Məhkəmə qərarları › İş №2(001)-5763/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5763/2021

17.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5763/2021 17.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti" Publı̇ k Hüquqı̇ şəxsinə qarşı “işə bərpa və işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş əmrin ləğvi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti"nə həkim vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, 21 avqust 2018-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti"nin protez-X3 mürəkkəv protezləşdirmə stasionarın funksional diaqnostika və bərpa terapiya şöbəsinin həkim nevropotoloq vəzifəsində ilşəmişdir. Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2019-cu il tarixli, 902 saylı Fərmanı ilə bir sıra dövlət orqanlarının, o cümlədən, cavabdehin nizamnaməsi təsdiq olunmuş və X7 yaradılmışdır. 30 noyabr 2020-ci il tarixdən ləğv edilməkdə olan təşkilatdan o, öz xahişi ilə işdən azad olunmağa dair ərizə yazmağa məcbur edilmiş, daha sonra 04 dekabr 2020-ci il tarixdə cavabdehin Bakı X2 reabilitasiyasına həkim vəzifəsinə 3 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. Pandemiya dövründə onlayn şəkildə dövlət tədbirlərində bir sıra həkim kimi yüksək səviyyədə iştirak etmiş, qazilərin müayinəsində yanvar ayı ərzində yaxından iştirak etmişdir. 11 iyun 2021-ci il tarixdə saat 2 radələrində baş idarədə olmalı olduğu bildirilmiş, oraya getdikdə kadrlar şöbəsinə dəvət olunmuş, xidmətin hüquqşünası və kadrlar şöbəsinin müdiri əmək müqaviləsinin müddətinin bitdiyini bildirib ona hansısa vərəqə imza etməyi təklif etmişlər, o isə razılaşmayaraq oranı tərk etmişdir. 12 iyun 2021ci il tarixdə işlədiyi müəssisənin direktoru ilə görüşmüş, direktora işdən çıxarılması barədə bildirdikdə sonuncu onun işindən razı olduğunu, məsələni aydınlaşdıracağını bildirmişdir. Lakin, o, bundan sonra yenidən direktorla əlaqə saxlayıb məlumat almaq istəsə də, konkret məlumat ala bilməmişdir. Halbuki, o, peşəkar, işdə geniş səlahiyyətlərə malik, eyni zamanda, yüksək staja malik işçi olmuşdur. Onunla əmək müqaviləsinin müddətli bağlanması üçün hər-hansı əsas mövcud olmamışdır. Bundan əlavə, ona əmək müqaviləsi yalnız əmək müqaviləsinə xitam verildiyi gün təqdim edilmiş və imzalamağı tələb olunmuşdur. Bütün bunlara görə də, o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə etiraz ərizəsini məhkəməyə təqdim edərək iddianı qəbul etmədiyini bildirib izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanmış, müqavilə müddəti bitdikdə isə müqaviləyə xitam verilmiş, iddiaçı da məhz bu əsasla işdən azad edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - əmək kitabçasının surətindən görünür ki, İddiaçı 21 avqust 2018-ci ildə cavabdehin tabeliyindəki Protez – X3 X1 Funsksional diaqnostika və bərpa-terapiya şöbəsinə həkim nevropatoloq vəzifəsinə təyin edilmişdir. - əmək müqaviləsindən görünür ki, İddiaçı Bakı X2 reabilitasiya şöbəsinin həkimi vəzifəsinə müvəqqəti təyin edilmiş, əmək müqaviləsi 1 ayı sınaq müddəti olmaqla 3 ay müddətinə bağlanmış, İddiaçı 04 dekabr 2020-ci il tarixdən işə başlaması göstərilmişdir. - əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı elektron əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin bitmə müddəti 04 iyun 2021-ci il, aylıq əmək haqqı 1000 manat göstərilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə heyətinin sədri Abar Bayramov tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli, **********3 saylı əmrdən görünür ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, onunla 04 dekabr 2020-ci il tarixəd bağlanmış əmək müqaviləsinə 11 iyun 2021-ci il tarixdə xitam verilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmiş işin mübahisələndirilməyən halları aşağıdakı kimi olmuşdur: Tərəflər arasında yaranmış mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı 04 dekabr 2020-ci il tarixli əmək müqaviləsinin müddətli bağlanmış olmasını qanunsuz hesab edir və bundan irəli gələn hüquqi nəticələrin ləğv edilməsini xahiş edir. Mübahisə ilə bağlı məhkəmə, ilk öncə tərəflər arasında 04 dekabr 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin etibarlılığına qiymət verilməli olduğunu zəruri hesab edir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, işçinin əmək funksiyası aşağıdakılardan ibarət olmuşdur: - Öz ixtisası üzrə müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya üsullarından istifadə etməklə əlillərə tibbi yardım göstərir. Öz işini planlaşdırır və təhlil edir. Təcili və təxirəsalınmaz tibbi yardım göstərir. Həkim etikası və deontologiyası prinsiplərinə riayət edir. Orta tibb heyətinin işinə rəhbərlik edir. Göründüyü kimi işçinin əmək funksiyası əlillərə tibbi yardım göstərməkdən, təcili və təxirəsalınmaz tibbi yardım göstərməkdən və s. ibarət olmuşdur. Odur ki, işçinin əmək funksiyası daimi xarakterə malik olduğu qabaqcadan bəlli olan iş kateqoriyalarına aiddir. Lakin onunla bağlanmış əmək müqaviləsi müddətli bağlanmışdır. Bununla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müddətli bağlanılmasının mümkün olduğu hallar göstərilmişdir. Lakin mübahisə predmetini təşkil edən əmək müqaviləsində müəyyən edilmiş işçinin əmək funksiyasına aid tələblər həmin hallara aid edilməmişdir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, işçi ilə əmək müqaviləsi müddətli bağlanıla bilməzdi və əmək müqaviləsinin 3 ay müddətə bağlanılması ilə bağlı olan şərt, yəni 04 dekabr 2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndi etibarsız hesab edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.3-cü maddəsində qeyd edilmişdir ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bu baxımdan məhkəmə əqdin əhəmiyyətsizliyi ilə bağlı etibarsızlığının tələbə bağlı olmamasını nəzərə alaraq hesab edir ki, əmək müqaviləsinin 3 ay müddətə bağlanılması ilə bağlı olan şərt, yəni 04 dekabr 2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndi etibarsızdır. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə tərəfindən əmək müqaviləsinin müddətli bağlanması ilə bağlı şərti etibarsız hesab edildiyindən, həmin müqavilə özlüyündə müddəti müəyyən edilmədən bağlanmış hesab edilməklə, dolayısı ilə müddətsiz hesab edilir. Bundan başqa məhkəmə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir: -Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi əmək müqaviləsinin müddətli bağlanılması ilə bağlı olan şərt etibarsız hesab edilmişdir və cavabdeh müddətli bağlamalı olmadığı əmək müqaviləsinə görə Əmək Məcəlləsinin 68.2ci maddəsinin b bəndi ilə əmək müqaviləsinə xitam verməkdə haqlı olmamışdır. Bu səbəbdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə heyətinin sədri Abar Bayramov tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli, **********3 saylı əmri ləğv edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı X2 reabilitasiya şöbəsinin həkimi vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə heyətinin sədri Abar Bayramov tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli, **********3 saylı əmri ləğv edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı X2 reabilitasiya şöbəsinin həkimi vəzifəsinə bərpa edilməlidir, onunla bağlanmış əmək müqaviləsi müddətsiz hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə heyətinin sədri Abar Bayramov tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli, **********3 saylı əmr ləğv edilsin və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı X2 reabilitasiya şöbəsinin həkimi vəzifəsinə bərpa edilsin, onunla bağlanmış 04 dekabr 2020-ci il tarixli əmək müqaviləsi müddətsiz hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar