Məhkəmə qərarları › İş №2(001)-5755/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5755/2021

14.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5755/2021 14.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdehlər Cavabdeh3 Məhi qızının və X4 iştirakları ilə, İddiaçı cavabdehlər Abbasova Aybəniz Qalib qızına, X9 və Cavabdeh3 Məhi qızına (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Binəqədi Rayon Sektoru) qarşı “mənzildən çıxartma və digər şəxslərin təsirindən azad mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Abbasova Aybəniz Qalib qızına, X9 və Cavabdeh3 Məhi qızına (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Binəqədi Rayon Sektoru) qarşı “mənzildən çıxartma və digər şəxslərin təsirindən azad mənzilin təhvil verilməsi” qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Abbaslı Elyananın onun Çıxarış ilə şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılmalarına və digər şəxslərin təsirindən azad mənzilin ona təhvil verilməsinə dair qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil "ÇİXARİŞ" əsasında onun xüsusi mülkiyyətindədir. Həmin mənzildə 1993-cü ildə Şuşa şəhərindən məcburi köçkün düşmüş ailə məskunlaşmışdır. Onlar neçə ildir ki, öz mənzilləri olmasına baxmayaraq qohumun evində yaşamışlar. Amma başqa şəxslər bugünkü günə kimi ona məxsus mənzildə yaşayırlar. Mənzildən çıxmalarına dair iradlarını bildirsə də, heç bir nəticə verməmiş, mənzili tərk etməkdən imtina ermişlər. Cavabdehlərin ona qarşı etdikləri qanunsuz hərəkətləri nəticəsində qanunla qorunan hüquqları pozulmuşdur. Belə olan hal onu vadar edir ki, onları qanun çərçivəsində mülkiyyət hüququndan istifadə edərək ona məxsus mənzildən çıxartsın. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 Məhi qızı iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, məlum hadisələrlə bağlı Şuşa rayonundan məcburi köçkün kimi mübahisəli mənzildə məskunlaşmışlar. Həmin mənzil iddiaçıya məxsus olsa da, onların hal-hazırda yaşamağa başqa yerləri yoxdur.Onları Şuşaya qaytarmaq üçün qeydiyyata alıblar. Onlar Şuşaya qaytarıldıqları vaxt iddiaçıya məxsus mənzildən çıxacaqlar. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X10 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, məlum hadisələrlə bağlı Şuşa rayonundan məcburi köçkün kimi mübahisəli mənzildə məskunlaşmışlar. Onlar müvafiq dövlət orqanlarına müraciət etsə də, onlar evlə təmin edilməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Cavabdeh Abbasova Aybəniz Qalib qızına, habelə üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı 0084587№-li Çıxarışın lazımi qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035-də istifadədə olan 0.1495 ha torpaq sahəsində yerləşən 2 nömrəli 9 mərtəbəli binada yerləşən 46.73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 127 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 476 nömrəli reyestr kitabının 43989 nömrəli vərəqində 17.07.2007-ci ildə qeydiyyata alınmışdır. Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə sektorundan verilmiş 30 iyun 2021-ci il tarixli 3495 №-li Arayışdan görünür ki, Cavabdeh1 Cavabdeh2 ilə birlikdə Şuşa rayonundan məcburi köçkün kimi Biləcəri qəsəbəsi, məhəllə 5035, ev 2, mənzil 127-də yaşayırlar. 107 saylı Mənzil –Kommunal İstismar sahəsi tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli məktubundan görünür ki, Biləcəri qəsəbəsi, məhəllə 5035, ev 2, mənzil 127-də Cavabdeh1 və X3 şəhərindən məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır və yaşayırlar. Anası Cavabdeh3 məcburi köçkün deyil və qeyd olunan ünvanda övladları ilə birlikdə qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə mülki işin materiallarından və tərəflərin izahatlarından, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X6 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilində məskunlaşmış olduqları müəyyən edilmişdir; sonuncuların mübahisəli mənzilə üzərindəki sahibliyinin isə hər hansı hüquqi əsasa söykəndiyi iş materialları ilə öz təsdiqini tapmır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı “mülkiyyət hüququ üzrə ona məxsus olan mənzildən cavabdehin çıxarılmasını” tələb etməkdə haqlı olmuşdur. Bu qənaətə gələrkən məhkəmə həmçinin onu da nəzərə alır ki, “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun” 5-ci maddəsinə əsasən isə, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X8 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”na əsasən məcburi köçkünlərin köçürülməsi, onların məskunlaşdığı şəhər və rayon İcra Hakimiyyəti orqanlarının təşkil etdiyi komissiya tərəfindən həyata keçirilir. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüquqlarını pozduqda onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimovun Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Həsənov Azərbaycana qarşı” 22 aprel 2010-cu il tarixli qərarında göstərmişdir: “Azərbaycanda məcburi köçkünlərin böyük sayının mövcudluğu məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunma hüquqlarına qarşı ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunmuş mülkiyyətdən maneəsiz istifadə hüquqlarının tarazlaşdırılmasını tələb edirdi. Belə olan halda, cavabdeh Dövlətə geniş mülahizə həddi təqdim edilməlidir. Lakin dövlətin mülahizəsinin həyata keçirilməsi Konvensiyanın standartlarından fərqlənən nəticələrə səbəb olmamalıdır... Bununla bağlı, hazırkı işdə olan kimi vəziyyət toxunulmuş sosial və maliyyə yükünün ədalətli bölünməsini tələb edir. Bir qrupun və ya bütövlükdə cəmiyyətin maraqlarının necə əhəmiyyətli olmasından asılı olmadan bu yük konkret sosial qrupun və ya tək fərdi şəxsin üzərinə qoyula bilməz... Hazırkı işdə, onun xeyrinə olan yekun daxili qətnaməyə müvafiq olaraq, ərizəçi mənzilindən istifadə etmək üçün məcburi hüquqa malik olmuşdur. Parlamentin qəbul etdiyi qanunvericiliyə əsasən, bu hüquq mənzili zəbt edən məcburi köçkünləri alternativ yaşayış sahəsi ilə təmin etmək üzrə Dövlətin öhdəliyindən asılı olmuşdur. Hökumət tərəfindən qaçqınların və məcburi köçkünlərin mənzillə təmin olunmasına dair bəzi ümumi siyasətlərə istinad edilməsinə baxmayaraq, nə daxili araşdırmalarda, nə də məhkəmə qarşısında müəyyən edilməmişdir ki, daxili dövlət orqanları ərizəçinin spesifik işində öz vəzifələrini yerinə yetirmək üçün hər hansı addım atmışlar. Belə olan halda, icranın formal olaraq təxirə salınması üçün Prezidentin 01 iyul 2004-cü il tarixli Fərmanına daxili məhkəmələr tərəfindən sonrakı istinad üstünə gəlməklə yanaşı, qətnamənin icrasının bir neçə il ərzində təmin olunmaması ərizəçinin həddən artıq fərdi yükə məruz qaldığı vəziyyətin yaranması ilə nəticələnmişdir”.... ərizəçinin bu həddən artıq fərdi yükə məruz qalmasının müqabilində hər hansı kompensasiyanın olmadığı üçün dövlət orqanları məcburi köçkünləri yaşayış sahəsi ilə təmin etməkdə ifadə olunan ümumi maraqla ərizəçilərin mülkiyyətindən maneəsiz istifadə hüquqlarının müdafiəsi arasında tələb olunan ədalətli tarazlığa nail ola bilməmişlər. Qeyd olunanlar ona dəlalət edir ki, qaçqınların sosial problemləri, ayrı-ayrı fərdlərin hüquqlarının məhdudlaşdırılması hesabına həll edilə bilməz”. Odur ki, məhkəmə iddia tələbini cavabdehlərin mənzildən çıxarılması hissəsində əsaslı hesab edir ki, qeyd edir ki, cavabdehlər X10, Cavabdeh1 və X11 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, ev 2 ünvanında yerləşən 127 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmalı, həmin mənzil iddiaçıya təhvil verilməlidir. İddia tələbinin “digər şəxslərin təsirindən azad mənzilin ona təhvil verilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissədə iddia aydın olmadığından (konkret olaraq kimə qarşı yönəldildiyi naməlum olduğundan) təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Xüsusilə nəzərə alınmalıdır ki, həmin Məcəllənin 154.2.3-cü maddəsinə əsasən etiraz və mühahizədə iddiaçının tələbinin tam və ya qismən rədd edilməsinin motivləri öncədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilə də bilər. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı hər bir cavabdehə qarşı öz tələbini konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Göründüyü kimi iddia tələbinin “digər şəxslərin təsirindən azad mənzilin ona təhvil verilməsi” hissəsində tələb cavabdeh kimi işdə iştirak etməyən dairəsi qeyri-müəyyən olan şəxslərə yönəldilmişdir və buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qqanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Bu baxımdan məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1.-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X10, Cavabdeh1 və X11 İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, ev 2 ünvanında yerləşən 127 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsınlar və həmin mənzil boşaldıraq İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar