Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-577/2021 27.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzildən istifadəyə yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 121 saylı evin, 92 saylı mənzilinə köçürülməsi və həmin mənzildən sərbəst istifadə etməsinə və maneəsiz yaşamasına Cavabdeh qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mübahisələndirilən mənzil 2 otaqlıdır və hazırda o, həmin mənzildə iki uşağı ilə birlikdə yaşayır. Hər hansı digər şəxsin də mənzildə yaşaması sahə baxımından mümkün deyil. Digər tərəfdən iddiaçı ilə münasibətlər yaxşı deyil, onun birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment öhdəliklərini icra etməməsi bu münasibətləri daha da gərginləşdirir. Onlar öz aralarında yaranmış aliment borcundan və gələcəkdə alimentin ödənilməsi öhdəliklərindən azad edilməsi müqabilində əmlaka olan mülkiyyət hüququndan imtina edilməsi ilə bağlı ilkin olaraq razılığa gəlsələr də nəticədə bugünədək razılaşmanı rəsmiləşdirə bilməmişdilər. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin həmin məhkəmə iclası tərəflər arasında barışığın əldə edilməsinə və mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə şəraitin yaradılması məqsədi ilə təxirə salınmışdır. Lakin növbəti məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, cavabdehin iddia barədə mülahizəsinin aydınlaşdırıldığını və məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsini nəzərə alıb, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər xx xxxxxx 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan xx.xx.2006-cı il tarixdə X2 və xx.xx.2009-cu il tarixdə X3 doğulmuşdur. Tərəflərin birgə nikah dövründə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 121 saylı evin, 92 saylı mənzili anınmış və Cavabdeh adına rəsmiləşdirilmişdir. Həmin mənzilin bölünməsi ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi olmuş və nəticədə mənzilin (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6210/2018 saylı qətnaməsi) 1/3 hissəsinə İddiaçı, 2/3 hissəsinə isə Cavabdeh mülkiyyət hüququı tanınmışdır. Hazırda mənzildə cavabdeh iki uşağı ilə birlikdə yaşayır. İddiaçı cavabdehlə aralarında olan şifahi razılığa əsasən kirayə əsaslarla başqa mənzildə yaşadığını, lakin son zamanlar kirayə haqqının ödənilmədi üçün maddi imkana malik olmadığını və bu səbəbdən cavabdehə mənzilə köçmək istədiyini bildirdiyini, lakin cavabdehin buna razılıq vermədiyini və mənzilə köçməyinə maneə olduğunu vurğulayır və qeyd edilən məhkəmə aktına istinadən mənzilə köçürülməsini və cavabdeh tərəfindən mənzildən istifadəyə yaradılan maneənin aradan qaldırımasnı tələb edir. Cavabdeh iddianı qəbul etmir, mənzilin iki otaqlı olduğunu, iddiaçının sahə baxımından mənzilə köçürülməsinin qeyri-mümkün olduğunu, həm du, həm də iddiaçı ilə münasibətlərin pis olduğunuı bildirir və bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi də hər bir fiziki və hüquqi şəxsin əmlakından maneəsiz istifadə hüququna malik olmasını təsbit edir. X7 Avropa Məhkəməsi də öz qərarlarında məhz bu mövqeydən çıxış edir ("Marks Belçikaya qarşı", "Mançini İtaliyaya qarşı" və sair). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx xxxx 2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, iddiaçının paylı mülkiyyətində olan mənzildən maneəsiz istifadə və ona sahiblik etmək imkanı bu mənzilin digər paylı mülkiyyətçisi olan cavabdehin hüquqazidd hərəkətləri ilə məhdudlaşdırılmış, bununla da iddiaçının öz əmlakından maneəsiz istifadəsinə və sahibliyinə müdaxilə baş vermiş, onun mülkiyyət hüququnu həyata keçirməsi imkanı əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının həmin mənzilə köçürülməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə cavabdehin mövqeyi ilə bağlı qeyd edir ki, mübahisəli mənzilin 2 otaqlı olması, tərəflər arasında münasibətlərin pis olması və birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün müəyyən edilmiş aliment öhdəliyinin iddiaçı tərəfindən icra edilməməsi nəticəsində bu münasibətlərin daha da gərginləşməsi iddiaçının bir mülkiyyətçi kimi öz mülkiyyət hüququnu həyata keçirməsinə bu hüququn təminatı olaraq onun mənzilə köçürülməsinə əngəl törədən hal kimi qiymətləndirilə və qəbul edilə bilməz. Məhkəmə, iddia tələbinin “mülkiyyətdən istifadəyə yaradılan maneənin aradan qaldırılması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı hazırda həmin əmlakda yaşamır və mövcud vəziyyətdə maneənin nədən ibarət olduğu aşkar deyil. İddiaçı ümumiyyətlə mülkiyyətində olan əmlakdan istifadə və ona sahiblik edə bilmir. Belə ki, cavabdeh onu həmin əmlaka buraxmır. Bu məsələ də əmlaka köçürülmə ilə öz həllini tapmış olur. Artıq paylı mülkiyyətçisi olduğu əmlaka köçdükdən sonra cavabdehin hərəkət (hərəkətsizliyi) nəticəsində iddiaçının istifadə ilə bağlı çətinlikləri yaranarsa bu hal belə bir iddianın qaldırılması üçün əsas yaradır. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, İddiaçı paylı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 121 saylı evin, 92 saylı mənzilinə köçürülməli, iddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı paylı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 121 saylı evin, 92 saylı mənzilinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-577/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-577/2021
27.01.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver