Məhkəmə qərarları › İş №2(001)-5804/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5804/2021

15.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5804/2021 15.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh Delta Plus LTD MMC-yə qarşı əmrin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Delta Plus LTD MMC-yə qarşı əmrin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 15.04.2020-ci il tarixdə Delta Plus LTD MMC-yə satış üzrə nümayəndə (sənaye məhsulları) işinə qəbul edilmiş, 2021-ci ilin mart ayına kimi işəgötürən tərəfindən normal şəkildə ona əmək haqqı ödənilmişdir. Belə ki, o, həmin şirkətdə Kürdəmir rayonundan Qazax rayonunu kimi olan dükanlarda yoxlama aparmış, 2021-ci ilin mart ayının 2-də ərizə ilə şirkətin bölgə müdiri Çingiz Əkbərova müraciət edərək işdən çıxmaq istədiyini bildirmişdir. Lakin Ç.Əkbərov onun yazdığı ərizəni cırmışdır. İşdən çıxmaq istəməsinin səbəbi 2021-ci ilin fevral ayında əmək haqqının aşağı salınması, bundan sonra onun işəgötürənlə mübahisəsi yaranmışdır. Əmək haqqının az olması, gördüyü işin qarşılığını ödəmədiyindən o, dəfələrlə ərizə yazaraq işdən çıxarılmasını xahiş etmişdir. Lakin işəgötürən onu işdən çıxarmamış, ona əmək haqqı verilməsini dayandırmışdır. Mart ayının 24-də onun ərizəsi cırılıb atıldığı üçün o, şirkətin baş ofisinə elektron müraciət edərək işdən çıxmaq istədiyini bildirmişdir. 24.03.2021-ci ildən işə çıxmadığı halda işəgötürən onunla əmək müqaviləsinə xitam verməmişdir. Əmək haqqı kartı olsa da, kart heç vaxt ona verilməmişdir. Ona görə də işəgötürənin onun adına pul yazıb, kartdan çıxarmasını bilmiş, lakin heç vaxt öz hesabından çıxarış etməmiş, sadəcə kartını bağlatmışdır. Aprel ayının əvvəllərində onun telefonuna sms gələrkən kartına pul yüklənməsini bilmişdir. Bundan sonra cavabdehin qanunsuz hərəkətlərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttinə 07.04.2021, 06.05.2021 və 20.05.2021-ci il tarixlərdə zənglər etmişdir. X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən ona 17.06.2021-ci il tarixli **********9 saylı məktubla cavab verilərək Delta Plus LTD MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan müraciətlə bağlı araşdırılma ilə əlaqədar Delta Plus LTD MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılması bildirilmişdir. Cavabdeh onun barəsində yazdığı haqlı şikayətə cavab olaraq qərəzli şəkildə onunla bağlanan əmək müqaviləsinə 01.06.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Ona görə də, cavabdehin 01.06.2021-ci il tarixli əmrinin ləğv olunmasına, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının, həmçinin mart, aprel və may aylarının əmək haqqının cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Delta Plus LTD MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı iddia tələbi tamamilə əsassızdır. Belə ki, İddiaçı Delta Plus LTD MMC-nin Gəncə şəhərində yerləşən firma mağazasında əmək funksiyalarını icra etmişdir. Gəncə şəhəri üzrə yoxlanış zamanı həmin şəxsin fəaliyyətində cinayət tərkibli fakt olan mənimsəmə aşkar edilmişdir. Bununla bağlı aidiyyatı üzrə Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edilmişdir. Hal-hazırda materiallar araşdırma aparılması üçün aidiyyatı prokurorluq orqanına təqdim edilmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin səbəbi onun 2021-ci ilin aprel ayından işə çıxmaması olmuşdur. Dəfələrlə iddiaçıya şifahi və yazılı qaydada xəbərdarlıq edilmiş, lakin iddiaçı iş yerinə gəlməmiş, iddiaçı işdən çıxmaq istəməsi barədə işəgötürənə ərizə təqdim etməmişdir. İddiaçı uzun müddət üzrlü səbəb olmadan işə gəlmədiyindən onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsin ç bəndinə əsasən işəgötürən tərəfindən xitam verilmişdir. İddiaçıya maaş kartının verilməməsi mümkün deyil, maaş kartı ilə bağlı məlumatlar şəxsi xarakter daşıyır. İddiaçının maaş kartı onun özündə olmuş, hər ay maaşı işəgötürən tərəfindən həmin karta ödənilmişdir. Kartın bloklanması barədə cavabdehə heç bir məlumat verilməmişdir. İddiaçıya işə çıxmadığı aprel ayına görə də əmək haqqı ödənilmişdir. İddiaçının X4nə ünvanladığı müraciəti üzrə araşdırma aparılmış və yalnız işdənçıxarılma zamanı son haqq-hesab ödənilmədiyi üçün cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsinə görə cərimə olunmuşdur. Əgər iddiaçının işdən çıxarılması zamanı hərhansı qanun pozuntusu mövcud olsaydı bu zaman cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə görə cərimə oluna bilərdi. X2 araşdırma zamanı mövcud sənədlər həmin orqana təqdim olunmuşdur. İşəgötürən, yalnız bir maddə ilə inzibati cərimə olunmuşdur. Bu isə onu göstərir ki, iddiaçının işdən çıxarılması zamanı heç bir qanun pozuntusu mövcud olmamışdır. İddiaçı 4800 manat məbləğində pulu mənimsəməklə cavabdehə zərər vurmuşdur. Bununla bağlı araşdırma aparılmaqdadır. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Delta Plus LTD MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, İddiaçı 2021-ci ilin mart ayının sonuna kimi işdə olmuş, lakin cavabdeh tərəfindən onun işdə olmadığı aprel ayı üzrə 323 manat əmək haqqı hesablanmışdır. İddiaçı ABC Telecoma məhkəmə qərarı ilə borcu olduğundan, həmin 323 manatdan 87 manat borca, 29 manat isə İcra və probasiya şöbəsinin depozit hesabına tutularaq ödənilmiş, qalan 207 manat əmək haqqı isə iddiaçıya məxsus bank kartına köçürülmüşdür. İddiaçı aprel və may aylarında işdə olmamış, işdən çıxarılma əmrində aprel ayında ödənilmiş əmək haqqı son haqq-hesab kimi əvəzləşdirildiyi göstərilmişdir. Ona görə də məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işə cavabdeh Delta Plus LTD MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. X6 LTD MMC ilə işçi İddiaçı arasında bağlanmış 15.04.2020-ci il tarixli müddətsiz əmək müqaviləsindən müəyyən olunur ki, İddiaçı aylıq əmək haqqı 380 manat olmaqla Delta Plus LTD MMC-yə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. X6 LTD MMC ilə işçi İddiaçı arasında bağlanmış 15.04.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən müəyyən olunur ki, işçi ona etibar edilən müəssisəyə aid olan mal varlıqlarının möbcudluğunun və salamatlığının təmin olunması üçün tam maddi məsuliyyəti öhdəsinə götürmüşdür. Delta Plus LTD MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 15.05.2021-ci il tarixli aktdan müəyyən olunur ki, Delta Plus LTD MMC-də əmək müqaviləsi əsasında işləyən İddiaçı sonuncu dəfə 2021-ci ilin mart ayının sonlarında işdə olmuş, həmin vaxtdan heç bir üzrlü səbəb olmadan işə çıxmamış, dəfələrlə şifahi xəbərdarlıq edilərək MMC-yə yaxınlaşıb izahat verməsi ondan tələb olunmuş, ünvanına xəbərdarlıq bildirişi göndərilmiş, lakin qapı bağlı olduğundan bildiriş geri qaytarılmışdır. Edilmiş şifahi xəbərdarlıqdan sonra da, o, MMC-yə yaxınlaşaraq izahat yazmamışdır. Delta Plus LTD MMC-nin 01.06.2021-ci il tarixli 30\21 saylı əmrindən müəyyən olunur ki, Delta Plus LTD MMC-də satış təmsilçisi vəzifəsində çalışan İddiaçı uzun müddət üzrsüz səbəbdən işə gəlmədiyi, işə gəlməməsi barədə məlumat vermədiyi və iş fəaliyyəti dövründə yol verdiyi mənimsəmə faktlarına görə 01.06.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin 17.06.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı müraciəti araşdırılaraq Delta Plus LTD MMC-nin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin 25.06.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən müəyyən olunur ki,vətəndaşlar İddiaçı və X1 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verdiyindən Delta Plus LTD MMC-nin direktoru X3 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1400 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.10.2021-ci il tarixli 4\1166 saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş 15.04.2020-ci il tarixli əmək müqaviləsində və tam maddi məsuliyyət haqqında müqavilədə işçi qrafalarındakı imzalar İddiaçı tərəfindən icra olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir. Gəncə şəhər prokurorluğunun 11.09.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Delta Plus LTD MMC-nin Gəncə 1 saylı firma mağazasında satış təmsilçisi vəzifəsində işləyən X1 6057,41 manat, İddiaçı 5673 manat pulu dükanlardan qəbul etməsi, lakin həmin vəsaitlərin firmanın hesabına ödənilməməsinə dair edilən müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından rədd edilmişdir. Rabitəbank ASC-nin 20.04.2021-ci il tarixli 21.05.2021-ci il tarixli ödəniş tapşırıqlarının surətindən müəyyən olunur ki, İddiaçı bu bankda olan hesabına Delta Plus LTD MMC tərəfindən ödənişlər edilmiş, həmin məbləğdən 87 manat ABC Telecomun hesabına keçirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı 2021-ci ilin mart ayının sonundan etibarən işə çıxmamış, işə çıxamamasının üzrlü səbəbdən baş verməsinə dair işəgötürənə hər hansı bir sənəd təqdim etməmiş, işəgötürən işçinin işə çıxmadığı halda ona aprel ayı üçün əmək haqqı hesablayıb ödəmiş, 01.06.2021-ci il tarixdə isə işçi ilə bağladığı əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam vermişdir. İddiaçı cavabdehə onunla bağlanan əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi barədə ərizə təqdim etdiyi üçün işə çıxmadığını, cavabdehin nümayəndəsi işə iddiaçının işəgötürənə onunla bağlanan əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət etmədiyini bildirsə də, məhkəmə hesab edir ki, belə bir müraciətin olması halı belə iddiaçıya dərhal işə çıxmaması, öz əmək funksiyalarının icrasını dayandırması üçün əsas ola bilməzdi. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Ona görə də məhkəmə cavabdehin iddiaçı ilə bağladığı əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verməsinə dair əmrini əsaslı hesab edir. Məhkəmə iddiaçının 2021-ci ilin mart, aprel, may ayları üzrə əmək haqqı tələbi ilə bağlı qeyd edir ki, iddiaçıya mart, aprel ayları üçün əmək haqqı ödənildiyindən, aprel, may aylarında iddiaçı işə çıxmadığından onun bu aylara görə əmək haqqı tələbi təmin edilə bilməz. İddiaçının məhkəməyə təqdim etdiyi votsap və mail yazışmalarına münasibət bildirib məhkəmə qeyd edir ki, bu yazışmaların mənbəyini, həqiqiliyini, kiminlə aparılmasını müəyyən etmək mümkün olmadığından sübut növü kimi qiymətləndirilə bilməz. Məhkəmə əmək haqqı kartının verilməməsi ilə bağlı iddiaçının dəlilini araşdırıb qeyd edir ki, iddiaçı iddia tələbində istinad etdiyi bu halın baş verməsini təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa belə faktın mövcud olması halı iddiaçıya ona xidmət göstərən bank vasitəsi ilə öz hesabını yoxlamaq, hesabından çıxarış etmək, hesabını bağlamaq hüququndan istifadə etmək imkanını məhdudlaşdırmırdı. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının heç bir üzürlü səbəb olmadan 2 aydan çox işə gəlməməsi, mart, aprel aylarına görə əmək haqqını alması, aprel, may aylarında işləməməsi öz təsdiqini tapdığından İddiaçı Delta Plus LTD MMC-yə qarşı 01.06.2021-ci il tarixli əmrin ləğv edilməsinə, işə bərpa edilməsinə, məcburi iş buraxmaya görə işə bərpa olunduğu günədək əmək haqqının, 2021-ci ilin mart, aprel, may aylarına görə əmək haqqının ödənilməsinə dair iddia tələbləri əsassızdır, ona görə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə keçiriln ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin iddiaçının əsassız vəsatət verməklə iş üzrə icraatı yubatdığı üçün 500 manat cərimə olunmasına dair vəsatətinə münasibət bildirib qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 174.5.-cü maddəsinə əsasən məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. İstinad olunan normadan müəyyən olunur ki, işdə iştirak edən şəxslərin cərimə edilməsi məhkəmənin vəzifəsi deyil, hüququdur. Bundan başqa məhkəmə hesab edir ki, hüquqi savadı olmayan iddiaçının öz müdafiəsini qurmaq üçün vəsatətlər verməsi onun cərimə olunması ilə nəticələnə bilməz. Ona görə də məhkəmə vəsatəti əsassız hesab edib təmin etmir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Delta Plus LTD MMC-yə qarşı 01.06.2021-ci il tarixli əmrin ləğv edilməsinə, işə bərpa edilməsinə, məcburi iş buraxmaya görə işə bərpa olunduğu günədək əmək haqqının, 2021-ci ilin mart, aprel, may aylarına görə əmək haqqının ödənilməsinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı ekspertiza tədqiqatının dəyərinə görə 124 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar