Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-57/2022 12.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi (oğlu) X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsinə dair mülki işə 12 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1060 nömrəli bağ evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə etdiyini bildirib izahatında göstərdi ki, iddia tələbində göstərilən bağ evi iddiaçının mülkiyyətindədir. Belə ki, həmin yaşayış sahəsi onun atası X1 mülkiyyətində olmuş, 26 sentyabr 2008-ci il tarixdə atası evi bağışlama müqaviləsi əsasında ona vermişdir. 18 dekabr 2019-cu il tarixdə isə o, həmin evi anası, hazırki iş üzrə İddiaçı bağışlamışdır. Cavabdeh onun keçmiş arvadı olmuş, nikahda olduqları müddətdə cavabdeh həmin mənzilə qeydiyyata düşmüşdür. Lakin, sonradan onun cavabdehlə aralarındakı nikahları pozulmuşdur. Cavabdeh sözügedən evdə qısa müddət yaşamış, orada ona məxsus heç bir əşya yoxdur. Hazırda cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatı formal xarakter daşıyır. Onun cavabdehlə aralarındakı münasibət pozulduğundan o, cavabdehdən könüllü olaraq evdən qeydiyyatdan çıxmasını xahiş edə bilməmişdir. Sonda K.Y.Quliyev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi, cavabdehin iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbləri baxımından məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 18 dekabr 2019-cu il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı bağ evini İddiaçı bağışlamışdır. - Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1060 nömrəli bağ evi 19 dekabr 2019-cu il tarixdə İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmışdır. - Yaşayış yeri üzrə qeydiyyat haqqında 18 fevral 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 19 oktyabr 2018-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1060 saylı bağ evində qeydiyyatdadır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli, 2(102)-4299/2021 saylı qərarından görünür ki, Cavabdeh X3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək pasport qeydiyyatında olduğu ünvan 1nə köçürülməsi və istifadə hüququnun tanınması, habelə, vəkil xidmətinə görə ödənilmiş 150 manat pulun və 20 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, sonradan tələbin həcmini artıraraq İddiaçı, habelə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Notariat ofisini də cavabdeh qismində işə cəlb edərək digər tələbləri qalmaqla, həmin bağ evinə dair X5 ilə İddiaçı arasında 18.12.2019-cu il tarixdə bağlanmış və 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsini də xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(001)-2381/2020 saylı qətnaməsinə əsasən, iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2021-ci il tarixli, 2(103)-2975/2021 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti də təmin edilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ilə X5 24 avqust 1979-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Sözügedən bağ evi əvvəllər X2 atası X1 mülkiyyətində olmuş, Yunis Quliyev 26 sentyabr 2008-ci il tarixdə evi bağışlama müqaviləsi əsasında Kamal Quliyevə vermiş, Kamal Quliyev isə 18 dekabr 2019-cu il tarixli bağışlama müqaviləsi əsasında evi anası İddiaçı bağışlamışdır. Cavabdeh 19 oktyabr 2018-ci il tarixdən həmin evdə qeydiyyatdadır. Sonradan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən X5 ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. Lakin hal-hazıradək cavabdeh həmin mənzildə pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; - 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; - 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; - 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; - 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququa xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin mənzilə münasibətdə hazırda istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda onun itirilməsindən söhbət gedə bilməz. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 228.5ci maddəsində, Mənzil Məcəlləsinin 30-cü maddəsində və buna uyğun olaraq Konstitusiya Məhkəməsinin aidiyyəti Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvlüyü", "qohumluq" və "digər şəxslər" prizmasından yanaşılır. Eyni yanaşma qismən Mülki Məcəllənin 228.1-ci maddəsində də müşahidə olunur. Belə ki, bu maddədə "ailə üzvləri" məfhumu ilə yanaşı "digər şəxslər" məfhumu da təsbit edilmişdir və Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddəsinin tələblərinə əsasən digər şəxslər, bir mənalı olaraq yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və ya belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun. Bununla yanaşı, Mənzil Məcəlləsinin 30.1-ci maddəsində "digər qohumlar" ifadəsindən də istifadə edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarında "digər qohumlar" ifadəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva etməsi barədə şərh verilmişdir. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh evin mülkiyyətçisi olan İddiaçı ailə üzvü deyil, onun oğlu Kamal Quliyevin isə keçmiş ailə üzvüdür. Cavabdeh evin hazırki mülkiyyətçisi İddiaçı özünün saxlanmasını tələb etmək hüququq olan şəxslər kateqoriyasına aid edilmədiyindən ona münasibətdə “digər qohum” statusu da daşımır. Cavabdeh hazırda mülkiyyətçiyə münasibətdə “digər şəxs” statusu ilə çıxış edir. Bu baxımdan da onun həmin əmlakdan istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində təsbit edilmiş prosedura riayət edilməlidir. Lakin, Cavabdeh mübahisəli evdən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə, bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla İddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmamışdır. Cavabdeh mübahisəli bağ evindən istifadə etmək hüququ yaransa da, sonradan ailə münasibətlərinə xitam verildiyindən o, bu hüququ itirmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin tələbləri baxımından onların vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun qeydiyyata alınması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Beləliklə, cavabdehin iddiaçıya məxsus evdən istifadə hüququ müəyyən edilmədiyindən mövcud olmayan hüququn itirilməsi də hüquqi baxımdan mümkünsüzdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, cavabdehin həmin mənzildə pasport qeydiyyatında qalması iddiaçıya, yəni hazırki mülkiyyətçiyə mülkiyyət hüququnun tam həyata keçirilməsinə, o cümlədən həmin əmlakdan istədiyi kimi istifadə etməsinə imkan vermir və maneə yaradır. Bu səbəbdən onun mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və onun həmin mənzildən istifadə hüququnun olmaması pasport qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı hazırki iddia tələbi cavabdehin iddiaçıya məxsus evdən istifadə hüququna xitam verilməsi olsa da, iddiaçının nümayəndəsinin izahatından belə məlum olur ki, iddiaçı cavabdehin ona məxsus evdən qeydiyatdan çıxarılmasını tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia cavabdehin iddiaçıya məxsus evdən istifadə hüququna xitam verilməsi hissəsində rədd edilməli, lakin bu qətnamə cavabdehin həmin evdən pasport qeydiyyatdından çıxarılması üçün əsas hesab edilməli, beləliklə ümumi məzmun etibarilə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Bu qətnamə Cavabdeh İddiaçı məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1060 nömrəli bağ evindən pasport qeydiyyatından çıxarılması üçün əsas hesab edilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-57/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-57/2022
12.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver