Məhkəmə qərarları › İş №2(001)-5906/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5906/2023

22.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5906/2023 22.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı il tarixində iki ekiz qız uşağımı X8 və X9 ev şəraitində dünyaya gətirmişəm. Mən uşaqlarımın doğulması ilə bağlı Qeydiyyat şöbəsindən heç bir sənəd almamışdır. Bununla əlaqədar o, Bakı şəhəri Maraqlı şəxsnə uşaqlarının doğumunun qeydə alınması barədə müraciət etmişdir. Lakin xx.xx.2023-cü il tarixli məktubla qeydiyyat şöbəsi doğumu təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığına görə ona doğum faktını məhkəmə qaydasında müəyyən etməyi tövsiyyə etmişdir. O, uşaqlarını xx.xx.2016-cı il tarixdə iki ekiz qız uşağını ev şəraitində dünyaya gətirmişdir. X1 və onun əri X4, qardaşının arvadı X2 və ərinin qohumu X13 məhkəmə iclasında şahid qismində təsdiq edə bilərlər. Uşaqlara doğum haqqında şəhadətnamə onların təhsil almaları üçün lazımdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat vermiş və bundan əlavə bildirmişdir ki, o, qobustan rayonu, Qurbançı kəndində qalır, lakin qardaşının evində pasport qeydiyyatındadır. Onların kəndində xəstəxana yoxdur. Xəstəxana yalnız Qobustan şəhərindədir. Onların kəndi ilə Qobustan şəhərinin arasında avtomobillə 1 saatlıq yol varıdr. O, xx.xx.2016-cı ildə tarixində iki ekiz qız uşağı dünyaya gətirmişdir. Avtomobilləri olmadığına görə xəstəxanaya gedə bilməmişdir. Əri vəfat edəndə o 3 aylıq hamilə olmuşdur. O biri uşaqlarının doğum faktı da məhkəmə qaydasında tanınmışdır. O təxminən 2 il əvvəl Anar adlı şəxslə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan uşağı yoxdur. Onunla faktiki olaraq ayrılsa da, nikahları rəsmi qaydada pozulmamışdır.

4. Lazımı qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və maraqlı şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirdi ki, ərizəçi onun daimi gediş-gəlişi olan Qobustan rayonu, Qurbançı kəndindən qohumudur. Gecə 3-4 radələrində onu doğuma yardım etmək üçün çağırdılar, çünki onun bu işlərdən başı çıxırdı. O Səidənin yanına gəldikdə artıq prosesin başladığını gördü və xəstəxanaya aparmaq üçün gec olduğundan doğuşu o həyata keçirtdi. Həmin doğuşdan sonradan adlarını bildiyi Səlimə və Səbinə adlı 2 ekiz qız uşağı dünyaya gəldi. Hadisənin 2016-cı ilin avqust ayında baş verdiyini xatırlayır.

6. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində bildirdi ki, Səidə onun ərinin bacısıdır və eyni Qurbançı kəndində qonşuluqda yaşayır. O Səidə ilə 1994-cü ildə qohum olmuşdur. 2016-cı ilin avqust ayında gece vaxtı qonşusunun uşağı gələrək Səidənin sancısının gəldiyini bildirdi. Səidə gilə gedəndə artıq Sitarə və Səidənin baldızının orada olduğunu gördü. Doğuşdan Səlimə və Səbinə adlı 2 qız uşağı dünyaya gəldi. Doğuş olan vaxt artıq Baba vəfat etmiş idi.

7. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, Səidə onun qardaşı Babanın arvadıdır. Baba rəhmətə gedəndə Səidə 4 aylıq hamilə idi. Gecə olduğuna və kəntdə yaşadıqlarına görə Səlimə adlı mamaça doğumu həyata keçirdi və xx.xx.2016-cı ildə Səidənin 2 ekiz qız uşağı doğuldu. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

8. X14 ilə babayeva Səidə Həmidulla qızı xx.xx.1989-cu il tarixdə nikaha daxil olmuşlar və bu barədə 1899 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Şükürova soyadı verilmişdir. X14 xx.xx.2016-ci ildə vəfat etmişdir və onun ölümü Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə 314 nömrə ilə qeydə alınmışdır.

9. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il il tarixli məktubundan müəyyən edilir ki, Ərizəçi xx.xx.2016-cı il tarixli ekiz qız uşaqlarının doğumunun qeydə alınması barədə ərizəsi doğum haqqında tibbi şəhadətnamə təqdim etmədiyi üçün təmin edilməmişdir.

10. X15 doğum haqqında şəhadətnaməsindən görünür ki, o, xx.xx.2015-ci il tarixdə doğulmuş və atası X14, anası X3r. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

12. 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

13. 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.

14. 44.4-cü maddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur.

15. 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.

16. 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.

17. 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.

18. 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.

19. 53.5-ci maddəsinə əsasən atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir.

20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

21. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir;

22. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır;

23. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın;

24. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir;

25. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir;

26. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydalarının 2.6-cı maddəsində qeyd edilmişdir ki, Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 2.8.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 2.8.1ci maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir.

28. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.

29. Bundan əlavə həmin Plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər.

30. İşin müəyyən edilmiş halları baxımından məhkəmə o qənaətə gəlir ki, ərizə əsaslıdır.

31. Belə ki, həm tədqiq edilmiş yazılı sübutlarla, həm də şahid ifadələri ilə təsdiq edilir ki, Ərizəçi ilə X14 1989-cu il tarixdən nikahda olmuş, sonuncunun xx.xx.2016-cı il tarixdə ölümünədək nikahları pozulmamışdır. Mərhum ərinin ölümünədək o, artıq hamilə olmuş və xx.xx.2016-cı ildə Səlimə və Səbinə adlı ekiz qız uşaqları dünyaya gətirmişdir. Uşaqların doğumu tibb müəssisəsindən kənarda olduğundan doğum haqqında şəhadətnamə ala bilməmişdir. Doğum haqqında şəhadətnamənin alınması hüquqi nəticə doğurmaqla əhəmiyyətlidir.

32. Göstərilənlər baxımından məhkəmə o qənaətə gəlir ki, uşaqların doğum faktı təsdiq edilməklə, onların anadan mənşəyi müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

36. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

37. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

38. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Səlimə və Səbinə adlı ekiz qız uşaqlarının xx.xx.2016-cı il tarixdə xx.xx.1970-ci il təvəllüdlü milliyəti “azərbaycanlı” olan Azərbaycan Respublikası vətəndaşı Ərizəçi Qobustan rayonunda doğulmaları faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

39. Qeyd olanlara və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

Ərizə təmin edilsin. Səlimə və Səbinə adlı ekiz qız uşaqlarının xx.xx.2016-cı il tarixdə xx.xx.1970-ci il təvəllüdlü milliyəti “azərbaycanlı” olan Azərbaycan Respublikası vətəndaşı Ərizəçi Qobustan rayonunda doğulmaları faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar