinin 03.03.2020-ci il tarixdə vəfat etmiş mərhum X13 ilə əldə edilmiş birgə əmlak hesab edilməklə 2/3 hissəsinə payının müəyyən olunmasına dair iddia tələbləri hüquqi əsası olmadığından təmin edilə bilməz. Məhkəmə iddiaçının mənzilin yaxşılaşdırılmasına sərf etdiyi 30000 manatın müştərək qaydada cavabdehlərdən onun xeyrinə tutulması tələbi ilə bağlı sübutlara hüquqi qiymət verib qeyd edir ki, iddiaçı mənzilin təmirinə sərf olunan bütün vəsaitin onun tərəfindən çəkilməsini iddia etsə də, bu halı təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehlər də eyni zamanda təmirə sərf olunan bütün vəsaitin mərhum qardaşları Q.A.Orucova məxsus olmasını bildirsələr də, bu halı sübuta yetirə bilməmişlər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla ünvan 1 saylı evin 3a saylı mənzilinin 2016-2018-ci illərdə təmir olunması, bu mənzildə daimi olaraq İddiaçı və mərhum Q.A.Orucovun yaması müəyyən olunduğundan məhkəmə hesab edir ki, təmirə çəkilən xərclərə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.06.2021-ci il tarixli 10/3985 saylı rəyi ilə müəyyən olunan məbləğin yarısı, yəni 14623,75 manatı, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmələri baradə ərizə veməklə mirası qəbul etmələrini təsdiq edən, məhrum Q.A.Orucovun vərəsələri olan cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2.-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada təmir xərclərinə görə 14623,75 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 14653,75 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar