Məhkəmə qərarları › İş №2(001)-5802/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5802/2021

17.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5802/2021 17.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı Nasir (Kazımova) Günel Mehman qızının cavabdeh X4rşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nasir (Kazımova) Günel Mehman qızı cavabdeh X4rşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Koronavirus (COV1D-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli, 127 №-li qərarı ilə tanış olarkən, sevincək şəkildə e-sosial.az saytında "məşğulluq" altsistemində işsiz kimi qeydiyyatdan keçərək, səbrsizliklə 190 manat birdəfəlik ödəmənin adına köçürülməsini gözlədiyi anda, mobil telefonuna gələn imtina mesajından iddiaçıya məlum olmuşdur ki, güya o, 01.01.2018-ci il tarixdən Punjab restoranında aşbaz işləyir və KSP4TL000200 saylı əmək müqaviləsi üzrə Pakistan vətəndaşı fiziki şəxs X9 adlı işəgötürən tərəlindən işə götürülmüş, halbuki adı çəkilən işəgötürəni ümumiyyətl tanımır. Ehtimalları var ki, keçmiş əri Nasir Muhammad da Pakistan vətəndaşı oldğundan iddiaçının məlumatı və iştirakı olmadan belə bir əmək müqaviləsi tərtib edə bilərdi. Qeyd olunanlara əsasən iddiaçı fiziki şəxs X7 adlı işəgötürənlə bağlanmış 01.01.2018-ci il tarixli KSP41L000200 saylı əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 izahatında məhkəməyə bildirdi ki, X7 adında şəxsi tanımır, heç vaxt Pakistan restoranında aşbaz işləməyib və onunla hansı əsaslarla və kim tərəfindən əmək müqaviləsinin bağlanmasından heç bir məlumatı yoxdur. Keçmiş əri də Pakistan vətəndaşı idi və onun şəxsiyyət vəsiqəsini götürüb hər hansı əməliyyatı həyata keçirmək imkanı daim olub. Hal-hazırda adına əmək müqaviləsinin olması onun işə düzəlməsinin qarşısını alır, eyni zamanda buna görə bir sıra məhrumiyyətlərə məruz qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Nasir (Kazımova) Günel Mehman qızı işəgötürən (VÖEN: ********** olan) X3 tərəfindən aşbaz vəzifəsinə işə götürülmüş və əmək haqqı 450 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin 22.10.2020-ci il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... Sizin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi” alt sistemində fiziki şəxs X9 (VÖEN: **********) bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınmaması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə etdiyiniz müraciətlərə X5 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar araşdırma zamanı məlum olmuşdur ki, fiziki şəxs X9 Pakistan vətəndaşı olduğu üçün vətəninə deportasiya olunduğundan Sizə aid olan sənədlərlə bağlı bir məlumat əldə edilməmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. ... əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi işəgötürən tərəfindən təmin edilməlidir. Əks halda ərazi üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur”. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1-ci hissəsinin 2-ci bəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: tərəflərdən birinin təşəbbüsü; əmək müqaviləsinin müddətinin qurtarması; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); tərəflərin iradəsindən asılı olmayan hallar; tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin 22.10.2020-ci il tarixli cavab məktubunda qeyd olunanları və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı ilə cavabdeh X7 arasında 01.01.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə cavabdeh X7 arasında 01.01.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar