Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5783/2020 20.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 17 saylı evin, 16 saylı mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 17 saylı evin, 16 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan həmin mənzildə qeydiyyatda olsalar da, faktiki olaraq orada yaşamırlar. Bu da onun mənzilə dair sərəncam vermək hüququnu məhdudlaşdırır. Belə ki, mənzilə dair sərəncam vermək istəsə, onların razılığını almalıdır. O, mənzili aldıqdan sonra cavabdehlər həmin mənzildə yaşamamışdır, o, cavabdehləri mənzildə heç vaxt görməmişdir. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 cavabdehlər sırasından çıxarılmasını və İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 17 saylı evin, 16 saylı mənzilindən Cavabdeh2 istifadə hüququna xitam verilməsi, Cavabdeh1 (yetkinlik yaşına çatmayan Cavabdeh3 ilə birlikdə) isə istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdilər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 17 saylı evin, 16 saylı mənzili İddiaçı mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, yetkinlik yaşına çatmayan Cavabdeh3 ilə birlikdə hazırda həmin mənzildə pasport qeydiyyatındadırlar. İddiaçı həmin mənzili xx.xx.2011-ci il tarixdə X2 adlı şəxsdən almışdır. Həmin vaxt mənzildə pasport qeydiyyatında olan mənzilin keçmiş sakini, Cavabdeh2 bu barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etməklə, mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. Lakin Cavabdeh1 və onun yetkinlik yaşına çatmayan uşağı Cavabdeh3 alğı-satqı müqaviləsi bağlanan zaman mənzildə pasport qeydiyyatında olmamışdır. Bu şəxslərin mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra onun razılığı əsasında pasport qeydiyyatına alınması, habelə həmin mənzildə yaşaması halı müəyyən edilməmiş, onların pasport qeydiyyatına alınması əsası ümumiyyətlə qeyri-müəyyəndir. Cavabdehlərin formal pasport qeydiyyatından başqa, həmin mənzillə hər hansı faktiki və hüquqi bağlılığı aşkar edilməmişdir. İddiaçı da məhz bu halları əsas götürüb və 10 manat məbləğində dövlət rüsumu ödəməklə, Cavabdeh2 istifadə hüququna xitam verilməsi, Cavabdeh1 (yetkinlik yaşına çatmayan Cavabdeh3 ilə birlikdə) isə istifadə hüququ olmayan şəxs hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir; 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə qeyd edir ki, alğı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçi tərəfindən iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad evin verilməsi öhdəliyi götürülmüş və bu öhdəlik mübahisə doğurmur. Eyni zamanda, alğı-satqı müqaviləsində mənzildə pasport qeydiyyatında olan şəxslərin istifadə hüququnun itirilməsi ilə bağlı hər hansı qeyd-şərt nəzərdə tutulmamış və alğı-satqı zamanı Cavabdeh2 bu barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. Mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra da onunla (mülkiyyətçi olaraq) bu cavabdeh arasında istifadə hüququnun tanınmasına dair notarial qaydada təsdiqlənmiş razılaşma bağlanmamış, habelə cavabdehin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Cavabdeh2 mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Cavabdeh1 isə mübahisəli mənzildən istifadə hüququnun olmasını və ya iddiaçının təşəbbüsü ilə yaranmasını təsdiq edən hər hansı hal müəyyən edilməmişdir. Hüquqi nəticə etibarı ilə bu cavabdehin mübahisəli mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Məhkəmə onu da vurğulayır ki, Cavabdeh1 uşağı, xx.xx.2013-cü il təvəllüdlü Cavabdeh3 da hazırda həmin mənzildə pasport qeydiyyatındadır. Cavabdeh1 bu mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi hüquqi nəticə etibarı ilə onun yetkinlik yaşına çatmayan bu uşağının da mənzildən istifadə hüququnun olmaması qənaətinə gəlmək üçün əsas yaradır. Belə ki, bu uşaq yetkinlik yaşına çatmadığından hazırki mübahisə üzrə mülki-prosessual fəaliyyət qabiliyyətli deyil və bu səbəbdən hazırki tələb onlara qarşı irəli sürülə bilməz. Onun hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onun qanuni nümayəndəsi, yəni cavabdeh (atası) Cavabdeh1 qoruyur. Ona görə bu şəxsin mübahisəli mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi, hüquqi nəticə etibarı ilə özündə həmçinin, bu uşağın da mənzildən istifadə hüququnun olmamasını ehtiva edir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin mübahisəli mənzildə pasport qeydiyyatında olması faktına onunla mülkiyyətçi arasında Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsində müəyyən edilmiş yazılı razılaşmanın bağlanması kimi hüquqi qiymət verilə bilməz. Cavabdehlərin mübahisəli mənzilə pasport qeydiyyatına alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onların vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun həmin mənzildə pasport qeydiyyatında olması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə pasport qeydiyyatında qalması iddiaçıya, yəni hazırki mülkiyyətçiyə mülkiyyət hüququnun tam həyata keçirilməsinə, o cümlədən həmin əmlakdan istədiyi kimi istifadə etməsinə imkan vermir və maneə yaradır. Bu səbəbdən cavabdehlərin mübahisəli mənzildə pasport qeydiyyatında qalması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və məhkəmənin hazırki qənaəti onların pasport qeydiyyatından çıxarılması üçün əsas olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 17 saylı evin, 16 saylı mənzilindən Cavabdeh2 istifadə hüququna xitam verilməli, Cavabdeh1 (yetkinlik yaşına çatmayan Cavabdeh3 ilə birlikdə) isə istifadə hüququ olmayan şəxs hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Məhkəmənin bu qənaəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (yetkinlik yaşına çatmayan Cavabdeh3 ilə birlikdə) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 17 saylı evin, 16 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması üçün əsas olmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 17 saylı evin, 16 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Cavabdeh1 (yetkinlik yaşına çatmayan Cavabdeh3 ilə birlikdə) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 17 saylı evin, 16 saylı mənzilindən istifadə hüququ olmayan şəxs hesab edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Bu Qətnamə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (yetkinlik yaşına çatmayan Cavabdeh3 ilə birlikdə) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 17 saylı evin, 16 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-5783/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5783/2020
20.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver