Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5908/2024 10.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Ərizəçi maraqlı şəxs qismində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “daşınmaz əmlaka istifadə hüququnun tanınması hüquqi faktının müəyyən edilməsi” barədə ərizəsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, F.Qayıbov küçəsi 28 saylı fərdi yaşayış evinə və həəyətində olan 0.572.6 ha torpaq sahəsinə dair, ərizəçinin qaynanası X3 adına həmin daşınmaz əmlaka istifadə hüququn tanınması ilə hüquqi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.2024-cü il tarixdən vəfat etmiş əri X2, ona irsi transmissiya yolu ilə xx.xx.1982-ci il tarixində vəfat etmiş Valeriyinin anası X1, 1966-cı ildən hazıradək, artıq 58 il istifadəsində olan, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, F.Qayıbov küçəsi 28 saylı fərdi yaşayış evinə dair Bakı Texniki İnventarlaşdırma idarəsi tərəfindən 1989-cu ilin noyabr ayında verilən Texniki Pasportunda faktiki qeyd edilmişdir. X5, həmçinin, evin ərazisi olan 0.572.6 ha torpaq sahəsi göstərilmişdir. Bakı şəhəri 27 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 24 saylı məktubu ilə, DƏDRK və Reyestri PHŞ 1 saylı Bakı ərazi idarəsinə müraciət edərək, X3 xx.xx.2010cu il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsə Ərizəçi ərizəsi əsasında tərəflərindən vərəsəlik işinin açıldığı, vərəsələrin dairəsinin müəyyən olunduğu bildirilmiş və ünvan 1(köhnə Dzerjinski) küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə reyestrdən çıxarışın və ya hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrdən çıxarışın verilməsi xahiş edilmişdir. Eyni məzmunlu ərizə ərizəçi tərəfindən də maraqlı şəxsə göndərilsə də, sonuncu tərəfindən cavab verilməmişdir. Bundan əlavə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixdə ərizəçinin müraciətinə cavab olaraq bildirilmişdir ki,1980ci ilə dair saxlama müddəti başa çatmış sənədlər məhv edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin şəhər ərazisinin tikinti-planlaşdırma idarəsinin 20..04.1998-ci il tarixli məktubunda qeyd edilmişdir ki, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Qayıbov küçəsi, 27 nömrəli evin sakini A.V.Popovanın mövcud istifadə vəziyyətində olan evin təhkim olunmasına etiraz etməsələr də, özbaşına tikililərin qanuniləşdirilməsinin Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olmadığı bildirilmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin məhkəmə icraatı mümkün deyildir və ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.6. Məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.2. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Plenum qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıbalınmadığı aydınlaşdırılmalıdır. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, F.Qayıbov küçəsi 28 saylı fərdi yaşayış evinə dair ərizəçinin 1982-ci ildə vəfat etmiş qaynanası X3 adına texniki pasport vardır. Hazırda ərizəçi qaynanasının ölümündən sonra oğlunun(onun ərinin), ərinin ölümündən sonra isə onun mirası faktiki qəbul etdiyinə əsaslanaraq fərdi yaşayış evi üzərində istifadə faktının müəyyən edilməsini xahiş edir. Lakin hesab edirəm ki, ərizəçinin müəyyən edilməsini istədiyi fakt xüsusi icraat qaydasında müəyyən edilə bilməz. Belə ki, yuxarıda qeyd edilən Plenum qərarından da göründüyü kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Lakin hazırki işin hallarından müəyyən edilir ki, ərizəçi əslində fərdi yaşayış evinə dair qaynanasının adına olan texniki pasportun əsasında özünün və ya vəfat etmiş qaynanasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmasına nail olmağa çalışır. Halbuki, iş materiallarından görünür ki, həm ərizəçi, həm də notarius sözügedən əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması barədə müvafiq orqana müraciət etmişdir. Odur ki, sonuncu orqanın hərəkətsizliyi bu barədə faktın müəyyən edilməsi barədə məhkəməyə müraciət edilməsi üçün yox, inzibati orqanın hərəkətsizliyindən(çıxarışın verilməsindən imtina etməsindən) inzibati qaydada inzibati məhkəməyə iddia ilə müraciət etmək üçün əsas ola bilər. Beləliklə hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizəçiyə inzibati orqanın hərəkətlərindən inzibati qaydada müvafiq məhkəməyə iddia ilə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq,
QƏRARAALDİM:
Ərizəçi maraqlı şəxs qismində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “daşınmaz əmlaka istifadə hüququnun tanınması hüquqi faktının müəyyən edilməsi” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 100(bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim İlkin Əliyev