Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5687/2024 11.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X2 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə xüsusi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon XDS (X1) İK-nin (İcraiyəə Komitəsi) 176 saylı, 28 avqust 1991-ci il tarixli “Yeni Bakı royler fabrikində işləyən şəxslərə fərdi ev tikmək üçün hər ailəyə 0,08 hektar torpaq sahəsi ayrılması barədə” qərarın ona (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, ev 6; şəxsiyyət vəsiqəsini nömrəsi: AA*******; verilmə tarixi: xx.xx.2022; verən orqan: ASAN- 3; FİN: xxxxxxx) aid olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, ev 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. O, “Yeni Bakı broyler fabriki”ndə çilingər işləmiş və həmin vaxt Azərbaycan Respublikası Nazirlər Sovetinin 23 oktyabr 1990-cı il tarixli, 489 nömrəli qərarı ilə Yeni Bakı broyler fabrikinə fərdi evi və torpağı olmayan, orada işləyən fəhlə və mütəxəssislərə fərdi üsulla yaşayış evləri tikintisi üçün 300 ailəlik həyətyanı torpaq fondu ayrılmışdır. Həmin qərara uyğun olaraq, fabrik rəhbərliyi 299 şəxsə torpaq sahəsinin ayrılması barədə əmr vevrmiş və bu əmr Abşeron rayon XDS İcraiyyə Komitəsinə göndərilmişdir. Abşeron rayon XDS İcraiyyə komitəsinin 28 avqust 1991-ci il tarixli, 176 nömrəli qərarı ilə Yeni Bakı broyler fabrikində işləyən şəxslərə fərdi ev tikmək üçün hər ailəyə 0,08 ha. torpaq sahəsinin ayrılması qərara alınmış, həmin qərarda siyahı üzrə ərizəçinin dı 84-cü sırada “Ərizəçi Günay oğlu – çilingər - №si 6” kimi göstərilmişdir. Arxiv arayışından görünür ki, bu qərarda həm də sxem, ayrıc aktı, təhkim aktı və ilkin baş plan da daxil edilmişdir. Ərizəçi torpaq sahəsnin mülkiyyətinə keçirilməsi və reyestrdən çıxarış alınması məqsədilə sözügedən qərarı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Ərazi İdarəsinə təqdim etsə də, aldığı xx.xx.2016-cı il tarixli, **********59 saylı cavab məktubunda göstərilmişdir ki, “Nəzərinizə çatdırırıq ki, Binəqədi rayonu, 28 May qəsəbəsi, ev 6 ünvanla bağlı Bakı şəhəri Ərazi İdarəsində arxiv əsasları yoxdur. Həmçinin, Abşeron XDS İK-nin 176 saylı, xx.xx.1991-ci il tarixli qərarında “Ərizəçi Günay” oğlu kimi qeyd edilmişdir.” Yəni, adı çəkilən qərarda ərizəçinin atasının adı texniki səhv olaraq “Günəş” əvəzinə “Günay” kimi yazılmışdır. Hazırda Yeni Bakı Broyler fabriki fəaliyyət göstərmir, ona görə də bu sənədi yenidən düzəltmək mümkün deyildir. Buna görə də, ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi ərizəsində göstərilənləri təsdiq edərək, müdafiə etdiyini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun tərəfindən səlahiyyətli nümayəndənin məhkəmədə iştirakl təmin ediməmişdir. Əsaslandırıcı hissə Mülki iş materiallarında olan və məhkəmə tərəfindən araşdırılmış: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ərizəçiyə ünvanlandırdığı 07 yanvar 2016-cı il tarixli məktubunda göstərilmişdir ki, “Binəqədi rayonu, 28 May qəsəbəsi, ev 6 ünvanla bağlı Bakı şəhəri Ərazi İdarəsində arxiv əsasları yoxdur. Həmçinin, Abşeron rayon XDS İK-nin 176 saylı, xx.xx.1991-ci il tarixli qərarında “Ərizəçi Günay” kimi qeyd edilmişdir. Bundan başqa, yoxlama-ölçü işləri aparılması ilə əlaqədar mütəxəssislərimiz ünvanda olarkən məlum olmuşdur ki, fərdi yaşayış evinin daxilində rekonstruksiya işləri aparılmışdır və tikiliyə bitişik əlavə köməkçi sahə inşa edilmişdir. Eyni zamanda, bildiririk ki, “texniki pasporta əsasən əlavə 617 kv.metr torpaq sahəsi istifadə edilməkdədir) ümumi torpaq sahəsində 2 ədəd 1 mərtəbəli (tikintialtı sahəsi 114 kv.metr və 104 kv.metr) yaşayış evləri, tikintialtı sahəsi 54 kv.metr qeyri-yaşayış (mağaza) binası və 14 kv.metr həyət tikilisi əlavə olaraq inşa edilmişdir. Belə ki, mövcud vəziyyətə dair torpaqayırma sənədi və əlavə tikililərlə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır...” Abşeron Rayon Dövlət Arxivindən verilmiş 06 avqust 2024-cü il tarixli arxiv çıxarışında göstərilmişdir ki, “Azərbaycan SSR Nazirlər Sovetinin 23 oktyabr 1990-cı il tarixli 489 nömrəli qərarı ilə Yeni Bakı broyler fabrikinə fərdi evi və torpağı olmayan, orada işləyən fəhlə və mütəxəssislərinə fərdi üsulla yaşayış evləri tikintisi üçün 300 ailəlik həyətyanı torpaq fondu ayrılmışdır. Fabrikin direktorluğu sənədləri nəzərdən keçirərək 299 nəfərə torpaq ayrılması haqqında əmr vermiş və həmin sənədlərin təsdiq olunması üçün Abşerin RİK-ə təqdim etmişdir. Abşeron rayon XDS İcraiyyə Komitəsi qərara aldı:
1. Yeni Bakı broyler fabrikində işləyən aşağıdakılara fərdi ev tikdirmək üçün hər ailəyə 0,08 hektar hesabı ilə torpaq sahəsi ayrılması haqqında fabrikin əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 17 may 1991-ci il tarixli 7 nömrəli və 19 iyul 1981-ci il tarixli 8 nömrəli qərarları, fabrikin 10 iyul 1991-ci il tarixli 48 nömrəli və 19 iyul 1991-ci il tarixli 30 nömrəli əmrləri nəzərə alınsın. ...84. Ərizəçi Günay oğlu – çilingər - №-si 6
2. Həmin torpaqda vətəndaşa fərdi yaşayış evləri tikintisinə icazə verilsin.
3. Həmin qərara nəzarət fabrikin direktorluğuna və həmkarlar komitəsinə həvalə edilsin.” Ərizəçi məxsus əmək kitabçasında onun xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Yeni Bakı broyler fabrikində işləmişdir.
Məhkəmənin tətbiq etdiyi hüquq: “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının: 1.2-ci bəndində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2-ci bəndində göstərilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3-cü bəndində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 305.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında. 305.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini xahişini nəzərdə tutan ərizənin məhkəmə tərəfindən qəbul edilməsi üçün konkret tələblərə riayət edilməlidir, yəni: - müəyyən (təsdiq) edilməsi xahiş olunan faktlar hüquqi əhəmiyyət kəsb etməlidir, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və ya xitamına səbəb olmalıdır; - hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi sonradan baxılıb həll edilməsi məhkəmənin səlahiyyətinə aid olan hüquq haqqında mübahisə ilə əlaqələndirilməlidir; - ərizəçi hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada (məhkəmənin qətnaməsi olmadan) ala bilməməlidir, yaxud həmin sənədləri bərpa edə bilməməlidir; - təsdiq edilməsi xahiş olunan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin qanunvericiliklə başqa qaydası nəzərdə tutulmamalıdır. Məhkəmənin qənaətinə görə mülkiyyət hüququna dair şəhadətnamə mülkiyyət hüquqlarını həyata keçirilməsində vacib əhəmiyyətə malik olan bir sənəddir. Hazırda ərizəçi mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış əldə edə bilmir, çünki Abşeron rayon XDS-in İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 176 saylı qərarında onun atasının adı “Günəş” əvəzinə “Günay” kimi göstərilmiş, əsas bu səbəbə görə də maraqlı şəxs olan reyestr xidməti ərizəçinin əmlakın mülkiyyətə verilməsinə dair müraciətinin icrasından imtina etmişdir. Hazırda sözügedən qərar ərizəçinin mülkiyyət hüquqlarını reallaşdırmaq üçün lazımdır, orada olan səhv və ya Yeni Bakı broyler fabrikinin Abşeron rayon XDS-inə göndərdiyi sənədlərdə yolverilmiş səhv sənədləri vermiş orqan tərəfindən aradan qaldırıla bilinmir, çünki, həm fabrik, həm də qərar qəbul etmiş orqan artıq fəaliyyət göstərmir, sənədin ərizəçiyə məxsus olması ilə bağlı hüquq haqqında mübahisə yoxdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq edilmişdir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 176 nömrəli qərarında ərizəçinin ata adının “Günəş” əvəzinə “Günay” kimi qeyd edilməsi qərarı verən orqanın texniki səhvi nəticəsində baş vermiş və bu səhv nəticəsində ərizəçi torpaq sahəsinin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmasına nail ola bilmir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Abşeron rayon XDS İcraiyyə komitəsinin 28 avqust 1991-ci il tarixli, 176 nömrəli qərarının 84-cü sırada adı “Ərizəçi Günay oğlu” kimi göstərilən şəxsə münasibətdə AA seriyalı, ******* nömrəli, xxxxxxx FİN nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərclərinə gəldikdə isə məhkəmə hesab edir ki, xərclər ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Nəticə hissəsi Q Ə T E T D İ: Ərizə təmin edilsin. Abşeron rayon XDS İcraiyyə komitəsinin Yeni Bakı broyler fabrikində işləyən şəxslərə fərdi ev tikmək üçün hə ailəyə 0,08 ha torpaq sahəsinin ayrılması barədə 28 avqust 1991-ci il tarixli, 176 nömrəli qərarının 84-cü sırada adı “Ərizəçi Günay oğlu” kimi göstərilən şəxsə münasibətdə AA seriyalı, ******* nömrəli, xxxxxxx FİN nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
X3