Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5831/2025 30.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X16 Hüseynağa qızının sədrliyi, Səftərov Hüseyn Sahib oğlunun katibliyi, İddiaçı1, Cavabdeh və nümayəndəsi X12 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı övladları ilə birlikdə yaşayış sahəsinə köçürülməsi və yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı yaşayış sahəsinə köçürülməsi və yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2006-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin (hədiyyə verən) ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi, 38.06 kv.m. olan, 3 otağdan ibarət 54 saylı mənzili X1 Nahid Xanmurad oğluna bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH №0016420 saylı, xx.xx.2006-cı il tarixli Çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, X17 küçəsi, ev 1b ünvanında yerləşən 54 saylı mənzil tam mülkiyyət hüquqi üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 5985 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı1 ünvan 3 ünvanda yerləşən 54 saylı mənzildə qeydiyyatdadır. Həmçinin arvadı İddiaçı2 və övladları da atasına məxsus olmuş ünvanda qeydiyyatda olmuşlar. Arvadı ilə 1996-cı ildən həmin mənzilə köçüb burada yaşamışlar. Atasına məxsus mənzildə atası qardaşına bağışlamamışdan qabaq qeydiyyata düşmüşdür. Uşaqları həmin ərazidə yerləşən məktəbdə oxumuşlar və orada poliklinika qeydiyyatında olmuşlar. Orada yaşadıqdan ailə daxili mübahisləri olduğundan məcbur qalıb kirayə çıxmışdır. Ev qardaşına bağışlansa da orada yaşamışdır.Hazırda qızı rəsmi nikaha daxil olduğundan köçüb getmişdir. Lakin qardaşı Cavabdeh yəni cavabdeh onu qeydiyyatdan çıxma ilə bağlı məhkəməyə verənədək münasibəti yaxşı olmuşdur və həmin evə gedib gəlmişdir.Evin təmirində zəruri xərclərində iştirak etmişdir.Cavabdeh X14 və 3-cü şəxslərə qarşı qeydiyyatdan çıxma ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan Bakı Apellyasiya məhkəməsinə şikayət vermiş, lakin apellyasiya şikayəti təmin edilməmişdir hazırda qərar qanuni qüvvəsini almamışdır.Hesab edir ki, ünvan 3 ünvanda yerləşən 54 saylı mənzildə istifadə hüquqları var və mən həmin mənzilə ailəsi ilə köçürülüb yaşamalı olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə etmiş və təmin olunmasını xahiş etmişdir. Həmçinin digər iddiaçıların da maraqlarını müdafiə edərək bildirmişdir ki, atası ona hazırki evi satıb ev almağı təklif etsə də vədini icra etməmiş, hazırda o kirayələrdə qalır. Onun xəbəri olmadan qardaşına evi bağışlamışlar. Onun heç bir yerə qeydiyyatı yoxdur. Məhkəmədən hazırki vəziyyətini nəzərə alıb barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Cavabdeh 06 oktyabr 20205-ci il tarixində etiraz ərizəsi ilə məhkəməyə bildirmişdir ki, iddia ərizəsi əsassızdır və iddiaçılar Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi, ev 1 b ünvanında yerləşən 54 saylı mənzildə qeydiyyatda olsalar da, həmin mənzildə ümumiyyətlə yaşamamışlar. Bundan əlavə iddiaçının kirayə pulunu da xəstə anası öz pensiyasından ödəyir. Qardaşına iki dəfə ev alınmışdır. Qardaşı evləri satıb öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırki evdə isə onun qeydiyyatı formal xarakter daşıdığından qeydiyyatdan çıxarmışdır. Evdə iki xəstə valideyni yaşayır. Onlara da özü qulluq edir. Cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının hazırki evə qeydiyyatı formal xarakter daşıdığına görə məhkəmənin qərarı ilə o evdən qeydiyyatdan çıxarılmışdır. Həmçinin sözügedən mənzil cavabdehin qanuni mülkiyyətindədir. İddiaçıya ev alınsa da həmin evi satıb öz şəxsi xərclərinə istifadə etmişdir. hazırda isə heç bir yerə qeydiyyatının olmaması cavabdehin problemi deyil. İddiaçılar bir gün də olsun hazırki mənzildə yaşamamışlar, onların hazırki evə istifadə hüquqları mövcud deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2006-cı il tarixli mənzilin bağışlanmasına dair müqaviləyə əsasən, hədiyyə verən X4 Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2005- ci il tarixli, 30/23962 saylı arayışına əsasən, özünə məxsus olan, ünvan 5 ünvanda yerləşən yaşayış sahəsi, 38,06 kv.m olan 3 otaqdan ibarət 54 saylı mənzilini oğlu Cavabdeh bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH №0016420 saylı xx.xx.2006-cı il tarixli çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, X17 küçəsində istifadədə olan 0,11205 ha torpaq sahəsində yerləşən 1 b nömrəli, 9 mərtəbəli binanın 3-cü girişində, 9-cu mərtəbəsində yerləşən – kv.m ümumi, 38,6 kv.m yaşayış sahəsindən ibarət 3-otaqlı 54 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 5985 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 2-1(112)-12789/2024 saylı qərarı ilə Cavabdeh iddiası təmin edilərək, İddiaçı1, X8, İddiaçı3, İddiaçı2 və X5 Bakı şəhəri, Binəqədi rayonu, X17 küçəsi, ev 1 b ünvanında yerləşən 54 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 may 2025-ci il tarixli 2-1(103)-1036/2025 saylı qərarı ilə üçüncü şəxs İddiaçı1 Bakı İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 2-1(112)-12789/2024 saylı qərarından verdiyi apellyasiya şikayəti təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 30 iyul 2025-ci il tarixli arayışından göründüyü kimi, hazırda ünvan 8 ünvanında yerləşən 54 saylı mənzildə Cavabdeh, X6, X2 və X13 qeydiyyatdadırlar. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, qonşular R.R Abdurəhmanov, F.Ə.Səmədov, G.N.Rzayeva, R.A.Səlimov, Ə.Ç.Fərəcovanın toplanılan imzaları ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 Bakı şəhəri, Binəqədi rayonu, X17 küçəsi, ev 1 b ünvanında yerləşən 54 saylı mənzildə hazırda yaşamadıqlarını və ümumiyyətlə yaşamadıqlarını təsdiq etmişlərdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “ ... mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, yuxarıda sadalanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmetinə daxil olan evə (tikiliyə) və həmin evin yerləşdiyi torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün, iddiaçı evə köçürülməsi və istifadə hüququnun tanınması barədə tələbi irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməlidir. Belə ki, iddiaçının hazırkı tələbin irəli sürülməsi üçün əsas arqumenti tikilinin tərəflərin birgə nikahı dövründə birgə vəsaiti hesabına alınmasıdır, bunun əksi isə yuxarıda istinad edilən və qanuni qüvvəsini almış məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Eyni zamanda qeyd olunmalıdır ki, “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 noyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “ ... məhkəmələr tərəfindən iddiaçının “köçürülmə” tələbinin təmin edilməsinə əsas olmuş və iş üzrə tətbiq edilmiş Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinin konstitusiya mahiyyəti və məqsədi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşdırılmış hüquqi mövqeləri mövcuddur. Belə ki, Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, sözügedən mənzil cavabdehin qanuni mülkiyyətindədir. İddiaçılar heç bir zaman sözügedən mənzildə yaşamamış və həmin mənzilə onların qanunla nəzərdə tutulmuş qaydada hər hansı istifadə hüquqları yaranmamışdır. Həmçinin əvvəl onların mənzilə mövcud qeydiyyatlarına da formal xarakter daşıdığından məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xitam verilmişdir. Belə olan təqdirdə isə tələb əsaslı hesab oluna bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı yaşayış sahəsinə köçürülməsi və yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddiaları rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı yaşayış sahəsinə köçürülməsi və yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-5831/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5831/2025
30.10.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver