Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5644/2023 23.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “yetkinlik yaşına çatmayan övladı ilə birlikdə mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yetkinlik yaşına çatmayan övladı xx.xx.2007-ci il təvəllüdlü X5 ilə birlikdə xüsusi mülkiyyətində olan evə, yəni Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, ev 58, mənzil 33-ə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2006-cı il tarixində nikah qeydiyyatından keçib ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü oğlu X5 anadan olmuşdur. Cavabdeh ona mütəmadi şiddət göstərmiş, dəfələrlə azyaşlı oğlunun gözü qarşısında ona əzab vermiş, hətta oğlunu da şiddət göstərmiş, lakin o, övladının xətrinə dözmüşdür. Ona verdiyi əzabın və şiddətin nəticəsində xərçəng xəstəliyinə tutulmuş, hal-hazırda ağır vəziyyətdədir, 17 kimiya almışdır. Cərahiyyə əməliyyatı keçirtmiş, 20 radio terapiya(şüa) alır. Sonuncu dəfə, yəni 14 fevral 2023-cü il tarixində yenidən ona şiddət göstərmiş, onu yenə oğlunun yanında döymüş, öldürəcəyi ilə hədələmiş, hansı səbəbdən xəstəliyi ilə bağlı xəstəlik vərəqəsi üzrə aldığı pulu verməyi gecikdirdiyini araşdırmağa başlamış və onu yetkinlik yaşına çatmayan oğlu ilə birlikdə ona məxsus xüsusi mülkiyyəti olan Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, ev 58, mənzil 33-dən qovmuşdur. Onun bu fiziki zorakılığına və psixoloji iztirablarına dözməyərək Zəngilan rayon Polis İdarəsinə və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə dəfələrlə müraciət etmişdir. Artıq münaqişəli ailə kimi polisə qeydiyyata alınmışlar. 13 iyul 2023-cü il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə aralarındakı nikah ləğv edilmiş, yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü oğlu X5 onun himayəsində saxlanılmışdır. Ha-hazırda oğlu ilə birlikdə hər gün bir qohumunun evində qalır. Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, ev 58, mənzil 33 onun xüsusi mülkiyyətidir. DƏDRX-də onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Hesab edir ki, oğlu ilə birlikdə o, həmin mənzilə, yəni Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, ev 58, mənzil 33-ə köçürülməlidir. Cavabdeh 02 oktyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, hazırki iddiaçı ilə onun arasında “əmlak bölgüsü” tələbinə dair mülki iş vardır. Həmin iş yekunlaşıb əmlaklar bölünəndən sonra iddiaçının gəlib mənzildə yaşamasına etiraz etmir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etdiyini və iddiaçı ilə onun arasında olan əmlak bölgüsü tələbinə dair mülki iş yekunlaşdıqdan sonra iddiaçının övladları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, ev 58, mənzil 33-ə köçürülməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti, ev 58, mənzil 33 X1 xüsusi mülkiyyətindədir və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. AZ-İ seriyalı 926155 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 02 dekabr 2007-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(001)- 3456/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə Mingəçevir şəhəri Nikah evində akt qeydləri kitabında 100 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması və xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissə miqdarında alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı Zəngilan rayon Polis Şöbəsinə vermiş olduğu izahatının surətindən görünür ki, o, izahatında göstərmişdir ki “Cavabdeh spirtli içki qəbul etdiyindən və mənim ankoloji xəstəliyimi bildiyi gündən aramızda problemlər yaranmağa başladı və mənim müalicə xərclərimi ödəməkdən imtina etdiyi üçün xx.xx.2023-cü il tarixdə məni döydü və evdən qovdu. Mən də xx.xx.2023-cü il tarixdə polisə məlumat vermişəm və həmin xüsusat üzrə Binəqədi rayonu 5-ci polis bölməsində araşdırma gedib. Bundan sonra mən həmin evə getmədim və qardaşım X7 Qarayev metrosunun yaxınlığında olan evində qalmışam. Sonra isə bu günə kimi kirayələrdə yaşadım. 2023-cü ilin mart ayında mənə bildirdilər ki, həm Binəqədi rayonunda yerləşən evin, həm də Zəngilan şəhərcikdə olan evin giriş qapılarının kilidləri dəyişdirilib. Özüm də gedib qapıları yoxlayanda məlum oldu ki, hər iki evin giriş qapısı dəyişdirilib.Bununla bağlı Binəqədi rayon ərazisində yerləşən 5-ci bölməyə şikayət etdim və həmin ərazidə münaqişəli ailə olaraq qeydiyyatdayıq” Bakı 18 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/18/2023-01146 nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:30-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh isə ilkin mediasiya sessiyasının keçirilməsi vaxtı barədə məlumat verilsə də, o, iştirak etməmişdir. 29 avqust 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər 22 aprel 2006-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından 02 dekabr 2007-ci il təvəllüdlü X5 anadan olmuşdur. Tərəflər arasında münasibətlər pozulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(001)-3456/2023 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış rəsmi nikah pozulmuş və tərəflərin birgə rəsmi nikahdan olan övladları-02 dekabr 2007-ci il təvəllüdlü X5 iddiaçının yanında saxlanılmışdır. Hazırda isə iddiaçı məhkəməyə müraciət edərək, azyaşlı uşağı ilə birlikdə cavabdeh tərəfindən qovulduğu xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti, ev 58, mənzil 33 ünvanına köçürülməsini xahiş edir. İnsan Hüquqlarının və X2 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən,yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti, ev 58, mənzil 33 İddiaçı xüsusi mülkiyyətində olmaqla, onun övladı ilə birlikdə həmin mənzildə yaşamaq hüququ vardır və onun həmin mənzildə yaşamasına imkan verilməməsi onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı övladı 02 dekabr 2007-ci il təvəllüdlü X5 ilə birlikdə xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti, 58 saylı evin 33 saylı mənzilinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı övladı 02 dekabr 2007-ci il təvəllüdlü X5 ilə birlikdə xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti, 58 saylı evin 33 saylı mənzilinə köçürülsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5644/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5644/2023
23.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver