Məhkəmə qərarları › İş №2(001)-5678/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5678/2021

09.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5678/2021 09.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Binəqədi Rayon Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərin onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 18 may 2020-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında iddia tələbində göstərilən fərdi yaşayış evini Cavabdeh1 almış, müqavilə bağlanarkən evdə qeydiyyatda olan şəxslər müqavilədə göstərilən müddət ərzində evdən qeydiyyatdan çıxacaqlarını bildirsələr də, hal-hazıradək qeydiyyatda qalmaqdadırlar. Bu isə, iddiaçının mülkiyyətindən sərbəst istifadə etmək, onunla bağlı sərəncam vermək hüquqlarını məhdudlaşdırmaqla yanaşı, iddiaçı cavabdehlərə görə əlavə kommunal ödənişlər etməli olur. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etdiyini, təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Digər cavabdehlərin qeydiyyat ünvanları üzrə bildiriş, habelə mobil telefon nömrəsi vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə sms məlumat göndərilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışlar. Məhkəmə iş üzrə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, Cavabdeh1 izahatını dinləyib hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - AN-İ seriyalı, 18 may 2020-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən görünür ki, İddiaçı iddia ərizəsində göstərilən fərdi yaşayış evini 35000 manata Cavabdeh1 almış, müqavilənin 13-cü bəndində Cavabdeh1 15 iyun 2020-ci il tarixədək evdən qeydiyyatdan çıxmaq öhdəliyinin olması göstərilmişdir. - çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 31 may 2020-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin arayışlarından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətindədir. Cavabdehlər mənzildə pasport qeydiyyatında formal olaraq qalmışlar ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur.Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, cavabdehlər iddiaçının mənzili əldə etməsindən əvvəl mənzilə qeydiyyata alınmışlar, onların mənzilə qeydiyyata alınması iddiaçının – yeni mülkiyyətçinin iradə ifadəsi ilə bağlı deyil, iddiaçının hazırkı tələbindən isə müəyyən olunur ki, cavabdehlərin mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Məhkəmə hesab edir ki, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzildə qeydiyyatda qalması ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ alğı-satqı müqaviləsinin bağlandığı tarixdən itirilmiş hesab olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanındakı yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirlmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar