Məhkəmə qərarları › İş №2(001)-5775/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5775/2020

02.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5775/2020 02.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı Nuru oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı “əmrin ləğv edilməsi və s” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Nuru oğlu iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının barəsində qəbul etdiyi xx.xx.2020-ci il tarixli “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə xidmətə uyğunsuzluğa görə tutduğu vəzifədən azad edilməyi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə əmrin ləğv edilməsi və həmin vəzifəyə bərpa olunması, həmçinin mübahisəli əmrin verildiyi tarixdən hərbi xidmətə bərpa olunacağı tarixədək olan müddətin qulluq stajına və növbəti hərbi rütbə verilməsi müddətinə əlavə edilməsi və əmək haqqının hesablanaraq ödənilməsi, o cümlədən qeyd olunan əmrin icrası nəticəsində meydana gəlmiş nəticələrin cavabdeh tərəfindən aradan qaldırılması barədə qətnamə bul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarında qeyd olunmuşdur ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır.Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Ümumi məhkəmələr və inzibati-iqtisadi məhkəmələr arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Bundan başqa, həmin Plenum qərarında qeyd olunmuşdur ki, inzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlıdır. İddia ərizəsindən də görünür ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə xidmətə uyğunsuzluğa görə tutduğu vəzifədən azad edilməyi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə əmrin ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 saylı Qərarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. Bundan başqa Əmək Məcəlləsinin 5.2-ci maddəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Bundan başqa Həmin Məcəllənin 6-cı maddəsinə əsasən hərbi qulluqçulara Əmək Məcəlləsi şamil edilmir. Odur ki, mübahisənin mahiyyətindən görünür ki, iddiaçı inzibati orqan olan cavabdehin əmrini mübahisələndirir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, mübahisə inzibati orqanın faktiki xarakterli hərəkətləri ilə bağlı olduğundan mübahisə inzibati xarakterlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinin mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153-cü maddəsinə əsasən, QƏRARA ALDİ: İddiaçı Nuru oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı “əmrin ləğv edilməsi və s” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad iddia ərizəsinə əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar