Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5834/2020 13.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, həddi büluğa çatmayanlar xx xxxxxx 2013-cü il təvəllüdlü X3 və xx xxxxxx 2006-cı il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən iki otaqdan ibarət mənzil anasının mülkiyyətində olmuş və vərəsəlik qaydasında ona qalmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən hüquqi qeydiyyatdan keçirilərək onun adına çıxarış verilmişdir.X4 ilə aralarında bağlanan rəsmi nikahdan üç uşaqları olmuşdur. Cavabdeh rəsmi nikaha daxil olaraq evlənmişdir. Nikahlarından bir övladı olmuşdur. Cavabdehə yeni tikili binalarda 3 otaqlı ev alınmışdır. Lakin cavabdehin arvadı ilə nikah münasibətləri pozulduqdan sonra onlar boşanmış həmin mənzil bölünmüşdür. Evin iki otağı arvadına verilmişdir. Cavabdeh sonra yenidən iki uşağı olan bir qadınla evlənmişdir. Həmin qadının uşağı olan xx xxxxxx 2006-cı il təvəllüdlü X5 övladlığa götürmüş və onun evinə qeydiyyata salmışdır. Cavabdehin müxtəlif ünvanlarda yeni tikili binalarda evləri və villaları, gözəllik salonları vardır. Onun mübahisəli mənzildə yaşayış sahəsinnə ehtiyacı yoxdur. Daimi yaşayış yeri vardır. Cavabdeh artıq 18 ildir ki, bu mənzildə yaşamır. Kommunal xərclərin ödənilməsində iştirak etmir və mənzildən istifadə etməmişdir. O, dəfələrlə cavabdehdən pasport qeydiyyatından çıxmasını tələb etsə də, cavabdeh qeydiyyatdan çıxmamışdır və onun formal qeydiyyatı qalmaqdadır Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixində Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona qarşı qaldırılan iddia tələbinə etiraz edərək, bildirir ki, onun müxtəlif ünvanlarda, yeni tikililərdə evləri, villaları və gözəllik salonları mövcud deyildir. Onun arvadı ilə arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Birgə nikah dövründə valideynlərinin maddi yardımı olmadan aldığı mənzil arvadı ilə arasında bölünmüşdür. İddiaçı onun anasıdır. Anasına hörmət əlaməti olaraq həmin mənzildə yaşamır. Anasının ahıl yaşında onu narahat etmək istəmir. Ona görə də, qeydiyyatda olan bacısı və qardaşı kimi həmin mənzildən çıxmışdır. Bu o demək deyil ki, onun həmin mənzildən istifadə hüququna xitam verilməlidir. Belə ki, o həmin mənzildə doğulmuşdur. Gəncliyi həmin mənzildə keçmişdir. Sonradan ailə həyatı quraraq həmin mənzildən çıxmışdır. Onunda qardaşı və bacısı kimi mənzildə istifadə hüququ olmasına baxmayaraq onlar kimihəmin mənzildə istifadə etmir. İddiaçı iddia ərizəsində onun kommunal xərclərdə iştirak etməməsini qeyd etməklə məhkəməni səhv nəticəyə yönəldir. Belə ki, onun həmin mənzildə istifadə hüququnun olması kommunal xərclərin ödənilməsi öhdəliyini yaratmamışdır. O, anasına pis oğul olmamış, xətəliyində onun yanında olmuşdur. Hətta tibbi xərclərini belə özü ödəmişdir. Anası mənzilin mülkiyyətçisi olsa da oxumaq və yazmaq anlayışı yoxdur. Bu məsələləri ondan xəbərsiz atası edir. Hətta iddia ərizəsinin onun anası tərəfindən imzalanması onda şübhə yaratmışdır. Göstərilənlərə əsasən ilkin iddianın rədd edilməsi, ilkin iddia təmin edildiyi halda İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 8, 4 saylı mənzildən azyaşlı uşaqları ilə birlikdə ona 15000 manat kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, həmin mənzil Turaxanıma miras kimi qalmışdır. Bu hardasa 1967-ci ildə olmuşdur. O, Turaxanımla 1976-cı ildə nikaha daxil olmuşdur. Cavabdehin villaları, maşınları, evləri var. Sadəcə hamısını arvadının adına qeydiyyatdan keçirmişdir. Oğluna ev alıb vermişdir. Onun indiki evliliyi rəsmi deyildir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı izahatında bildirmişdir ki, 2006-cı ildə evdən çıxıb getmiş, başqa yerdə yaşamışdır. O hal-hazırda boşanmışdır. İndi ikinci ailəsinin yanında yəni yoldaşının evində qalır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, ilkin iddianı qəbul etmir, ilkin iddia təmin edildiyi halda azyaşlı uşaqları ilə birlikdə ona 15000 manat kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılılı iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 8, 4 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-ci il tarixində 1991 nömrəli reyestr kitabının 183966 saylı vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 8, 4 saylı mənzildə X9, Cavabdeh, X12, X10, X6, X7, X8, X11 və İddiaçı qeydiyyatdadırlar. Məhkəmə tərəfindən tədqiq edilmiş və işin halları ilə təsdiq olunan sübutlarla müəyyən edilir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 8, 4 saylı mənzilin mülkiyyətçisidir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh onun oğludur. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun yetkinlik yaşına çatmayan oğulları xx xxxxxx 2013-cü il təvəllüdlü X12 və xx.xx.2006-cı il təvəllüdlü X10 mübahisəli mənzildə qeydiyyatdadırlar. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh rəsmi nikaha daxil olduqdan sonra həmin mənzildən çıxmış və uzun müddətdir ki, həmin mənzildə yaşamır. Həmçinin İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona və uşaqlarına 15000 manat dəyərində kompensasiya verilməklə həmin mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1,106.2-ci maddələrinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. İlkin iddia üzrə iddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsini qeyd etmişdir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyinəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx xxxxxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Məhkəmə əvvəla qeyd etməyi zəruri hesab edir ki, mənzil daşınmaz əmlakın dövlət reyestrində 2013-cü ildən qeydiyyata alınsa da, həmin mənzil bu vaxta qədər də mövcud olmuş, hətta 2000-ci ildən əvvəl belə iddiaçının atasından miras qalmış əmlak kimi iddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamışlar. İlkin iddia üzrə iddiaçı 2006-cı ilə qədər orada yaşamış, bundan sonra ailə həyatı quraraq həmin mənzildən daimi əsaslarla köçüb getmişdir. Yəni iddiaçının həm keçmiş Mənzil Məcəlləsinə əsasən, həm də qüvvədə olan Mülki Məcəlləyə əsasən istifadə hüququnun yaranmış olması mübahisəsizdir. İstifadə hüququnun yaranması səbəbindən asılı olmayaraq Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarının hazırki mübahisəyə tətbiq edilməsi mümkündür. İşin hallarından göründüyü kimi ilkin iddia üzrə cavabdeh, qarşılılı iddia üzrə iddiaçı məhkəmə iclasında ilk dəfə rəsmi nikaha daxil olduğu gündən könüllü olaraq ata evindən köçüb getdiyini bildirərək faktiki olaraq həmin mənzildə artıq yaşamadığını, hal-hazırda isə ikinci ailəsindən olan yoldaşının evində yaşadığını bildirmişdir. Hal-hazırda ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün tələb olunan iki təməl şərtdən ikincisi pozulmuşdur. Belə olduğu təqdirdə onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 8, 4 saylı mənzilindən istifadə hüququna sahibinin həmin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı üçün xitam verilməlidir. Məhkəmə eyni zamanda cavabdehin istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsinin mümkünlüyü məsələsinə qarşılıqlı iddia ilə əlaqədar şəkildə qiymət verilməsini məqsədəmüvafiq hesab edir. Hərçənd ki, istifadə hüququ olan şəxsin mülkiyyətçinin iradəsi olmadan ondan kompensasiya tələb etməsi üçün subyektiv hüququ yoxdur, lakin qanunvericilik Mülki Məcəllənin 228-ci maddəsi baxımından istifadə hüququ yaranmış şəxsin bu hüququna kompensasiya ödənilməklə və ya kompensasiyasız xitam verilməsinin mümkünlüyünə qiymət verilməsini qarşılıqlı iddia tələbindən və ya ilkin iddia tələbindən asılı etməmişdir. Yəni qarşılıqlı iddia üzrə iddiaçının belə tələblə məhkəməyə iddia verməsi üçün subyektiv hüququ olmasa da, məhkəmə onsuz da istifadə hüququna xitam verilməsinə hüquqi qiymət verərkən kompensasiya məsəsləsini araşdırmalıdır. Odur ki, yuxarıda qeyd olunan Plenum qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır.Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Mülki Məcəllənin 262-ci maddəsində sadalanan servituta xitam verilməsinin əsasları sırasında bəzi xarici ölkələrin qanunvericilik təcrübəsindən (Fransa Mülki Məcəlləsinin 706-cı maddəsi; Kanada Kvebek vilayətinin Mülki Məcəlləsinin 1191-ci maddəsi; Polşa Mülki Məcəlləsinin 293-cü maddəsi; Ukrayna Mülki Məcəlləsinin 406-cı maddəsi) fərqli olaraq, uzun müddət istifadə etməmə nəticəsində bu hüququn xitamı nəzərdə tutulmamışdır.Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Bu hal eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu nəticə olaraq qeyd edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. İşin hallarından göründüyü kimi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı uzun müddət ərzində və davamlı olaraq mübahisəli mənzilə olan istifadə hüquqdan könüllü istifadə etməmişdir. O, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, ikinci dəfə nikaha daxil olsa da, ikinci dəfə boşanmış lakın hal-hazırda keçmiş arvadına məxsus evdə yaşayır. Yəni ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı yaşayış sahəsinə olan ehtiyacını ilkin iddia üzrə İddiaçı mülkiyyətində olan evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmadığını məhkəmədə vermiş izahatları ilə təsdiq etmişdir. Belə olduğu təqdirdə onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 8, 4 saylı mənzilinəistifadə hüququna sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı üçün xitam verilməsi kompensasiya ödəmədən mümkündür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Məhkəmə ilkin iddia tələbi ilə bağlı hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 8, 4 saylı mənzilə dair istifadə hüququnun sahibinin həmin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı üçün onun himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları xx xxxxxx 2013-cü il təvəllüdlü X12 və xx.xx.2006-cı il təvəllüdlü X10 ilə birlikdə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı hesab edir ki, ilkin iddia üzrə kompensasiya məsələsinə qiymət verildiyindən, istifadə hüququ olan şəxsin belə tələblə iddia vermək üçün subyektiv hüququ olmadığından, kompensasiya verilməsi iddiaçının iradəsindən asılı olduğundan qarşılıqlı iddia tələbi rədd edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır.Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair ilkin iddiası təmin edilməli, Cavabdeh himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları xx xxxxxx 2013-cü il təvəllüdlü X12 və xx.xx.2006-cı il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 8, 4 saylı mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməli, Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Hər iki iddia üzrə ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair ilkin iddiası təmin edilsin. Cavabdeh himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları xx xxxxxx 2013-cü il təvəllüdlü X12 və xx.xx.2006-cı il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 8, 4 saylı mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-5834/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5834/2020
13.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver