Məhkəmə qərarları › İş №2(001)-5630/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5630/2020

05.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5630/2020 05.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 mənzil 57 ünvanında yerləşən mənzili xx xxxxxxxx 2019-cu il tarixdə notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehlərdən olan Cavabdeh1 150000 manata almış və xx xxxxxxxx 2019-cu il tarixdə sözü gedən mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal hazırda həmin mənzildə təmir işləri gedir. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı satılan mənzildən xx xxxxxxx 2019-cu il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüş, müqavilənin bağlanmasından hazırkı vaxta kimi həmin vəzifələr icra olunmamış, cavabdeh və onun ailə üzvləri bu günədək qeydiyyatdan çıxmamışlar. Cavabdehin ailə üzvləri mənzildən qeydiyyatdan çıxmaları barədə notarial təsdiqli yazılı ərizələr vermələrinə baxmayaraq cavabdehlərin həmin evdə pasport qeydiyyatında qalmaları iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında göstərdi ki, iddia tələbini qəbul edir. Belə ki, həmin mənzil onun atası tərəfindən iddiaçıya satılmış və alqı-satqı müqaviləsi bağlanarkən onun və ailə üzvlərinin razılığı alınmışdır. Sadəcə, onlar aldıqları evə qeydiyyata düşə bilmədiklərinə görə satılmış evdən qeydiyyatdan çıxa bilməyiblər. Hal-hazırda da ölkədə müharibə vəziyyəti olduğuna görə, aidiyyəti qurumlar qeydiyyatdan çıxarılmanı həyata keçirmirlər. Bu yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh1 ilə İddiaçı arasında ünvan 2 mənzil 57 ünvanında yerləşən daşınmaz əmlak barədə bağlanmış və müqavilənin 13-cü bəndinə əsasən, Cavabdeh1 xx.xx.2019-cu il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmaq öhdəliyini üzərinə götürmüşdür. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 mənzil 57 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2019-cu il tarixdən İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 mənzil 57 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan notariat işinin materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh2 və Cavabdeh3 ünvan 2 mənzil 57 ünvanında yerləşən daşınmaz əmlakın satılmasına dair razılıq ərizələri alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə müvafiq olaraq, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə müvafiq olaraq, şəxs yaşayış yerini dəyişdikdə ... yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə ... müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanına istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanına istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar