Məhkəmə qərarları › İş №2(001)-5887/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5887/2022

02.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5887/2022 02.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdehna qarşı “işə bərpa, məcburi işburaxmaya görə aylıq əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehna qarşı “işə bərpa, məcburi işburaxmaya görə aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz verilmiş 93-k nömrəli, 01 iyun 2022-ci il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi işburaxmaya görə orta aylıq əmək haqqının hesablanıb verilməsi və mənəvi zərərə görə 1.000 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 89k saylı, 04 iyul 2018-ci il tarixli əmri ilə 1,0 ştat vahidi ilə provizor vəzifəsinə işə qəbul edilmişdir. O, işlədiyi müddət ərzində işini vicdanla yerinə yetirmiş, verilən bütün tapşırıqları qüsursuz olaraq həyata keçirmiş, heç bir nöqsana yol verməmişdir. İşlədiyi müddət ərzində heç bir töhmət, xəbərdarlıq almamış və barəsində intizam tənbeh tədbiri olmamışdır. Heç bir əsas olmadan onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 01 iyun 2022-ci il tarixdə əmr verilmişdir. Cavabdeh tərəfindən verilmiş bu əmr tamamilə qeyri-qanuni və əsassızdır. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, onun işə bərpa edilməsinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. X3 tərəfindən verilmiş cavabda 13 avqust 2020 və 16 sentyabr 2021-ci il tarixlərdə töhmət verildiyi göstərilmişdir, halbuki ona heç bir töhmət elan edilməmiş, tanış edilməmişdir. Bundan əlavə, o, işdən azad edilərkən X1 razılığı da alınmamışdır. Qeyd olunmalıdır ki, o, artıq bir neçə aydır ki, işsiz qalmış, ailəsini dolandırmaq üçün qohuməqrəbadan borc almağa məcbur olmuş, maddi sıxıntılarla üzləşmiş və bu səbəblərdən mənəvi zərərə məruz qalmışdır. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 1.000 manat məbləğində dəyərləndirir. Həmçinin bildirir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, o isə iştirak etmiş və 50 manat məbləğində mediasiya xərci ödəmişdir. 31 avqust 2022-ci il tarixdə ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Cavabdehin nümayəndəsi (vəkili) iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının iddiası əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçının iddiasının rədd olunmasına əsaslar aşağıdakılardır. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Həmin maddənin 2-ci bəndinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiadan aydın görünür ki, iddiaçı iddia müddətini ötürmüşdür. Hesab edir ki, iddia müddəti 1 ay tətbiq edilərək iddia rədd olunmalıdır Habelə, iddiaçının iddiada göstərdiyi hallar (onun işə buraxıİmaması) həqiqəti əks etdirmir. Belə ki, Cavabdeh tərəfindən Həmkarlar Komitəsinə ünvanlanan 24 may 2022-ci il tarixli müraciətdə Rəhimovun öz telefonuna cavab vermədiyi, habelə işə çıxmadığı qeyd olunaraq səbəbinin araşıdırılıb məlumat verilməsi xahiş olunmuşdur. 25 may 2022-ci il tarixli Akta əsasən təsdiq edilmişdir ki, həmin tarixdə saat 10:00 da imtiyazlı aptekə baxış keçirilərkən aptekin provizoru İddiaçı iş yerində olmamışdır. Onunla telefon əlaqəsi yaratmaq istəsələr də, telefonu aptekin nömrəsinə yönəltdiyi üçün əlaqə qura bilməmişlər. 25 və 26 may 2022-ci il tarixli Aktlara əsasən sahə tibb bacıları Rəhimovun yaşadığı mənzilə gedərək qapını döydükləri lakin qapını onlara açan olmadıqları qeyd olunmuşdur. 27 may 2022-ci il tarixli Akta əsasən Rəhimov iş yerində yox idi (iş vaxtı 9:00-dan 15:00-a qədərdir). 27 may 2022-ci il tarixli Aktla təsdiq olunur ki, həmin tarixdə İddiaçıla əlaqə yaradılmış və onun dərhal işə çıxması tələb olunmuş lakin İddiaçı Şamaxı şəhərində olduğunu orada uşaqlarını saxlamaq üçün işləməyə getdiyini bildirmişdir. 9 nömrəli Şəhər Poliklinikasının Bakı şəhər Baş Səhiyyə İdarəsi X4 direktoruna ünvanladığı 27 may 2022-ci il tarixli məktubunda aptekin provizoru İddiaçı 24 may 2022-ci il tarixdən üzürlü səbəb olmadan işə gəlmədiyi, habelə 25 may 2022-ci tarixdə poliklinikanın əməkdaşları tərəfindən Rəhimovun yaşadığı evə getdikləri və onlara qapı açan olmadığı, 27 may 2022-ci il tarixdə onunla telefon əlaqəsi yarada bildikləri lakin Rəhimovun Şamaxıda olduğunu bildirməsi qeyd olunmuşdur. Cavabdeh Həmkarlar Komitəsinin yığıncağının 31 may 2022-ci il tarixli Protokoluna əsasən İddiaçı barəsində ciddi tədbirlər görülməsi və hətta işdən azad olunması məsləhət görülmüşdür. Daha sonra Rəhimov işdən azad olunmuşdur. Cavabdehin nümayəndəsi (vəkili) iddia müddətinin tətbiq edilməsi ilə bağlı yuxarıda qeyd olunan məzmunda ayrı ərizə ilə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, onun məhkəməyə təqdim edilmiş töhmətlərdən xəbəri olmamışdır, həmin töhmətlər sonradan tərtib edilmiş saxta töhmətlərdir. Aktlar isə mötəbər sübut kimi qiymətləndirilməməlidir. Belə ki, onun 2022-ci ilin mayın 24-ündən işə çıxmamasının səbəbi rəhbərliyin onu işə buraxmaması olmuşdur. O, işinə qarşı məsuliyyətsizlik etməmişdir. Bundan başqa, aktlarda onun yaşadığı ünvana gəldikləri qeyd edilsə də, onun yaşadığı ünvana heç kəs gəlməmişdir. Göründüyü kimi aktlar da saxtadır. O, işdən azad olunması barədə əmri, habelə əmək kitabçasını və digər sənədlərini həqiqətən də poliklinikadan 03 iyun 2022-ci il tarixdə götürmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya yazılı etirazda qeyd olunan məzmunda izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddiaya yazılı etirazda qeyd olunan məzmunda izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 9 nömrəli Şəhər Poliklinikasına ünvanladığı 12 avqust 2020-ci il tarixli məktubun surətindən görünür ki, sonuncunun İddiaçı işə gəlməməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən Əmək Məcəlləsinin 186-cı maddəsinin İİ hissəsində nəzərdə tutulan intizam tənbehlərindən birini verə bilər. Həmçinin qeyd edilmişdir ki, 9 nömrəli Şəhər Poliklinikasında provizor vəzifəsi üzrə vakant ştat vahidi olduğu təqdirdə işçinin təmin edilməsi mümkündür. Cavabdeh 13 avqust 2020-ci il tarixli, 249-K nömrəli əmrinin surətindən görünür ki, müəssisədaxili intizam qaydalarını pozduğuna 20 iyun 2020 - 16 iyul 2020-ci il tarixə qədər işə çıxmadığına görə poliklinikanın aptekinin provizoru İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi əmr edilmişdir. Əsas: Bakı Baş Səhiyyə İdarəsinin 12 avqust 2020-ci il tarixli 2327-01/11 saylı məktubu, Nümayəndə məlumatı və İddiaçı izahatı. İddiaçı 14 sentyabr 2021-ci il tarixli izahatının surətindən görünür ki, bu gün səhər saatlarında onun işdə olmamağına səbəb buxalteriyaya keçən ayın hesabatını aparmağı ilə bağlı olmuşdur. Cavabdeh 16 sentyabr 2021-ci il tarixli, 258-K nömrəli əmrinin surətindən görünür ki, müəssisədaxili intizam qaydalarını pozduğuna görə poliklinikanın aptekinin provizoru İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi əmr edilmişdir. Əsas: Nümayəndə məlumatı və İddiaçı izahatı. İddiaçı 9 nömrəli Şəhər Poliklinikasının baş həkimi Nümayəndə ünvanladığı ərizənin surətindən görünür ki, o, sonuncudan 05 dekabr 2021-ci il tarixdən işdən çıxarılmasını xahiş etmişdir. Cavabdeh sahə tibbi bacıları Ay-ana İmamquliyeva və Xəyalə Kərimova tərəfindən tərtib edilmiş 25 may 2022-ci il tarixli aktdan görünür ki, onlar 25 may 2022-ci il tarixdə imtiyazlı aptek müdiri İddiaçı yaşadığı 4-cü mkr, H.Seyidzadə, ev 2a, mənzil 151 ünvanına getmişlər, qapını nə qədər döysələr də açan olmamışdır. Cavabdeh baş həkiminin müavini T.Xəlilova, YAP poliklinika üzrə sədri L.Mikayılova, Həmkarların sədri D.Abdullayeva, baş tibb bacısı S.Cəfərova və kadrlar üzrə müfəttiş F.Həsənova tərəfindən tərtib edilmiş 25 may 2022-ci il tarixli aktdan görünür ki, 25 may 2022-ci il tarixdə saat 10:0-da imtiyazlı aptekə baxış keçirilərkən aptekin provizoru İddiaçı iş yerində yox idi. İddiaçı iş saatı 09:00-dan 15:00-a qədərdir. Onunla telefon əlaqəsi yaratmaq istəsələr də İddiaçı telefonu aptekin nömrəsinə yönəltdiyi üçün əlaqə saxlaya bilməmişlər. Cavabdeh baş həkiminin müavini T.Xəlilova, YAP poliklinika üzrə sədri L.Mikayılova, Həmkarların sədri D.Abdullayeva, baş tibb bacısı S.Cəfərova, kadrlar üzrə müfəttiş F.Həsənova və kiçik tibb işçisi A.Rəsulova tərəfindən tərtib edilmiş 26 may 2022-ci il tarixli aktdan görünür ki, 26 may 2022-ci il tarixdə imtiyazlı aptekin provizoru İddiaçı iş yerində yox idi. İddiaçı iş saatı 09:00-dan 15:00-a qədərdir. Cavabdeh baş həkimi Nümayəndə tərəfindən həmin poliklinikanın Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlamış 26 may 2022-ci il tarixli müraciətdən görünür ki, imtiyazlı aptek müdiri İddiaçı 24 may 2022-ci il tarixdən bu günə kimi işə çıxmır və telefonlara cavab vermir. İddiaçı işə çıxmamağının və telefonlara cavab verməməyinin səbəbinin araşdırılıb qısa müddətdə ona məlumat verilməsi sonuncudan xahiş edilmişdir. Həmkarlar İttifaqı Komitəsinin sədri Dilarə Abdullayeva və komitənin üzvləri Sevinc Muxtarova, Sevinc Cəfərova və Aysel Qarayeva tərəfindən tərtib edilmiş 26 may 2022-ci il tarixli aktdan görünür ki, onlar, 26 may 2022-ci il tarixdə imtiyazlı aptek müdiri İddiaçı kirayədə yaşadığı 4-cü mkr, H.Seyidzadə, ev 2a, mənzil 151 ünvanında olmuşlar, qapını nə qədər döysələr də açan olmamışdır. Cavabdeh baş həkiminin müavini T.Xəlilova, YAP poliklinika üzrə sədri L.Mikayılova, Həmkarların sədri D.Abdullayeva, baş tibb bacısı S.Cəfərova, kadrlar üzrə müfəttiş F.Həsənova və kiçik tibb işçisi A.Rəsulova tərəfindən tərtib edilmiş 27 may 2022-ci il tarixli aktdan görünür ki, 27 may 2022-ci il tarixdə imtiyazlı aptekin provizoru İddiaçı iş yerində yox idi. İddiaçı iş saatı 09:00-dan 15:00-a qədərdir. Cavabdeh baş həkimi Nümayəndə, baş həkiminin müavini Təranə Xəlilova, profilaktika kabinetinin həkimi Lətifə Mikayılova, baş tibb bacısı Sevinc Cəfərova və statistik Məryəm Sərxanova tərəfindən tərtib edilmiş 27 may 2022-ci il tarixli aktdan görünür ki, 27 may 2022-ci il tarixdə imtiyazlı aptek müdiri İddiaçı ilə telefon əlaqəsi yaradılmış, onun işə çıxması tələb olunmuşdur. Lakin o, hal-hazırda Şamaxı şəhərində olduğunu və ora uşaqları saxlamaq üçün işləməyə getdiyini bildirmişdir. Cavabdeh baş həkimi Nümayəndə tərəfindən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 Bakı Baş Səhiyyə Mərkəzi” X4 direktoruna ünvanlanmış 27 may 2022-ci il tarixli məktubdan görünür ki, poliklinikanın nəzdində yerləşən imtiyazlı aptekin provizoru İddiaçı 24 may 2022-ci il tarixdən üzürsüz səbəbdən işə gəlmir. 25 may 2022-ci il tarixdə poliklinikanın əməkdaşları İddiaçı yaşadığı ünvana getmiş, lakin onlara qapını açan olmamışdır. 27 may 2022-ci il tarixdə onunla telefon əlaqəsi yaradılmış, İddiaçı Şamaxı şəhərində olduğunu bildirmişdir. Cavabdeh baş həkiminin müavini T.Xəlilova, YAP poliklinika üzrə sədri L.Mikayılova, Həmkarların sədri D.Abdullayeva, baş tibb bacısı S.Cəfərova, kadrlar üzrə müfəttiş F.Həsənova və kiçik tibb işçisi A.Rəsulova tərəfindən tərtib edilmiş 30 may 2022-ci il tarixli aktdan görünür ki, 30 may 2022-ci il tarixdə imtiyazlı aptekin provizoru İddiaçı iş yerində yox idi. İddiaçı iş saatı 09:00-dan 15:00-a qədərdir. Cavabdeh baş həkiminin müavini T.Xəlilova, YAP poliklinika üzrə sədri L.Mikayılova, Həmkarların sədri D.Abdullayeva, baş tibb bacısı S.Cəfərova, kadrlar üzrə müfəttiş F.Həsənova və əczaçı V.Axundova tərəfindən tərtib edilmiş 31 may 2022-ci il tarixli aktdan görünür ki, 31 may 2022-ci il tarixdə imtiyazlı aptekin provizoru İddiaçı iş yerində yox idi. İddiaçı iş saatı 09:00-dan 15:00-a qədərdir. Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin yığıncağının 31 may 2022-ci il tarixli iclas protokolundan görünür ki, gündəlikdə olan məsələ Poliklinikanın heyətində olan imtiyazlı xəstələrin aptek müdiri İddiaçı öz işinə qeyri-ciddi yanaşmasıdır. Bu məsələ ilə əlaqədar komitənin sədri çıxış edərək bildirmişdir ki, İddiaçı öz işinə qeyri-ciddi yanaşır, baş həkim ona dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq işə davamiyyətini düzəltmir. 24 may 2022ci il tarixdən işə gəlmir. Həmin gündən 26 may 2022-ci il tarixədək onunla telefon əlaqəsi yaratmaq mümkün olmamışdır. 27 may 2022-ci il tarixində nəhayət ki, telefona cavab verdikdə qeyd etdi ki, Şamaxıdadır. Bunlar azmış kimi, baş həkimə böhtan atır, müəyyən xəstələri öyrədib baş həkimin üstünə qaldırır. Bu məsələ ilə əlaqədar poliklinikanın professoru Lətifə Mikayılova çıxış edərək bildirdi ki, İddiaçı bir işçi kimi çox məsuliyyətsizdir, baş həkimin iradına isə böhtan ataraq kobud cavab verir. Baş həkimin müavini Təranə Xəlilova çıxış edərək bildirdi ki, kollektiv olaraq İddiaçı ilə dəfələrlə söhbət aparılmasına baxmayaraq özünə heç bir nəticə çıxarmamışdır. Bütün bunlar kollektivi qıcıqlandırır, pasiyentlərə tibbi xidmətlərin keyfiyyətini aşağı salır. Beləliklə, bütün yuxarıda qeyd olunanlar nəzərə alınaraq baş həkimə İddiaçı barəsində ciddi tədbir görülməsinin və hətta işdən azad edilməsinin məsləhət görülməsi qərara alınmışdır. Qeyd olunan iclasda 32 nəfər iştirak etmişdir. Cavabdeh kollektivi tərəfindən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X5 Bakı Baş Səhiyyə Mərkəzi” X4 direktoruna ünvanlanmış kollektiv müraciətin surətindən görünür ki, poliklinikanın imtiyazlı aptekinin provizoru İddiaçı imtiyazlı xəstələr arasında təbliğat apararaq onları rəhbərliyə qarşı qaldırır, öz çirkin əməllərini baş həkimin üstünə ataraq xoşagəlməz hal yaradır. Öz işinə məsuliyyətsiz yanaşır, işə davamiyyəti çox pisdir işə gəlməyəndə isə telefonlara cavab vermir. Bütün bunlar xəstələr arasında haqlı olaraq narazılığa səbəb olur. Bu barədə R. Rəhimova irad bildirildikdə o, baş həkimin iradlarına çox aqressiv cavab verir və ona böhtan atır. Sosial şəbəkələrdə baş həkimin və poliklinikanın imicinə xələl gətirən böhtan xarakterli məlumatlar yazır, baş həkimi təhqir edir. Bu kimi hallar kollektiv olaraq onları çox narahat edir. Bunları yazmaqla bu barədə məlumatlı olunması istənilmişdir. Bu kimi halların aradan qaldırmaq, İddiaçı barəsində müvafiq tədbir görmək məqsədi ilə köməyə ehtiyac duyduqları bildirilmişdir. Cavabdeh 01 iyun 2022-ci il tarixli, 93-K nömrəli əmrindən görünür ki, 9 nömrəli Şəhər Poliklinikasının aptekinin provizoru İddiaçı ilə bağlanmış xxxxxxx000205 (05) nömrəli əmək müqaviləsinə 01 iyun 2022-ci il tarixdən xitam verilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 25 təqvim gününün ödənilməsi və işçi ilə son haqqhesab aparılması, İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surəti ƏM-in 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günündə verilməsi əmr edilmişdir. Əsas: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə. 01 mart 2003-cü il tarixli ******* nömrəli əmək kitabçanın surətindən görünür ki, İddiaçı Cavabdehna 04 iyul 2018-ci il tarixdə əmək müqaviləsi əsasında provizor vəzifəsinə işə qəbul edilmiş, 01 iyun 2022-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh işdən azad olunanların əmək kitabçalarının qeydiyyatı jurnalının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01 iyun 2022-ci il tarixli əmri 03 iyun 2022-ci il tarixdə poliklinikadan götürmüşdür. X2 Xidmətinin Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı 28 iyul 2022-ci il tarixli məktubun surətindən görünür ki, sonuncunun müraciətinə baxılmış və bildirilmişdir ki, araşdırma zamanı “Bakı Baş Səhiyyə Mərkəzi” X4 rəhbərliyi tərəfindən təqdim edilmiş məktub və sənədlərdən sonuncunun işlədiyi müddətdə işinə məsuliyyətsiz yanaşdığı, işə dəfələrlə gecikdiyi, bu səbəbdən müxtəlif tarixlərdə (13 avqust 2020, 16 sentyabr 2021) ona töhmət verildiyi, 24 may 2022-ci il tarixdən isə üzürlü səbəb olmadan işə gəlmədiyi və bu barədə X4 məsul şəxsləri tərəfindən müvafiq aktların tərtib edildiyi məlum olmuşdur. Təqdim edilmiş sənədlərdən “Bakı Baş Səhiyyə Mərkəzi” X5 ilə arasında bağlanılmış əmək müqaviləsinə 01 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi və son haqqhesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələr) ödənildiyi məlum olmuşdur. Sonuncu isə 25 may 2022-ci il tarixdə Xidmətdə verdiyi izahatında işdən çıxma ərizəsini yazmağa məcbur edildiyini və 23 may 2022-ci il tarixindən işə buraxılmadığını bildirmişdir. Qeyd olunan məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisəsinin predmeti olduğundan həmin Məcəllənin 294-cü maddəsinə əsasən sonuncuya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 31 avqust 2022-ci il tarixli arayışdan görünür ki, 31 avqust 2022-ci il tarixdə, 11:30-12:20 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin, Cavabdeh nümayəndəsi ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsilə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı əmək qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a)əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etmək; c)əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işə götürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işə götürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir; 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71.2-ci maddəsinə əsasən Bu məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.; 80-ci maddəsinin birinci hissəsinə əsasasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir; 80-ci maddəsinin ikinci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; 83-cü maddəsinin birinci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 84-cü maddəsinin birinci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. 84-cü maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 186-cı maddəsinin ikinci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 187-ci maddəsinin birinci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 300-cü maddəsinin birinci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, iddiaçı 04 iyul 2018-ci il tarixdə cavabdeh poliklinikanın nəzdində olan aptekin provizoru vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı əmək fəaliyyəti zamanı müəssisədaxili intizam qaydalarını pozduğu üçün 2020 və 2021-ci illərdə ona intizam tənbehi olaraq iki dəfə töhmət verilmişdir. Bundan sonra isə iddiaçı 2022-ci ilin may ayının 24-ündən başlayaraq iyun ayının 1-nə qədər heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmiş və bu barədə poliklinikanın məsul şəxslərini xəbərdar etməmişdir. Bu məsələnin araşdırılması üçün Poliklinikanın baş həkimi Nümayəndə tərəfindən həmin poliklinikanın Həmkarlar İttifaqı Komitəsinin sədrinə müraciət edilmişdir. İddiaçının qeyd olunan tarixlərdə işdə olmaması barədə poliklinikanın işçiləri tərəfindən aktlar tərtib edilmişdir. Həmkarlar İttifaqı Komitəsi 31 may 2022-ci il tarixdə 32 nəfərin iştirakı ilə iclas keçirmiş və həmin iclasda qərara alınmışdır ki, iddiaçı barəsində rəhbərliyə ciddi tədbirlərin görülməsi və hətta onun işdən azad edilməsi məsləhət görülsün. 01 iyun 2022-ci il tarixdə cavabdeh poliklinika tərəfindən 93-k nömrəli əmr verilərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş, 03 iyun 2022-ci il tarixdə isə həmin əmr, əmək kitabçası və digər sənədlər iddiaçıya təhvil verilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən qanunsuz verilmiş 93-k nömrəli, 01 iyun 2022ci il tarixli əmrin ləğv edilməsini, onun işə bərpa edilməsini, məcburi işburaxmaya görə orta aylıq əmək haqqının hesablanıb verilməsini və mənəvi zərərə görə 1.000 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir. Cavabdeh tərəf isə iddianı qəbul etmədiyini bildirərək, iddianın əsassız olduğu üçün habelə iddia ərizəsi iddia müddəti ötürüldükdən sonra verildiyi üçün iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının 2022-ci ilin may ayının 24-ündən başlayaraq iyun ayının 1-nə qədər heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halı iş materialları ilə, habelə iddiaçının özünün izahatı ilə təsdiqlənmişdir. İddiaçı həmin tarixlərdə işdə olmamasının səbəbi kimi rəhbərlik tərəfindən işə buraxılmadığını bildirsə də, qeyd etdiyi halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydalara riayət edilmiş, X1 qabaqcadan razılığı alınmış və bundan sonra əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri ilə rəsmiləşdirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Hətta iddia tələbi əsaslı olsa idi belə, bu halda da iddia tələbi iddia müddətinin ötürülməsi səbəbindən təmin oluna bilməzdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 379.1 və 379.1.6-ci maddələrinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır; 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir; Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddəsinin üçüncü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4 və 32.4.2-ci maddələrinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Əmək və mülki qanunvericiliyinin tələblərindən göründüyü kimi, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni ona müvafiq əmrin və əmək kitabçasının verildiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmçinin, mülki qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin axımı müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə kəsilir. İş materiallarında olan qeydiyyat kitabçasına və iddiaçının özünün bildirdiyinə görə o, işdən azad edilmə barədə əmri və əmək kitabçasını 03 iyun 2022-ci il tarixdə cavabdehdən əldə etmişdir. İddiaçı mediasiya təşkilatına 2022-ci ilin avqust ayında müraciət etmiş və müvafiq arayışı 31 avqust 2022-ci il tarixdə əldə etmiş, qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə iddia ərizəsi ilə isə 08 sentyabr 2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti buraxılmışdır. Belə ki, həm mediasiya təşkilatına müraciət etməmişdən öncə, həm də müvafiq arayışı aldıqdan sonra iddiaçı tərəfindən qeyd edilən iddia müddəti buraxılmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsaslıdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehna qarşı “işə bərpa, məcburi işburaxmaya görə aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddiası həm əsassız olduğuna görə həm də iddia müddəti buraxılmaqla verildiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehna qarşı “işə bərpa, məcburi işburaxmaya görə aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar