Məhkəmə qərarları › İş №2(001)-5915/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5915/2020

17.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5915/2020 17.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi nikahın qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsini qeyd edərək, nikahın qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1939-cu il tarixdə Ermənistanın Şaumyan rayonunda doğulmuş, xx.xx.1962-ci il tarixdə X2 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından onların 4 uşaqları var. Nikah haqqında şəhadətnamə məlum hadisələrlə bağlı Ermənistanda qalmış, nikah akt qeydi bərpa olunmamış, lakin arvadı ölənədək onunla birlikdə yaşayıb birgə təsərrüfat aparmışdır. Ərizəçinin arvadı xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Nikah akt qeydinin bərpa olunması ilə bağlı ərizəçiBakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsindən ona imtina edilmiş və bildirilmişdir ki,kifayət qədər əsas olmadığı üçün ərizəni təmin etmək qeyri-mümkündür.Ərizəçiyə tövsiyyə edilmişdir ki, məhkəməyə müraciət etsin. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi eyni zamanda məhkəməyə bildirdi ki, nikahın qeyd edilmə faktının müəyyən edilməsi ona miras əmlakı qəbul etmək üçün və yaranmış müəyyən sənədləşmə məsələlərinin həlli üçün zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsindən məhkəməyə daxil olmuş məktubdan görünür ki, maraqlı şəxs ərizəçinin ərizəsinə etiraz etmir və işin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “ ... Binəqədi rayon qeydiyyat şöbəsinə ünvanladığınız Sizin vəfat etmiş yoldaşınız X3 ilə Ermənistan Şaumyan rayonunda bağlanmış nikah haqqında akt qeydinizin bərpa edilməsi barədə müraciətinizə baxılmışdır. Ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci İl tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiktik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları"-nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizənizi təmin edə bilmirik”. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxx 2008-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-8804/2019 saylı qətnaməsində aşağıdakılar göstərilmişdir: “ ... Ərizəçi arvadı xx.xx.1938-ci il təvəllüdlü X1 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. ... Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 118 saylı arayışından müəyyən olunur ki, X3 xx.xx.2008-ci il tarixdə Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. ... Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1938-ci il təvəllüdlü X1 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçiyə bu faktın müəyyən olması miras əmlakı qəbul etmək üçün tələb olunduğundan məhkəmə ərizəni əsaslı hesab edib təmin edir”. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır, xx.xx.1962-ci il tarixdə Ermənistan SSR-nin Şaumyan rayonunda X2 ilə rəsmi nikaha daxil olmuşdur. Məlum hadisələrə görə Ermənistandan köçdüklərindən sonra, sənədləri orada qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilənƏhmədova Laləzar Cəlil qızı ifadəsində göstərdi ki, ərizəçi onun qayınıdır, xx.xx.1962-ci il tarixdə Ermənistanın Şaumyan rayonunda X2 ilə evlənmişdir. Sənədləri Ermənistanda qalıb. Məhkəmə iclasında şahid qismində dindirilənƏhmədov Əhməd Əmir oğlu ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır, xx.xx.1962-ci il tarixdə Ermənistanın Şaumyan rayonunda X2 ilə rəsmi nikaha daxil olaraq evlənmişdir. Sənədləri Ermənistanda qalıb, indi də ona görə sənədləşmə məsələlərini həll edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ... nikahın ... qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizəçiyə bu faktın müəyyən olması miras əmlakı qəbul etmək üçün tələb olunduğundan, onun X2 ilə xx.xx.1962-ci il tarixdə Ermənistan SSR Şaumyan rayonunun VVAQ şöbəsində nikahının qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X2 ilə xx.xx.1962-ci il tarixdə Ermənistan SSR Şaumyan rayonunun VVAQ şöbəsində nikahının qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar