Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5882/2024 27.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə tələbini dəqiqləşdirməklə, məhkəmədən Cavabdeh MMC şirkətindən 4 aylıq əmək haqqına görə 1380 manat məbləğində pul vəsaitinin tutularaq, ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixindən müddətsiz əmək müqaviləsi əsasında Meketing mütəxəssisi peşəsi üzrə çalışmağa başlamışdır. Cavabdeh MMC-də X1 tərəfindən işə götürülməsinə baxmayaraq, 4 ay ərzində əmək haqqı ödənilməmişdir. Bundan başqa X1 onun adına maaş üçün kart hesabı açıb, kartı ona təqdim etməli olduğu halda, təqdim etməmişdir. Ortada nə maaş, nə də ki, maaş kartı vardır. Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, ikinci aydan sonra kartın veriləcəyi deyilmişdir. Ondan başqa da, işçilər var idi. Ona görə də, kartın verilməsinə arxayın olmuşdur.Marketoloq və menecer olmuşdur. Şirkətin sosial medialarını idarə etmiş, adətən evdən işləmiş, arada iş görüşlərinə getmişdir. Dizayner olsa da, sonradan həmin oğlan işdən çıxdığından dizayn işləri ona qalmışdır. İşinin mahiyyəti logoların hazırlanması və s. olmuşdur. Şirkətin rəhbəri isə X1 olmuşdur. 4 aydan sonra plazada ofis bağlanmış, rəhbərlə əlaqə saxlamaq mümkün olmamışdır. Rəhbərlikdə sosial şəbəkədə olan yazışmaları var. Həmin yazışmalarda əmək haqqının ödənilməsini, bank kartını tələb etmişdir. Hətta, bank kartının hətta axşam saatlarında taksiylə göndərilməsi imkanı belə nəzərdə tutulmuşdur. Əmək haqqı məbləğinin hər gün ofisə gəldikdən sonra qaldırılması nəzərdə tutulmuşdur. Məhkəmədən sadəcə ödənilməmiş əmək haqqını tələb edir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə işə götürən Cavabdeh MMC (iş\götürənin səlahiyyətlərini yerinə yetirən şəxs X1) arasında xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bağlanmış və həmin müqavilə əsasında İddiaçı müddətsiz olaraq, aylıq 345 manat əmək haqqı müqabilində marketinq üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir.
6. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, xx/xx/2024/03 saylı əmrdən görünür ki, Cavabdeh bölməsində “Marketinq üzrə mütəxəssis vəzifəsində işləyən İddiaçı Rövşən qızı ilə bağlanılmış 63HSSH3000100 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2. “a” – “tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilməsi, işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb, ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq, özünə təhvil verilməsi əmr edilmişdir.
7. Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00971 saylı arayışdan görünür ki, İddiaçı tərəfindən 4 ay ərzində ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair xx.xx.2024-cü il tarixində mediasiyaya müraciət edilmiş, xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-yə təklif göndərilmiş, xx.xx.2024-cü il tarixində keçirilən mediasiya sessiyasında İddiaçı iştirak etsə də, Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmiş, 50 manat mediasiya xərci və 10 panat poçt xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar və tərəflərin izahatları əsasında müəyyən edilən işin faktiki halları:
8. İddiaçı ilə işəgötürən Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında İddiaçı müddətsiz olaraq, aylıq 345 manat əmək haqqı müqabilində marketinq üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir.
9. xx.xx.2024-cü il tarixli, xx/xx/2024/03 saylı əmr ilə İddiaçı Rövşən qızının əmək müqaviləsinə (63HSSH3000100 nömrəli əmək müqaviləsinə) AR ƏM-nin 68.2. “a” – “tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir.
10. İddiaçı şirkətdə 4 ay müddətində işlədiyini, lakin əmək haqqını ala bilmədiyini, hətta bunun üçün bank kartının belə ona təqdim edilmədiyini bildirir.
11. Cavabdeh isə keçirilmiş məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya münasibət bildirməmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
12. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
14. 154.1-ci maddəsinə əsasən Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
15. 173.1-ci maddəsinə əsasən işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir.
16. 173.3-cü maddəsinə əsasən Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir.
17. 173.4-cü maddəsinə əsasən Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər.
18. 174.1-ci maddəsinə əsasən Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.
19. 174.2-ci maddəsinə əsasən Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.
20. Tələbin mahiyyətindən və iddiaçının dəlillərindən müəyyən edildiyi kimi tərəflər arasında əmək münasibətləri olmuşdur. Belə ki, onlar arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək münasibətləri davam etmişdir. İşçi məhkəmə iclasında isə etiraf etmişdir ki, o, yalnız 4 ay əmək funksiyalarını icra etmişdir. Bununla belə ona əmək funksiyasını yerinə yetirdiyi müddət üçün əmək haqqı ödənilməmişdir. Həmin məbləği isə aylıq əmək haqqınının 345 manat olmasını nəzərə alınmaqla, 1380 manat təşkil edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməyərək, Əmək Məcəlləsinin 173-174-cü maddələrinin tələbi baxımından bunun əksini sübut etməmişdir. Hansı ki, Mülki-Prosessual Məcəllənin tələbinə əsasən hər bir tərəf öz tələbinin və etirazının dəlillərini sübut etməlidir və bu məqamda məhkəmə sübutetmə yükünü bölüşdürür.
21. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
22. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etdiyindən onun tələbi əsaslıdır. Tətbiq edilən prosessual normalar:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
26. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;
27. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. “X2” Azərbaycan Respublikası Qanununun:
29. 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.
30. 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Nəticə:
31. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdehndən ödənilməyən əmək haqqının əvəzi olaraq 1380 (bir min üç yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
32. Dövlət rüsumu ilə bağlı hissədə isə məhkəmə qeyd edir ki, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 33,8 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq, dövlət büdcəsinə ödənilməlidir.
33. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən ödənilməyən əmək haqqının əvəzi olaraq 1380 (bir min üç yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 33,8 (otuz üç manat, səksən qəpik) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev