Məhkəmə qərarları › İş №2(001)-5747/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5747/2025

01.12.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5747/2025 01.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “yaşayış sahəsinə köçürmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X5 qarşı “yaşayış sahəsinə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2021-ci il təvəllüdlü oğlu X6 ilə birlikdə Binəqədi rayonu, Xocasən, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev (Söyüdlər) küçəsi, döngə 1-də yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə o, cavabdehin oğlu X4 ilə rəsmi nikah qeydiyyatı ilə evlənərək, Xocasən, Sulutəpə qəsəbəsi, R.Abdullayev küçəsi, 1-ci döngə, fərdi yaşayış evinə cehiz əmlakları ilə birlikdə gəlin köçmüşdür. Həmin vaxtdan orada yaşamışdır. xx.xx.2021-ci il təvəllüdlü oğlu Mehdi də həmin evdə yaşayarkən dünyaya gəlmişdir. xx.xx.2024-cü il tarixdə münaqişə nəticəsində cavabdeh onu evdən qovmuşdur. Həyat yoldaşı isə demişdir ki, müvəqqəti dözsün, onu sonra evə qaytaracaq. İki ay sonra həyat yoldaşı başqa ölkəyə getmiş, hər ay ona 500 manat pul göndərmiş və demişdir ki, tezliklə qayıdıb onları evlərinə qaytaracaq. O da həyat yoldaşına görə buna dözmüşdür. Amma 2025-ci ilin yanvar ayında ona məlum olmuşdur ki, əri boşanma barədə məhkəmədə iddia qaldırıb. Başa düşmüşdür ki, bu aylar ərzində onu aldatmışlar. Ona görə də həmin evə köçüb orada yaşamaq üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmin fərdi ev sənədsiz olmaqla, qeyri-rəsmi cavabdehin adına bələdiyyədə qeydə alınmışdır. O, həmin evə gəlin köçmüş, uşağı da orada böyüyüb, cehiz əşyaları da orada qalmışdır. Onun başqa yaşayış yeri yoxdur, müvəqqəti olaraq bir bağ evində məskunlaşmışdır. O isə öz hüququ olan, 4 il ərzində ailə üzvü kimi azyaşlı uşağı ilə yaşadığı yaşayış sahəsinə köçmək istəyir. Çünki başqa yaşayış yeri yoxdur. Onu və azyaşlı uşağını cavabdeh yeganə yaşayış yeri olan evdən məhrum etmişdir. Heç kəs öz yaşadığı yaşayış yerindən çıxarıla və orada yaşamaqdan məhrum edilə bilməz. Ona görə də, o, uşağı ilə birlikdə həmin evə köçürülməlidir. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq, bildirmişdir ki, İddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü oğlu X6 ilə birlikdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 1-də yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə onun oğlu X4 ilə rəsmi nikah qeydiyyatı ilə evlənərək, Sulutəpə qəsəbəsi, R.Abdullayev küçəsi, 1-ci döngə, fərdi yaşayış evinə cehiz əmlakları ilə birlikdə köçmüş və orada yaşamışdır. xx.xx.2021-ci il təvəllüdlü Mehdi həmin evdə doğulmuşdur. Həmin ev qeyri-rəsmi və sənədsiz olaraq onun adına qeydə alınmışdır. 4 il ərzində ailə üzvü kimi yaşadığı mənzilə köçmək istəyir, başqa yaşayış yeri yoxdur. Məhkəməyə bildirir ki, iddiaçının iddia ərizəsi qanunsuz və əsassızdır, özündə hər hansı bir həqiqəti əks etdirmir. İddiaçı tərəfindən faktlar təhrif edilmiş, yalan məlumatlar verilməklə öz niyyətinə çatmağa çalışmışdır. Ona görə də iddiaçının iddia ərizəsi aşağıda göstərilənlərə görə rədd edilməli, evə köçürülmə tələbi təmin edilməməlidir. Bildirir ki, iddiaçı Sumqayıt şəhəri, S.Vurğun küçəsində 1 saylı yataqxananın 30-cu otağında qeydiyyatda olmaqla, həmin otaqda yaşamış, həmin mənzil iddiaçının mülkiyyətindədir. Hazırda öz evi ola-ola atasına məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17, mənzil 37-də yaşayır, özünə məxsus evini kirayə vermişdir. Bildirir ki, o və oğlu Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, ev 11, mənzil 4-də qeydiyyatdadırlar. Sulutəpə qəsəbəsindəki ev sənədsizdir, onun mülkiyyətində deyil, oğlunun isə həmin evə heç bir hüququ yoxdur. İddiaçı heç bir şəraiti olmayan bir evə müvəqqəti yerləşmişdir. İddiaçı 2024-cü ildən oğlu ilə yola getməyərək, atasının evinə getmişdir. 2025-ci ilin fevral ayında oğlu məhkəmədə iddia qaldıraraq, nikahın pozulmasını tələb etmişdir. Lakin müəyyən səbəblərdən boşanma baş tutmamışdır. İddiaçı ailə üzvü kimi Xırdalan şəhərindəki evdə yaşaya bilər və birgə təsərrüfatın idarə edilməsində iştirak edə bilərdi. İddiaçı mübahisəli mənzildə az bir müddətdə yaşamış, tez-tez acıq edərək atasının evinə getmişdir. Mübahisəli fərdi yaşayış evi sənədsiz olduğundan aralarında həmin evdən istifadə ilə bağlı notariat müqaviləsi bağlanmamış və iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda hesab edir ki, iddiaçının mübahisəli evə hər hansı bir hüququ yaranmamışdır və iddiaçının iddiası rədd edilməlidir. Hazırda iddiaçı övladı ilə birlikdə Sumqayıt şəhəri, S.Vurğun küçəsində 1 saylı yataqxananın 30-cu mənzilini kirayəyə verərək, atasına məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17, mənzil 37-də yaşayır. Mübahisəli ev nə onun, nə də oğlunun mülkiyyətindədir. İddiaçı onun konstutision hüquqlarını kobudcasına pozmuş, əsassız yerə ona qarşı iddia qaldırmışdır. İddiaçı onun evinə və sənədsiz yaşadığı evə hər hansı bir hüququnun olmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş, onun ailə üzvü deyil, onlarla biryerdə yaşamır, mənzildən istifadə hüququ yoxdur, yaşayış sahəsinə köçürülməməlidir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Binəqədi rayonu Xocasən bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X2 bələdiyyəsinin inzibati ərazisi olan Sulutəpə qəsəbəsi, Söyüdlər küçəsi, döngə 1 ünvanında yerləşən özbaşına tikiliyə əsasən Xocasən bələdiyyəsinin “X1 Sistemi”ndə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. AZ-İV seriyalı 608341 nömrəli “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X3 atası X4, anası İddiaçıdır. AZ-İİ seriyalı 379229 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 ilə X11 arasında olan nikah Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə bağlanmış və 44 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Məmmədova” soyadı verilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır; 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin oğlu X4 ilə xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuş, iddiaçı mübahisəli fərdi yaşayış evində çox az bir müddət yaşamış, lakin fərdi yaşayış evinin mülkiyyətçisi – iddiaçının qaynanası ilə onun arasında fərdi yaşayış evinə istifadə hüququnun yaranmasına əsas ola biləcək notariat qaydasında razılaşma bağlanmamışdır. Daha sonra iddiaçı ilə cavabdehin oğlu arasında münasibətlər pozulmuş, iddiaçı atasının evinə getmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib və mülki qanunvericiliyin istinad olunan normalarını rəhbər tutub belə nəticəyə gəlir ki, iddiaçının Binəqədi rayonu, Xocasən, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev (Söyüdlər) küçəsi, döngə 1-də yerləşən fərdi yaşayış evinə istifadə hüququ yaranmadığına görə onun həmin mənzilə himayəsində olan uşağı ilə birlikdə köçürülmələri tələbinə dair iddiası təmin edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh X5 qarşı “yaşayış sahəsinə köçürmə” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar