Məhkəmə qərarları › İş №2(001)-5803/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5803/2021

08.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5803/2021 08.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-yə qarşı “işə bərpa, əmək haqqının və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 08 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş 01 iyun 2021-ci il tarixli əmrin ləğv olunması, işə bərpa olunması və məcburi işburaxma ilə bağlı ödənilməmiş əmək haqqının, 01 mart 2019-cu il tarixdən 01 iyun 2021-ci il tarixədək onun adına olan əmək haqqı kartına köçürülmüş, onun tərəfindən alınmamış 11279 manat məbləğin, habelə iş ili üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın hesablanaraq cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı 01 mart 2019-cu il tarixdə Cavabdeh MMC-də satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsində əmək haqqının kart vasitəsilə bnak hesabına köçürülməsi qeyd olunsa da, işə başladğı vaxtdan iddiaçıya əmək haqqı kartı verilməmiş, bildirilmişdir ki, kart işçi işdən çıxanda ona təqdim olunur, həmin vaxtadək karta daxil olan pul yığılır. İşlədiyi dövrdə iddiaçıya əmək haqqı qismində əlbəəl müxtəlif məbləğdə pullar verilmişdir. Cavabdehin bölgə müdiri Çingiz Əkbərov 2021ci ilin may ayının əvvəllərində iddiaçını yanına çağıraraq ona işinə davam etməsi üçün Gəncə Asan Xidmət Mərkəzində 20000 manat borc müqaviləsi bağlamalı olduğunu demiş, iddiaçı isə buna etiraz etmişdir. İddiaçı ilə birlikdə satış üzrə nümayəndə işləyən Avazov Sənan, Hacıyev Orxan, Həsənov Xəyal və Rzayev Cavid adlı şəxslər ayrı-ayrılıqda Çingiz Əkbərovla 20000 manat borca dair müqavilə bağlamışlar. İddiaçı isə bölgə müdirinin göstərişinə tabe olmadığından artıq həmin müəssisədə işləyə bilməyəcəyini anlayıb 11 may 2021-ci il tarixdə işdən azad olunmasına dair ərizə ilə Çingiz Əhmədova müraciət etmişdir. Lakin, sonuncu onun ərizəsini qəbul etməmişdir. Elə həmin gün iddiaçı elektron poçt vasitəsi ilə Əmək Müfəttişliyinə müraciət etsə də, 16 may 2021-ci il tarixli müvafiq cavab məktubunda müraciətin anonim kimi qeydə alındığı, buna görə də ərizəyə baxılmadığı qeyd olunmuşdur. Halbuki iddiaçı müraciətində işdən çıxmaq istədiyini, lakin cavabdeh tərəfdən buna maneə törədildiyini, həmçinin əmək haqqı kartının əlindən alındığını göstərmişdir. Bundan sonra 01 iyun 2021-ci il tarixdə cavabdeh iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam vermişdir. İddiaçı 30 mart 2021-ci il tarixdən 08 aprel 2021-ci il tarixədək işə gedə bilməmiş, buna səbəb isə “Covid-19” infeksiyasına yoluxması olmuşdur. Bu barədə tibbi arayışı cavabdehə təqdim etmək istəsə də, cavabdehin əməkdaşları arayışı qəbul etməmişdirlər. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək işdən azad edilməsi ilə bağlı əmrin surətinin, əmrin verilməsinə əsas olmuş sənədlərin surətlərinin ona təqdim edilməsini xahiş etmiş, ərizə 12 iyun 2021-ci il tarixdə cavabdehə çatmasına baxmayaraq, bugünədən cavablandırılmamışdır. Bundan başqa, əmək haqqı kartı işçiyə şirkət tərəfindən təqdim olunur. Belə olan halda kartı təqdim etməsini cavabdeh sübut etməlidir. İddiaçıya əmək haqqı kartı təqdim edilməmiş, işə başladığı tarixdən işdən azad edildiyi tarixədək həmin karta ümumilikdə 11279 manat mədaxil edilmiş, həmin pul iddiaçı tərəfindən nağdlaşdırılmamış, istifadə edilməmişdir. Buna görə də, həmin pul vəsaiti də cavabdehdən iddiaçının xayrinə tutulmalıdır. Həmçinin, iddiaçı işlədiyi müddətdə məzuniyyət hüququndan istifadə etməmişdir. Qanunvericiliyin tələblərinə əsasən, istifadə olunmamış əmək məzuniyyətinin pulla əvəzi işəgötürən tərəfindən işçiyə təqdim edilməlidir. Sonda S.M.Xudaquluyev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, iddiaçı Cavabdeh MMC-nin Gəncə şəhərində yerləşən firma mağazasında əmək funksiyalarını icra etmişdir. Gəncə şəhəri üzrə yoxlanış zamanı həmin şəxsin fəaliyyətində cinayət tərkibli fakt olan mənimsəmə aşkar edilmişdir. Bununla bağlı aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edilmişdir. Hal-hazırda materiallar araşdırma aparılması üçün aidiyyəti prokurorluq orqanına təqdim edilmişdir. İddiaçının işdən azad edilməsinə səbəblərdən biri onun heç bir üzrlü səbəb təqdim etmədən 2021-ci ilin mart ayından etibarən işə gəlməməsi olmuşdur. Bununla bağlı onun yaşadığı ünvana məktub ünvanlanaraq məlumat verməsi tələb olunmuş, lakin məktub ona çatmadan geri qaytarılmış, cavabdehin əməkdaşları tərəfindən bu barədə akt tərtib olunmuşdur. İşdən azad edildikdən sonra iddiaçı X7 şikayətlə müraciət etmiş, aparılmış araşdırma zamanı iddiaçıya işdən çıxarılma zamanı son haqq-hesab ödənilmədiyi üçün cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin maddənin sanksiyası həddində inzibat cərimə təyin edilmişdir. Əgər iddiaçı işdən azad edilən zaman hər-hansı qanun pozuntusu olsaydı cavabdeh barəsində başqa maddələrlə də protokol tərtib edilərdi. İddiaçı aprel ayı ərzində işə gəlməməsinə baxmayaraq, ona əmək haqqı ödənilmiş, buna görə də, ona ödənilməli son haqq-hesab aprel ayı üzrə ödənilmiş əmək haqqı ilə əvəzləşdirilmişdir. Cavabdeh bu hərəkətinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş olsa da, faktiki olaraq iddiaçıya son haqq-hesab qismində ödəniş edilmişdir. İddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə onun adına "xxxx" ASC-də hesab açılmış, həmin bankın plastik kartı əmək haqqı kartı kimi iddiaçıya təqdim edilmiş, müntəzəm olaraq əmək haqqı ödənişləri həmin karta mədaxil edilmişdir. Əmək haqqı kartı məlumatları şəxsi xarakter daşıyır. Kart iddiaçının özünə təqdim edilmişdir. İddiaçının 2 il ərzində əmək haqqı kartı olmadan işləməsi ağlabatan deyildir. Digər tərəfdən, iddiaçı ona aid əmək haqqı kartındakı pul vəsaitindən mobil tətbiq vasitəsi ilə də istifadə edə bilərdi. Sonda E.Z.Məhərrəmov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - 01 mart 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-də sürücü-satış təmsilçisi vəzifəsinə ilə qəbul edilmiş, ona 400 manat əmək haqqı təyin edilmiş, əmək haqqı və digər ödəinşlərin "xxxx" ASC-dəki bank hesabına köçürülməsi nəzərdə tutulmuşdur. - 01 iyun 2021-ci il tarixli, 31/21 nömrəli əmrdən görünür ki, İddiaçı uzun müddət üzrsüz səbəbdən işə gəlmədiyi, işə gəlməməyi barədə məlumat vermədiyi və iş fəaliyyəti dövründə yol verdiyi mənimsəmə faktlarına görə 01 iyun 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. Əmək müqaviləsinə xitam verilən günədək ödənilməli olan son haqq-hesab məbləği işə çıxmadığı günlərə görə ödənilən əmək haqqı ilə əvəzləşdirilmişdir. - Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının baş həkimi tərəfindən verilmiş “əmək qabiliyyətinin olmaması vərəqəsi”ndən görünür ki, İddiaçı “Covid-19” infeksiyası ilə əlaqədar 30 mart 2021-ci il tarixdən 08 aprel 2021-ci il tarixədək stasionar müalicədə olmuşdur. - 15 may 2021-ci il tarixdə Cavabdeh MMC-nin direktoru, baş mühasibi və bölgə müdiri tərəfindən tərtib edilmiş aktda göstərilmişdir ki, ... İddiaçı ... sonuncu dəfə 2021-ci ilin mart ayının sonlarında işdə olmuşlar. O gündən bəri heç bir üzrlü səbəb olmadan işə çıxmamışlar. Buna görə dəfələrlə şifahi xəbərdarlıq olmuş və işə çıxmamaları barədə MMC-yə yaxınlaşaraq izahat yazmaları tələb olunmuşdur. Eyni zamanda, ünvanlarına xəbərdarlıq bildirişi göndərilmiş, lakin ünvanlarında qapı bağlı olduğundan bildiriş geri qaytarılmışdır. - Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı K.Abdullayev tərəfindən qəbul edilmiş 01 iyul 2021-ci il tarixli “materialın aidiyyət üzrə göndərilməsi haqda” qərardan görünür ki, "xxxx" MMC Gəncə şəhər BPİ-yə ərizə ilə müraciət edərək MMC-nin Gəncə 1 saylı firma mağazasında satış təmsilçisi vəzifəsində işləyən İddiaçı 6057,41 manat ... pulu dükanlardan qəbul edərək firma mağazasına ödəmədiklərini bildirmiş, material 05 iyun 2021-ci il tarixdə K.Abdullayevin icraatına yönəlmiş, izahatlar alınmış, materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulmuş mənimsəmə və istaf etmə cinayətinin tərkib əlamətləri olub-olmamasının müəyyən edilməsi üçün araşdırmanın davam etdirilməsi ilə bağlı material Gəncə şəhər Prokurorluğuna göndərilmişdir. - 16 iyun 2021-ci il tarixli, ******* nömrəli “inzibati xəta haqqında” protokoldan və 25 iyun 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 və İddiaçı əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsinə qanun pozuntusuna yol verildiyinə görə Cavabdeh MMC-nin direktoru X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə protokol tərtib edilmiş, həmin protokol əsasında İ.E.Qurbanov barəsində 1400 manat inzibati cərimə miqdarında inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Hesabdan çıxarış məlumatlarından görünür ki, İddiaçı "xxxx" ASC-dəki hesabına 24 aprel 2019-cu il tarixdən başlayaraq 21 may 2021-ci il tarixədək müxtəlif məbləğlərdə pul vəsaitləri mədaxil edilmiş, sonuncu ödənişin təyinatı kimi aprel ayının əmək haqqı qeyd olunmuşdur. Məhkəmə tərəfləri dinləyib mülki iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələbinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və məcburi işburaxma ilə əlaqədar əmək haqqının ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, 01 iyun 2021-ci il tarixli, 31/21 nömrəli əmrdə iddiaçının işdən azad edilməsinin 2 səbəbi göstərilmiş, bunlardan biri üzrsüz səbəbdən işə gəlməmə, digəri isə iş fəaliyyəti dövründə yol verdiyi mənimsəmə faktları olmuşdur. İddiaçının mart ayının sonlarından işə çıxmaması həm tibbi vərəqədən, həm də cavabdeh tərəfindən təqdim olunmuş aktdan öz təsdiqini tapır. İddiaçının nümayəndəsi izahatında iddiaçının 11 may 2021-ci il tarixdə işdən azad edilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etməsini bildirmiş, lakin buna dair hər-hansı sübut məhkəməyə təqdim olunmamışdır. Əmrdə göstərilən digər məsələ isə hazırda prokurorluq orqanı tərəfindən araşdırma mərhələsindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Beləliklə müəyyən olunur ki, 01 iyun 2021-ci il tarixli əmrdə göstərilən səbəblərdən ən azı birinin mövcud olması işçi ilə işəgötürən arasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsasdır və hazırda bu əsasların mövcud olması sübuta yetirildiyindən məhkəmə hesab edir ki, iddia əmrin ləvğ olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində rədd edilməlidir. Digər tərəfdən, məhkəmə iddiaçının əmək haqqı kartına köçürülmüş pulların cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və istifadə olunmamış əmək məzuniyyətinin pulla əvəzi ilə son haqq-hesabın ödənilməsi ilə bağlı məhkəmə hesab edir ki, iddiaçının 2021-ci ilin mart ayının sonundan işə çıxmaması sübuta yetirilmiş, cavabdeh iddiaçıya son haqq-hesab və məzuniyyət pulunun düzgün hesablanmaması ilə bağlı inzibati məsuliyyətə cəlb olunsa da, bank hesabından çıxarış məlumatlarında işə çıxmadığı aprel ayının əmək haqqı qismində iddiaçının hesabına pul köçürülmüşdür. Digər tərəfdən, əmək haqqı kartının iddiaçıya təqdim edilməməsi ilə bağlı da məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia bu hissələrdə də rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-yə qarşı “işə bərpa, əmək haqqının və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar