Məhkəmə qərarları › İş №2(001)-5684/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5684/2022

15.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5684/2022 15.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Abdulova İlahə Telman qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi, Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8 cəlb edilməklə) mənzildən “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 16 avqust 2007-ci il tarixində anadan olmuş qızı Şəms və 19 mart 2012-ci ildə anadan olmuş qızı Zəifə ilə birlikdə 16 noyabr 2006-cı il tarixindən gəlin köçdüyü Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 73, ev 414 A ünvanda yerləşən iki otaqlı mənzilə daimi yaşamaq hüququnun təmin edilməsi, 50 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun, sənədlərin toplanması və iddianın tərtibi və s. xidmətlər üçün sərf edilmiş 100 manat xərcin, ümumilikdə 200 manat məbləğində pul vəsaitinin Cavabdeh tələb olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddianın predmetinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onu 16 avqust 2007-ci il tarixində anadan olmuş qızı Şəms və 19 mart 2012-ci ildə anadan olmuş qızı Zərifə ilə birlikdə 16 noyabr 2006-cı il tarixindən gəlin köçdüyü Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 73, ev 414 A ünvanda yerləşən iki otaqlı mənzildən daimi istifadə etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh Mail oğlu ilə 18 noyabr 2006-cı il tarixində el adəti üzrə evlənib toy şənliyi edilərək nikah münasibətinə girərək evlənmişdir. İlk gündən həyat yoldaşının ata-anası ilə birlikdə yaşadığı ünvan 1 ünvanında 2 mərtəbəli 3 otaqlı həyət evinin yaxınlığında gəlin kimi gətirilməsi üçün özlərinə məxsus torpaq sahəsində 2 otaqlı mənzil inşa edilmiş, həmin mənzilə gəlin köçmüşdür. Bu günə qədər də həmin mənzildə yaşayır. Uzun illərdən bəri mənzildə bərpatikinti, inşaat-təmir işləri aparmışdır. Qaynanası, qaynatası ilə arasında səmimi münasibət olmuş, münasibətləri çox yaxşı olmuşdur. Təsərrüfatı birgə idarə edirlər. Birgə nikahdan iki qız uşağı vardır. 16 avqust 2007-ci ildə anadan olmuş qızı Şəmsin 16, 19 mart 2012-ci il tarixində doğulmuş qızı Şərifənin 10 yaşı vardır. Uzun illərdir bu ətrafda yaşayırlar. Özü və uşaqları həmin evdə pasport qeydiyyatındadırlar. Uşaqlarda həmin ərazidə məktəbə gedir. Başqa heç bir yerdə yaşamağa ümidi, yeri, mənzili yoxdur. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, özü ünvan 2 ünvanında qeydiyyatda olduğu evdə yaşayır. Həmin ünvanda 2 ədəd tikili vardır. O, həyətdəki tikilidə uşaqları ilə birlikdə yaşayır. 2006-cı ildə oraya gəlin köçmüşdür. Yoldaşı 1 ildir ki, onlarla birlikdə yaşamır. Evin yerləşdiyi torpaq sahəsi qaynanasının mülkiyyətindədir. Həyətdə 2 ədəd fərdi yaşayış evi vardır. Onun yaşadığı evin sənədi yoxdur. Həmin ev 2 mərtəbəli 2 otaqdan ibarətdir. Yuxarı mərtəbə 1 otaq, aşağı mərtəbədə 1 otaq vardır. Evlərdə mətbəx ümumidir, hər iki ailənin istifadəsindədir. O, nikahın pozulması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Nikahları Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh nikah pozulduqdan sonra onu evindən çıxaracağını dediyindən, haqlı olaraq o da, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında olan münasibət tamamilə pozulduğundan artıq birlikdə yaşamaları qeyrimümkündür. Odur ki, iddiaçını həmin ünvandan çıxarmaq niyyətindədir.

7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatlarında bildirmişdir ki, Torpaq sahəsində 2 ədəd fərdi yaşayış evi vardır. Hər bir ev ayrı-ayrıdır. Həyətdəki evlər nikah dövründən əvvəl atası tərəfindən tikilmişdir. İddiaçı ilə nikaha daxil olduqdan sonra sözügedən evdə yaşamışlar. Torpağın çıxarışı onun uşaqlığından mövcud olmuşdur və anasının adınadır. O, iddiaya cavab verməli olan şəxs deyil. İddiaçı onun valideynləri ilə, bacısı ilə yola getmir. Nikahları pozulduqdan sonra o, həmin evdə qala bilməz

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir.

9. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatlarında bildirmişdir ki, iddiaçı hazırda ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evində yaşayır. O, həmin ünvanda qeydiyyatdadır. Onun həmin evdən istifadə və yaşamaq hüququ alması üçün məhkəməyə müraciət etməsinin əsası yoxdur. Həmçinin əmlak cavabdehin anası X2 mülkiyyətindədir. Cavabdehin həmin əmlak üzərində mülkiyyət hüququ yoxdur. Odur ki, iddia ona qarşı əsassız olaraq qaldırılmışdır. Hazırki iddia tələbi üzrə cavabdeh Vüqar yox, onun anası X8 olmalıdır. Çünki Vüqarın əmlak üzərində subyektiv hüququ yoxdur. İddiaçının yaşadığı tikili həyətdə yerləşir və heç bir sənədi yoxdur.

10. Bundan başqa cavabdehin nümayəndəsi, vəkil iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, tərəflər hal-hazırda bir ailə kimi ünvan 2 ünvanında 18 noyabr 2006-ci il tarixdə nikaha daxil olduqları vaxtdan qeydiyyatda olmaqla yaşayırlar və onun həmin evdən istifadə və yaşamaq hüququnun alması üçün məhkəməyə müraciət etməsinə heç bir əsas yoxdur. Çünki, onun evdən çıxarılmasını, istifadə və yaşamaq hüququnun itirilməsini və onun qeydiyyatdan çıxarılmasını tələb edən yoxdur. Hal-hazırda heç bir mübahisə olmadan həmin evdə yaşayır. Həmin əmlak Cavabdeh anası X4 məxsusdur və onun mülkiyyətindədir. Həmin əmlak üzərində Cavabdeh mülkiyyət hüququ yoxdur. Hesab edir ki, iddia ona qarşı əsassız qaldırılmışdır. Eyni zamanda bildirir ki, Cavabdeh anası R.Ş.Abdulazovanın mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən hər mərtəbəsi 1 otaqdan ibarət 2 mərtəbəli evi valideynləri öz vəsaitləri hesabına o, ailə qurmamamışdan öncə tikdirib və Vüqarın həyat yoldaşını həmin evə gəlin gətirmişdir. Hamin evin bütün kommunal xərcləri R.Ş.Abdulazovanın adınadır. Onlar sadəcə həmin evdə bir ailə kimi yaşayırlar.

11. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında bildirmişdir ki, həmin tikilini 2003-cü ildə əri ilə birlikdə oğlu üçün tikmişdir evin çıxarışı yoxdur. Ümumiyyətlə həmin torpaq sahəsi 1973-cü ildən onun adına alınmışdır. Əvvəldən də torpaq onun adına olmuşdur. Hazırda gəlinlə bir evdə yaşaya bilməz. Yoldaşı xəstədir. Həyətdə iki tikili olsa da bir hamam otağı vardır və ümumiyyətlə bir həyətdə yaşamaları mümkün deyildir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6229/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 16 noyabr 2006-cı il tarixində Binəqədi rayonu VVADQ şöbəsinəd nikahın bağlanması haqqında akt qeydləri kitabında 1193 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 16 avqust 2007-ci il təvəllüdlü X5 və 19 mart 2012-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları, Cavabdeh 22 sentyabr 2022-ci il tarixində başlayaraq tərəflərin birgə nikahından doğulan 16 avqust 2007-ci il təvəllüdlü X6 və 19 mart 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və s. qət edilmişdir.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanda fərdi yaşayış evi və 0,0111 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X3 adına xx.xx.2011-ci il tarixindən qeydiyyatdan keçmiş və 184 saylı reyestr kitabının 16959 nömrəli vərəqində qeydiyyata alınmışdır.

14. "xxxx" ASC tərəfindən tərtib edilən hesab fakturalardan görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanda sudan istifadəyə görə müqavilə X7 adına bağlanmış və ödənişlər tərəfindən həyata keçirilir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

15. İddiaçı ilə Cavabdeh arasında 16 noyabr 2006-cı il tarixinə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra İddiaçı cavabdehin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 73, ev 414 A ünvanda yerləşən iki otaqlı mənzilə gəlin kimi köçmüşdür.

16. Tərəflər arasında münasibətlər gərginləşdiyindən iddiaçı həmçinin nikahın pozulması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6229/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuşdur.

17. İddiaçı cavabdehin nikah pozulduqdan sonra onu və uşaqlarını yaşadıqları evdən çıxaracağı ilə hədələdiyini əsas gətirərək, faktiki olaraq yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 73, ev 414 A ünvanda yerləşən iki otaqlı mənzilə istifadə hüququnun tanınmasını xahiş edir.

18. Mübahisəli ünvanda-ünvan 4li mövcuddur. Həmin tikililərin birində cavabdehin ailəsi, digər iki mərtəbəli tikilidə isə faktiki olaraq iddiaçı uşaqları ilə birlikdə yaşayır. İddiaçının yaşadığı tikilinin hüquqmüəyyənedici sənədi yoxdur. Cavabdehin öz ailəsinin yaşadığı və hər iki tikilinin yerləşdiyi torpaq sahəsi cavabdehin anası, məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilən X2 mülkiyyətindədir.

19. Belə ki, həmin tikililər iddiaçı və cavabdeh arasında nikah bağlanmamışdan əvvəl, cavabdehin valideynləri tərəfindən tikilmişdir. Bu faktı iddiaçının özü də məhkəmə iclaslarında təsdiq etmişdir.

20. Cavabdeh və onun nümayəndəsi iddianı qəbul etmir. Bunu həm maddi hüquqi əsasın, həm də subyektiv hüququn olmaması ilə əsaslandırır. Məhkəmə tərəfindən cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs də iddianı qəbul etmir və iddiaçı ilə birlikdə yaşamağının mümkünsüz olduğu ilə əsaslandırır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

21. Məhkəmə əvvəla qeyd edilməsini zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

22. Tələbin mahiyyətindən də görünür ki, iddiaçı mübahisəli evə istifadə hüququnun mövcudluğu qənaətindədir və himayəsində saxlanılan yetkinlik yaşına çatamayan uşaqları ilə birlikdə həmin hüququn məhkəmə qaydasında tanınmasını tələb edir.

23. Prosessual baxımdan bu tip tələblərə baxılması mümkündür, çünki mülkiprosessual məcəllə hər hansı fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin təsdiqi üçün məhkəməyə müraciət etmək imkanını təsbit etmişdir. İstifadə hüququnun mövcudluğu ilə bağlı mübahisəyə qiymət verilməsi üçün hüquq münasibətlərinin yarandığı dövr, istifadə hüququ tanınması tələb olunan yaşayış sahəsinin statusu, tərəflər arasında olan münasibətlərin xarakteri və.s hallar araşdırılmalıdır.

24. İşin müəyyən edilmiş halları baxımından məhkəmə o qənaətə gəlir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququ tanına bilməz.

25. Bununla bağlı istifadə hüququ barədə aşağıdakı normalara nəzər yetirək.

26. Tərəflər arasında olan münasibətlərin 2009-cu ilin oktyabr ayının 1-dək, konkret olaraq 2006-cı ildə yarandığı nəzərə alındıqda, istifadə hüququ ilə bağlı məsələləri Mülki Məcəllənin 228-ci maddəsi tənzimləyir.(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı)

27. Mülki Məcəllənin 228-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğısatqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

28. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi).

29. Göründüyü kimi məhdud əşya hüququ kimi istifadə hüququnun yaranması üçün yaşayış sahəsi mülkiyyətdə olmalı və mülkiyyətçisi ilə ya notariat qaydasında müqavilə bağlanmalı, ya da mülkiyyətçinin ailə üzvü olmalıdı.

30. Lakin iddiaçının istifadə hüququnun tanınması tələb edilən yaşayış sahəsi nə cavabdehin, nə üçüncü şəxsin mülkiyyətindədir, nə də həmin şəxslərdən biri ilə notarial qaydada bağlanmış müqavilə vardır. Üstəlik həmin yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üçüncü şəxsə məxsusdur. Yəni hətta mübahisələndirilən yaşayış sahəsi üçüncü şəxsin mülkiyyətində olmuş olsaydı belə, iddiaçının istifadə hüququ Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbi baxımından tanına bilməzdi. Hazırki mübahisədə iddiaçının yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün ən azından mübahisəli yaşayış sahəsi cavabdehin mülkiyyətində və ya gözlənilən mülkiyyətində olmalı idi. Halbuki tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının keçmiş qaynanasının mülkiyyətindədir və həmin tikilinin cavabdehin valiideynləri tərəfindən inşa edildiyi işin mübahisəsiz halıdır.

31. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında, o cümlədən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci vəAzərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu).Bu mənada qeyd edilməlidir ki, Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir. Məsələn, Mülki Məcəllənin əşya hüququ olan mülkiyyət hüququ anlayışının izahı ilə bağlı 152-ci maddəsində, 11-ci Fəslinin servitut və uzufrukt ilə bağlı müddəalarında, habelə öhdəlik hüququna aid olan 33-cü Fəslində kirayə və 36-cı Fəslində əvəzsiz istifadə müqaviləsi ilə bağlı müddəalarda da bu anlayışa rast gəlinir. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi birbirindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Tətbiq edilən prosessual normalar:

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

33. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8) mənzildən “istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddiaçı Cavabdeh qarşı (məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8 cəlb edilməklə) mənzildən “istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar