Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5950/2020 03.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən qanunsuz olaraq verilmiş Ç/72-20 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi işə buraxmaya görə aylıq əmək haqqının 500 manata uyğun hesablanması və son haqq hesabdan qalıq 139 manat pulun verilməsi, hər ay 50-60 manat ərzaq payı olmaqla 100- 120 manatın və 7 gün ambulator müalicədə olduğu vaxt kəsilən əmək haqqının hesablanıb ödənilməsi, həmçinin vurulmuş maddi ziyana görə 1.295 manat (Bəkirov Elvin 450 manat, Əliyeva Sevda 185 manat, lombard 660 manat) və mənəvi zərərə görə 1.000 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, o, xx xxxxx 2020-ci il tarixdə işə götürən "Cavabdeh" MMC-yə fəhlə kimi işə qəbul edilmiş, onu Səfiyar adlı şəxs işə qəbul etmiş, əmr verilərkən əlilliyinin olub-olmadığını müəyyən etmiş, 400 manat əmək haqqı və hər ay 50-60 manat ərzaq yardımı ediləcəyini və sair bu kimi şifahi məlumatları bildirmişdir. Onun ilk rəsmi iş yeri olduğundan və Əmək Məcəlləsindən, digər qanunlarından anlayışı olmadığından əmək müqaviləsini oxumadan, əmək haqqı ilə tanış olmadan imzalamışdır. Təəssüf ki, müqavilənin surəti ona işə götürən tərəfindən təqdim olunmamış və hüquqi haqqları ona izah olunmamışdır. İşə başladığı müddətdən birinci ayı 400 manat məbləğin 258 manatı kart hesabına, 142 manat isə nağd şəkildə anbar müdiri Vəliyev İlkin tərəfindən ödənilmişdir. Onun əmək haqqı ikinci ay 450 manata yüksəlmişdir. Növbəti ay 291 manat karta köçürülmüş, qalan hissəsi nağd olaraq verilmişdir. İşdən çıxarıldığı vaxt isə əmək haqqı 500 manata yüksəlmişdir. İşdən çıxarıldıqdan sonra isə 361 manat pul köçürülmüşdür, lakin 139 manat nağd şəkildə ödəniləcək məbləğ işə götürən tərəfindən ödənilməmişdir. O, işlədiyi müddət ərzində heç bir qanun pozuntusuna yol verməmiş və yaxşı işçi kimi tanınmışdır. Qeyri-qanuni töhmət verilənə kimi barəsində heç bir intizam tənbeh tədbiri olmamış və əmək funksiyasını tam yerinə yetirmişdir. xx xxxx 2020-ci il tarixdə nahar vaxtı yeməkxanada bəzi işçilərin sıra növbəsindən kənar içəri buraxıldığını görərək etirazını şifahi şəkildə həmin günü növbətçi olan Səbuhi adlı şəxsə bildirmiş və qeyd etmişdir ki, bütün işçilərin hüquqları bərabərdir. O isə ona yeməkxananın qapısının qabağında dayanmamağını bildirmişdir. Etirazını bildirən zaman onun iş yoldaşı Hafiz adlı şəxsdə həmin yerdə olmuşdur. Hafiz də onun etirazını təsdiqləmişdir. Daha sonra o, və Hafiz nahar etmədən yeməkxananı tərk etmişlər. Səbuhi onların arxasınca gələrək onlara müraciət edərək nahar etmələrini onlara demişdir. Onlar isə bundan imtina etmişlər. Bu zaman Səbuhi Hafizə demişdir ki, onun Hafizlə heç bir işi yoxdur. Onun işi Elçinlə, yəni onunladır. O, Hafizə demişdir ki işdən sonra bu məsələ ilə maraqlanacaqdır. İş vaxtından sonra o, axsaya-axsaya ofisin qabağına gedərək Səbuhi ilə görüşmüş və ona müraciət etmişdir ki, sən nahar vaxtı Hafizə demişdin ki, onun əsas işi Elçinlədi, bunun səbəbini soruşmuş, o isə cavabında “sən bütünlüklə səhvsən” deyərək cavab vermişdir. Daha sonra Səbuhi adlı növbətçi tərəfindən ona təzyiq göstərilmiş və onu itələmişdir. Həmçinin istehsalat bölməsində çalışan Toğrul adlı şəxs də ona təzyiq göstərərək köynəyindən dartan zaman köynəyini cırmış və ona bildirmişdir ki, “səni burdan iti qovan kimi qovacağam”. Bu zaman kənardan tanımadığı şəxs tərəfindən onun üz nahiyəsinə əl atılması nəticəsində burnu qanamışdır. Daha sonra o, iş yoldaşı Məhərrəm adlı şəxsin avtomobilinə minərək evə getmişdir. Həmin vaxt ondan izahat alınmışdır, lakin Toğrul bəyin işə götürən Kənan müəllimin (sahibkarın) qohumu olduğunu Asəf müəllim tərəfindən (izahatını alan şəxs) bildirilmiş və tapşırılmışdır ki, izahatda Toğrul müəllimin adı çəkilərsə, qısa müddətdə işdən uzaqlaşdırıla bilər. Qanundan xəbərsiz, ailədə tək işləyən olduğu üçün işini itirməmək üçün susmuş, izahatında Toğrul bəy haqqında heçnə yazmamış və izahatını yazaraq son cümlənin bitdiyi yerdən imza atmışdır. Həmin vaxt ona töhmət verilməsi barədə heç bir məlumat verilməmişdir və heç bir töhmətlə tanış edilməmişdir. Lakin müəssisə rəhbərliyinin yaxınlarının ona qarşı münasibəti məlum səbəbdən aqressiv olmuşdur. xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə, astma və şəkərli diabet xəstəliyindən əziyyət çəkən anası X1 pisləşdiyi ücün səhərəcən yuxusuz qalmış və səhər xx xxxxxx 2020-ci il tarixdə işə gələrək işə başlamışdır. Sadəcə iş olmadığından silikon yeşiklərin üzərində mürgüləmişdir. Bunu görən İlkin Vəliyev (Anbar müdiri və sahibkar Kənan müəllimin qohumu) onun şəkilini çəkərək onu oyatmadan, uzanmağının səbəbini araşdırmadan, işçinin səhhəti ilə bağlı problemin olub-olmadığına məhəl qoymadan həmin yerdən uzaqlaşmışdır. İşçilərin məsuliyyəti anbar müdirlərinin üzərinə düşür. Onun niyyəti işdə yatmaq olmamışdır, sadəcə gecə məlum səbəbdən yuxusuz qaldığından özündən asılı olmayaraq mürgüləmişdir. Həmin günün sonu onun izahatı Asəf müəllim tərəfindən alınmış və izahatı alındıqdan sonra sabahdan işə çıxmayacağını, işdən azad olunduğunu şifahi şəkildə bildirmişdir. O, Əliyev Asəfə demişdir ki, səhər işə gəlsin, lakin Asəf soruşmuşdur ki, işə nəyə görə gəlirsən. O isə demişdir ki, uniformanı qaytarmaq üçün gəlmək istəyir. Əliyev Asəf isə uniformanın qaytarılmasına ehiyac olmadığını bildirmişdir. Əliyev Asəf ona təyziq göstərərək demişdir ki, xoşluğunla ərizə yaz və işdən çıx. O, bu təklifə razılaşmamış və bildirmişdir ki, işdən çıxarılmağı üçün əsas yoxdur. Bu zaman Əliyev Asəf baş ofisə yaxınlaşıb sənədlərini Fuad müəllimdən götürməyini bildirmişdir. Halbuki, onun 10-15 dəqiqə mürgüləməyi istehsalatın pozulmasına səbəb olmamış və işə götürənə heç bir ziyan dəyməmişdir. Ona yazılı xəbərdarlıq edilə bilərdi, çünki onun mürgüləməyi məlum səbəbdən olmuşdur və bu onun öz funksiyasının yerinə yetirməməyi kimi qəbul edilə bilməz. O, Ə.Rəcəbli küçəsi 184 ünvanda yerləşən baş ofisə getmişdir. O, ora gedəndə bilmişdir ki, o, yenə də təyziq altında olacaq, həmçinin yanında şahidi də olmayacaqdır. Buna görə də Fuad müəllimin dediklərini özünə xəbərdarlıq etmədən telefonu vasitəsilə yazmışdır. O, Fuad müəllimlə görüşən zaman ona bildirilmişdir ki, “sən öz istəyinlə niyə ərizə yazmamısan?” O isə Əmək Məcəlləsindən istinad edərək bildirmişdir ki, onun 10-15 dəqiqə mürgüləməyi istehsalatın pozulmasına səbəb olmamış və işə götürənə heç bir ziyan dəyməmişdir. Fuad müəllim bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə ona töhmət verilmiş, o, isə həmin töhmətlə tanış edilmədiyini və ona elan edilmədiyini bildirmişdir. Daha sonra bildirmişdir ki, o, bufetdə icazə almadan kolbasa-çörək yemişdir. O, isə demişdir ki, isti olduğuna görə yeməkxanaya getməmişdir. Həmçinin bildirmişdir ki, elə bir qanun yoxdur ki, kənardan iş yerinə yeyinti məhsulu gətirmək olmaz. Daha sonra Fuad Ülkər adlı işçiyə zəng vuraraq onun öz istəyi ilə işdən çıxmamağını bildirərək işdən çıxma sənədlərinin hazırlanmasını tapşırmışdır. Ülkər isə nahar vaxtı oduğundan sənədlərin nahardan sonra hazır olacağını bildirmişdir. O, binanın çölündə sənədlərini götürmək üçün gözləmiş, daha sonra Fuad və Ülkər onun yanına gələrək sənədlərini götürməyini tələb etmişlər. O, sənədlərin içərisində xx xxxx 2020-ci il tarixli töhmətin olduğunu, həmçinin sənədlərdə son haqq-hesabın tam ödənilməsi ilə bağlı sətiri gördükdə sənədlərini götürməkdən imtina etmişdir. O, Fuada bildirmişdir ki, onun kartıma 292 manat pul köçürülmüşdür. Həmin günün axşamı onun kartına daha 69 manat məbləğində pul köçmüşdür. Növbəti gün o, yenidən baş ofisə yaxınlaşmışdır. Ona təqdim edəcəkləri sənədlərin arasında xx xxxx 2020-ci il tarixdə töhmət əmrini ona üç aydan sonra imzalatmaq istəsələr də o, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinə əsasən imza atmaqdan sentyabr ayında boyun qaçırmışdır. Bu zaman yenə də Fuad və Ülkərlə görüşmüş və onlara xəbərdarlıq etmədən səslərini telefon vasitəsilə yazmışdır. Həmin zaman onlara bildirmişdir ki, onun kartına daha 69 manat pul köçmüşdür, qalan məbləğ isə, yəni 139 manat pul köçməmişdir. Telefonun ekranından səs yazıldığını görən Fuad ona demişdir ki, telefonunda səs qeydi aparırsan. O, isə bildirmişdir ki, dünən xx xxxx 2020-ci il tarixli töhməti ona imzalatdırmaq istədikləri üçün o, səs yazısı aparır. O, sənədlərin içərisində haqq-hesabın tam ödənilməsi ilə bağlı sətiri gördükdə yenidən sənədlərini və əmək kitabçasını götürməkdən imtina etmişdir. Bu zaman Fuad Ülkərə demişdir ki, aktlaşdırıb poçt vasitəsilə onun yaşadığı ünvana göndərilsin. Poçt vasitəsilə ona işdən çıxarılma əmri və əmək müqaviləsinə xitam verilməsi haqqında bildiriş göndərilmişdir. O, həmin sənədləri sentyabr ayın 8-də qəbul eləmişdir. Eyni zamanda ona ərizə göndərilmişdir ki, əmək kitabçasını yaxınlaşıb ofisdən götürsün. O, əmək kitabçasını götürmək üçün daha sonra yenə şirkətə getmişdir. Ülkərlə görüşmüş və ona qabaqcadan onun səsini yazmağı barədə xəbərdarlıq etmişdir. O, ona əmək kitabçasını təqdim etmiş, lakin o, qəbul etməmiş, çünki yenə sənədlərdə ona son haqq-hesabın tam ödənildiyi qeydi yazılmışdır. xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək onu işdən öz ərizəsi ilə çıxmağına təyziq etmişlər, lakin o, bundan imtina etmişdir. Həmçinin, ayağında futbolda yaranmış problemlə bağlı onun müalicə edilməyinə İlkin Vəliyev qərəzli şəkildə imkan yaratmamışdır. O, işini itirməmək üçün məcbur işləyərək ayağında yaranmış problemi xx xxxx 2020-ci il tarixədək yubatmışdır. Daha sonra o, məcbur qalaraq bir həftə ərzində tibbi arayışla ambulator müalicədə olmuş, lakin həmin günlər üzrə onun əmək haqqından kəsilmişdir. Həmin sənədləri də iş yerinə təqdim etmişdir. xx xxxx 2020-ci il tarixdə olan mübahisədə artıq axsayaraq yeriyirdi. Onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xx xxxxxxxx 2020-ci il tarixdə Ç/72-20 nömrəli əmrlə Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qeyd edilmişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməyinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar hesab edilir. Göründüyü kimi cavabdeh tərəf qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq onun işdən azad edilməyi üçün əsaslar olmadığı halda Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” bəndi ilə əmr vermişdir, bildirişdə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndini qeyd etmişdir. AR Əmək Məcəlləsinin 71.2. maddəsinin tələbinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qeyd etdiyi kimi, əmək funksiyasını və öhdəliklərini yerinə yetirməməyi absurddur, o, verilən bütün tapşırıqları yerinə yetirmiş, əmək və icra intizamının pozulması halları baş verməmişdir. Əmək Məcəlləsinin 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. O, qanunsuz olaraq işdən azad edilməyi səbəbindən, tez bir zamanda iş tapa bilməmiş, işsiz qaldığından borc almağa məcbur olmuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə Bəkirov Elvindən 150 manat, əlavə xx xxxxxxx 2020-ci il tarixdə borcunu qaytarmamış, yenidən 300 manat, sentyabr və oktyabr aylarının muxtəlif tarixlərində tanıdığı bir şəxsdən - Əliyeva Sevdadan kart hesabından köçürmə yolu ilə 20+20+20+20+44+11+10+20+20=185 manat borc almışdır. Borc aldığı şəxslərlə borc müqaviləsi bağlamışdır. Lombarddan isə anasına məxsus olan, mənəvi dəyəri çox böyük olan qızıl qolbağı girov qoyub 300+50+50+100+100=600 manat məbləğində borc (faizlə) götürmüşdür. Nəticədə maddi və mənəvi zərərə məruz qalmışdır. Cavabdehin təqsiri üzündən o, çox ciddi stress keçirmiş, əsəb gərginliyinə məruz qalmağı səbəbindən ona mənəvi zərər vurulmuşdur. Hal-hazirda da hələ də stress, əsəb, gərginlik və qorxu normal düşünməyinə imkan vermir. İşdən qanunsuz və qərəzli şəkildə azad olunmağı, əmək haqqından məhrum edilməyi və bu səbəbdən bu qədər borca düşməyi onun şüuruna mənfi psixoloji təsir etmiş və hələ də davam edir. Bu qədər əsəb, stress, qorxu, gərginlik ailəmdə olan problemlərin hər gün artması, borclarının çoxalması artıq psixoloji sarsıntıya gətirib çıxarmışdır. İki ay ərzində bu qədər keçirdiyi stress, yuxusuzluq ,əsəb pozğunluğu heç bir maddi məbləğlə ölçülə bilməz. Cavabdeh tərəfindən ona vurulan mənəvi ziyanı 1.000 manat məbləğində dəyərləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrini şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadan gəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənəvi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirilməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Göstərilənlərə əsasən Cavabdeh MMC tərəfindən qanunsuz olaraq verilmiş Ç/72-20 nömrəli, xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsinə, onun işə bərpa edilməyinə və məcburi iş buraxmaya görə aylıq əmək haqqımın 500 manata uyğun hesablanmasına və son haqq-hesabdan qalıq 139 manat verilməsinə, hər ay 50-60 manat ərzaq payi olmaqla 100-120 manat, 7 gün ambulator müalicədə olduğu vaxt kəsilən əmək haqqının hesablanıb ödənilməsinə, vurulmuş maddi ziyana gorə 1.295 manat - Bəkirov Elvin 450 manat, Əliyeva Sevda 185 manat, lombard 660 manat və mənəvi zərərə görə 1.000 manat vəsaitin tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, anbarda təxminən fəhlə kimi 5-6 nəfər işləyir. Onlar, anbarda məhsul qəbul edib, məhsulları vitrinlərə vururdular. Satış olduqda isə malları maşınlara yükləyib yola salırlar. Şirkətdə 3 səs qeydiyyatı aparmışdır. İlk səs yazısını Fuadla görüşən zaman, ikinci səs yazısını Fuad və Ülkər ilə görüşən zaman, üçüncü səs yazısını isə Ülkərlə görüşən zaman aparmışdır. Onların səslərini yazmaqda əsas məqsədi onlarla tək görüşməyi və yanında şahidinin olmamasından irəli gəlir, çünki səslərini yazmasaydı ona qarşı olan təzyiqlərini sübut edə bilməyəcəkdir. O, həmin şəxslərin şəxsi həyatını qeydə almamış, qanunsuzluqlarını qeydə almışdır. İlk iki səs yazısını Fuad və Ülkərə xəbərdarlıq etmədən qeyd etmişdir, üçüncü səs yazısını isə Ülkərə qabaqcadan xəbərdarlıq etmişdir. İlk səs yazısında ona işdən öz xoşu ilə çıxması barədə ərizəni imzalaması ilə bağlı olan təzyiqləri, ikinci səs yazısında onun işdən çıxarılmağından sonra təzyiq edilərək əmri imzalamağını, üçüncü səs yazısında isə əmək kitabçasını götürməkdən imtinanın səbəbini sübut etmək üçün yazmışdır. O, həmkarlar ittifaqları təşkilatının üzvü deyil. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh dəfələrlə müəssisə daxili intizam qaydalarının tələblərini pozmuşdur. İddiaçı öz yazılı izahatlarında da bu barədə bildirir. İntizam qaydalarının pozulması, xüsusilə də, sonuncu dəfə iş vaxtı iş yerində yatması əmək müqaviləsinin icra edilməməsinə bərabər tutulur. İddiaçı qeyd edir ki, ona verilən töhmətdən xəbəri yoxdur. Lakin iş materiallarında bu barədə akt var. İddiaçının 7 gün işdə olmadığına görə əmək haqqının ödənilməsinə gəldikdə isə iddiaçı tərəfindən bu barədə iş yerinə bülleten təqdim edilməmişdir, edilsə belə əmək Məcəlləsinə əsasən işçinin 6 ay iş stajı olmamışdır. Ona görə də həmin müddətə görə əmək haqqı hesablanmamışdır. İddiaçıya təklif olunmasına baxmayaraq barəsində tətbiq edilmiş əmrləri və əmək kitabçasını iş yerindən götürməkdən imtina etmişdir. İddia ərizəsinə əlavə edilmiş əmrin surətini iddiaçı Dövlət Əmək Müfəttişliyindən almışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, iş vaxtı iş yerində yatmaq kifayət edir ki, işçinin əmək müqaviləsinə xitam verilsin. "Fab Boya və Kı̇ mya Sənayesı̇ MMC-də həmkarlar ittifaqı təşkilatı yoxdur. Gün ərzində cavabdeh şirkətin anbarında kifayət qədər iş olur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli, 1154 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-də Anbarla bölməsinə fəhlə peşəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə müddətsiz bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən işçinin əmək funksiyası anbara gələn və anbardan çıxan malların maşınlara yüklənib boşaldılmasından ibarətdir. Müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 260 manat məbləğində əmək haqqı ödənilir. Cavabdeh MMC-nin anbardarı İlkin Vəliyevin MMC-nin direktoruna ünvanladığı xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, anbarda fəhlə işləyən İddiaçı xx xxxx 2020-ci il tarixdə, saat 18:10 radələrində emulsiya bölməsində fəhlə işləyən Səbuhi Yolçuyev ilə mübahisə etmiş və aralarında münaqişə yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini və müəssisədaxili intizam qaydalarını pozduğuna görə İddiaçı intizam məsuliyyətinə cəlb olunması barədə sərəncam verilməsi xahiş edilmişdir. Cavabdeh MMC tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli D/62-20 nömrəli əmrin surətindən görünür ki, anbarın (fəhlə) işçisi İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2.a) bəndinə uyğun olaraq müəssisədaxili intizam qaydalarını pozduğuna görə töhmət verilməsi əmr edilmişdir. Əsas kimi anbardar İ.Vəliyevin təqdimatı və Ə.E.Pənahovun izahatı göstərilmişdir. Cavabdeh MMC-nin inzibati işlər üzrə mütəxəssisi X10 və MMC-nin anbardarı X5 tərtib etdikləri xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, xx xxxx 2020-ci il tarixdə müəssisədaxili intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən anbarda fəhlə işləyən İddiaçı xx xxxx 2020-ci il tarixli 62-20 nömrəli əmrlə “töhmət” verilməsi xx xxxx 2020-ci il tarixdə tərəflərindən ona elan olunmuşdur. Ona verilmiş bu intizam tənbehini müsbət qəbul etmiş və etiraz etməmişdir. Cavabdeh MMC tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, Ç/72-20 nömrəli əmrdən görünür ki, İddiaçı əmək funksiyasını və əmək kontraktı üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün xx xxxxxxxx 2020-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72.ç bəndinə əsasən müqaviləsinə xitam verilməsi əmr edilmiş və X2 7 təqvim günü müddətinə əmək məzuniyyəti üçün kompensasiya ödənilməsi tapşırılmışdır. Cavabdeh MMC tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, Ç/72.1-20 nömrəli “əmrə düzəliş edilməsi” barədə əmrdən görünür ki, xx xxxxxxxx 2020-ci il tarixli Ç/72-20 saylı əmrdə texniki səhvə yol verildiyini nəzərə alaraq Əmək Məcəlləsinin 72.ç maddəsi 70.ç maddəsi kimi oxunması əmr edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, 095 nömrəli məktubun surətindən görünür ki, İddiaçı bildirilmişdir ki, Cavabdeh MMC-nin onunla bağlanmış əmək müqaviləsinə xx xxxxxxxx 2020-ci il tarixli, Ç/72 saylı əmrlə xitam verilmişdir. Son haqq hesab məbləği xx xxxxxxxx 2020-ci il tarixdə onun əmək haqqı hesabına köçürülmüşdür. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişini və əmrin surətini ona təqdim edirlər. Tez bir vaxtda gəlib əmək kitabçasının götürülməsi xahiş edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə izahatı alınmış İddiaçı izahatında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, iş prosesi zamanı yatmağına səbəb anası xəstə olduğu üçün gecə yata bilməməyi olmuşdur. Gecə yatmamağı barədə anbardara məlumat verməmişdir. Yorğun olmağı ilə əlaqədar olaraq istirahət etmək üçün anbardardan ona görə icazə almamışdır ki, iş prosesində yatacağını bilmirdi. Anbarda heç bir iş olmadığına görə, o anbarın arxasına keçib silikon qutularının üstündə uzanmışdır. Həmin vaxt xəbəri olmadan yuxulamışdır. Onun yuxulamağının müəssisədaxili intizam qaydalarına zidd olduğunu bilir. Xahiş edir ki, rəhbərlik onu bağışlasın, çünki bu hərəkət bilməyərəkdən baş vermişdir. “xxxxxxxx”ASC tərəfindən verilmiş əmək haqqı üzrə çıxarışdan görünür ki, İddiaçı ödənişin təyinatı son haqq hesab göstərilməklə xx xxxxxxxx 2020-ci il tarixdə 68,88 manat məbləğində vəsait ödənilmişdir. Cavabdeh MMC-nin 2020-ci ilin sentyabr ayı üçün son haqq-hesabın hesablanması cədvəlindən görünür ki, İddiaçı vəzifə maaşı 310 manat göstərilmiş, son haqq-hesab üzrə kompensasiya məbləği 71,38 manat hesablanmış, hesablanmış məbləğdən məcburi sosial sığorta haqqına görə 3% olmaqla 2,14 manat və işsizlikdən sığorta aktı görə 1(2)% olmaqla 0,36 manat tutulmuşdur. Ödənilməli məbləğ 68.88 manat qeyd edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli müqavilədən görünür ki, Əlizadə X7 Elvindən 150 manat məbləğində borc pul almışdır. xx xxxxxxxx 2020-ci il tarixli girob biletinin kötüyündən görünür ki, İddiaçı X4 300 manat məbləğində borc almışdır. xx xxxxxxx 2020-ci il tarixli müqavilədən görünür ki, Əlizadə X7 Elvindən 300 manat məbləğində borc pul almışdır. xx xxxxxxx 2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı lombarddan 100 manat məbləğində kredit götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş “BirBank Transfer” adlı SMS məlumatlardan görünür ki, onun telefonuna müxtəlif məbləğlərin nağdlaşdırılması ilə bağlı 2020-ci ilin sentyabroktyabr aylarında məlumatlar daxil olmuşdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxxx 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, xx xxxx 2020ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya müəssisədaxili intizam qaydalarını pozduğuna görə töhmət verilmişdir. Daha sonra xx xxxxxx 2020-ci il tarixdə iş vaxtı zamanı iddiaçının iş yerində yatması aşkar edilmiş, bununla bağlı iddiaçının izahatı alınmış və cavabdeh tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, Ç/72-20 nömrəli əmrlə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və iddiaçı işdən azad olunmuşdur. İddiaçı işsiz qaldığı müddət ərzində digər şəxslərdən borc pul götürmüşdür. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, həmin əmrin ləğv edilməsini, işə bərpa edilməsini, məcburi işburaxmaya görə əmək haqqının əvəzinin, son haqq hesabın ödənilməmiş hissəsinin ödənilməsini, ərzaq payının əvəzinin verilməsini, ambulator müalicədə olduğu vaxtın kompensasiyasını, habelə maddi və mənəvi zərərin ödənilməsini tələb edir, cavabdehin nümayəndəsi və vəkili isə iddianı əsassız hesab edilməklə iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinin “xx xxxxxxxx 2020-ci il tarixli, Ç/72-20 nömrəli əmrin ləğv edilməsi və işə bərpa” hissəsi ilə bağlı əmək qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin ikinci hissəsinə əsasən Bu məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin üçüncü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 83-cü maddəsinin birinci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 83-cü maddəsinin ikinci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəsinin birinci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. 84-cü maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 300-cü maddəsinin birinci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli əmrində İddiaçı tərəfindən “əmək funksiyasının və əmək kontraktı üzrə öhdəliklərinin yerinə yetirilmədiyi halları”ın konkret olaraq nədən ibarət olması göstərilməmiş, həmçinin əmrdə iddiaçının əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyanın dəyməsi ümumiyyətlə əsaslandırılmamışdır. Halbuki, əmək qanunvericiliyin tələblərinə əsasən işəgötürən Əmək Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan əlavə, əmrin özü də Əmək Məcəlləsinin yuxarıda istinad edilən 84-cü maddəsinin birinci hissəsində göstərilən tələblərə cavab vermir, həmin əmrdə müəssisənin adı, hüquqi ünvanı, habelə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 186-cı maddəsinin ikinci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 187-ci maddəsinin birinci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı izahatında iş vaxtı yatmasının bilməyərəkdən baş verdiyini bildirmiş və buna görə rəhbərlikdən bağışlanmasını xahiş etmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən bununla bağlı iddiaçıya xəbərdarlıq və ya töhmət vermək imkanından istifadə etməməklə, qəti mövqedən çıxış edərək əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırmadan birbaşa əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixli, Ç/72-20 nömrəli əmri ləğv edilməli və İddiaçı Cavabdeh “anbardar bölməsinə fəhlə” vəzifəsinə bərpa edilməlidir. Məhkəmə iddia tələbinin “məcburi işə buraxmaya görə aylıq əmək haqqının 500 manata uyğun hesablanması” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı aylıq əmək haqqının 500 manat təşkil etdiyini, bu səbəbdən də məcburi iş buraxma müddəti üçün əmək haqqının həmin məbləğlə hesablanmalı olduğunu bildirsə də, iddiaçı əmək haqqının 500 manat olması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarından olan tərəflər arasında bağlanmış əmək müqaviləsindən görünür ki, iddiaçının aylıq əmək haqqı 260 manat təşkil etmiş, cavabdeh şirkət tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli son haqq-hesab cədvəlinə əsasən isə iddiaçının vəzifə maaşı 310 manat göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin maddənin ikinci hissəsinin “ə” bəndinə əsasən əmək müqaviləsində işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması göstərilməlidir. Həmin Məcəllənin 46-cı maddəsinin altıncı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Göründüyü kimi, hazırda işçinin əmək haqqı 310 manat təşkil edir və bu onu təsdiq edir ki, əmək müqaviləsinə əmək haqqı ilə bağlı dəyişiklik edilmiş və ya dəyişikliklər ayrılıqda tərtib edilərək əmək haqqının 310 manat məbləğində olması tərəflər arasında razılaşdırılmışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün tələb olunan 500 manat məbləğində deyil, əmək müqaviləsinə uyğun olaraq əmək haqqı ödənilməlidir. Məhkəmə iddia tələbinin “son haqq-hesabdan qalıq 139 manat məbləğində pulun iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin ikinci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Hazırda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli, Ç/72-20 əmr məhkəmə tərəfindən ləğv edildiyindən və işçi işə bərpa edildiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Bundan əlavə, iddiaçı tərəfindən tələb edilən son haqq-hesabdan qalıq kimi 139 manat məbləğində pul, onun tərəfindən əmək haqqının 500 manat məbləğində olması əsası ilə hesablanmış, lakin əmək haqqının həmin məbləğdə olması iş materiallarında öz təsdiqini tapmamışdır. Məhkəmə iddia tələbinin “cavabdeh tərəfindən hər ay 50-60 manatlıq ərzaq payının əvəzi olaraq 100-120 manat məbləğində pulun iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdeh şirkət tərəfindən ona hər ay 50-60 manatlıq ərzaq payı veriləcəyi ilə bağlı vəd verildiyini bildirsə də, belə razılaşmanı təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin “7 gün ambulator müalicədə olduğu vaxt kəsilən əmək haqqının ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi” haqqında Əsasnamənin 3-cü bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. İş materiallarından göründüyü kimi, tərəflər arasında əmək münasibətləri xx xxxxx 2020-ci il tarixdə başlamış, iddiaçı xx xxxx 2020-ci il tarixdən 7 gün müddətində ambulator müalicədə olmuşdur. Belə olduğu təqdirdə iddiaçının müavinət almaq hüququndan yararlanması üçün qanunvericiliklə müəyyən edilmiş 6 ay sosial sığorta stajı tamam olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “vurulmuş maddiz ziyana görə 1.295 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290.2-ci maddəsinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Həmin Məcələnin 300.1-ci maddəsinə əsasən məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin Qeyd hissəsində isə göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixli müqaviləyə əsasən iddiaçı Bəkirov Elvindən 150 manat, xx xxxxxxxx 2020ci il tarixli girov biletinin kötüyünə əsasən iddiaçı X4 300 manat, xx xxxxxxx 2020-ci il tarixli müqaviləyə əsasən iddiaçı Bəkirov Elvindən 300 manat və xx xxxxxxx 2020-ci il tarixli müqaviləyə əsasən iddiaçı lombarddan 100 manat məbləğində olmaqla, ümumilikdə 750 manat məbləğində borc pul götürülmüşdür. İddiaçı tərəfindən təqdim edilən “BirBank Transfer” adlı SMS məlumatlarda göstərilən məbləğlərin iddiaçıya borc kimi verildiyi müəyyən edilmir. İş materiallarından görünür ki, iddiaçı işə başlayarkən aylıq əmək haqqı 260 manat təşkil etmiş, onunla bağlanmış əmək müqaviləsinə xx xxxxxxxx 2020-ci il tarixdə xitam verilmiş və hazırki iş üzrə məhkəmə aktı iki ay sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, həmin məbləğ əsas götürülməklə iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya vurulmuş məddi zərərin məbləği 520 manat (260 manat x 2 ay) məbləğində müəyyən edilməlməklə həmin məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “1.000 məbləğində mənəvi zərərin tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X12 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfdən mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixli, Ç/72-20 nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdehndə “anbardar bölməsinə fəhlə” vəzifəsinə işə bərpa edilməli, Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək müqaviləsinə uyğun olaraq əmək haqqı ödənilməli, Cavabdeh tərəfindən İddiaçı 520 (beş yüz iyirmi) manat məbləğində dəymiş maddi zərərin əvəzi ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 20 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixli, Ç/72-20 nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdehndə “anbardar bölməsinə fəhlə” vəzifəsinə işə bərpa edilsin. Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək müqaviləsinə uyğun olaraq əmək haqqı ödənilsin. Cavabdeh tərəfindən İddiaçı 520 (beş yüz iyirmi) manat məbləğində dəymiş maddi zərərin əvəzi ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-5950/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5950/2020
03.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver