Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5973/2020 24.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X8, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh X5 nümayəndəsi X9 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh X6 qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh X6 qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X2 təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 234,98 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun, cəmi 254,98 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1508/2020 nömrəli, xx.xx.2020ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdeh X6 qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, su təchizatı və kanalizasiya xidmətlərinə görə borcun yarandığı ünvan 1 ünvanında cavabdeh pasport qeydiyyatında olmuş və ona aralarında bağlanmış **********0520 nömrəli müqavilə üzrə su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Lakin borclu xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, onun dəyərini tam olaraq ödəməmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə həmin vaxt 1 m3 suyun qiyməti 0,3 manat müəyyən edilməklə, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat müəyyən edilmişdir. Həmin məbləğlər əsas götürülməklə cavabdeh də daxil olmaqla, ümumilikdə 4 ailə üzvü üzrə hesablama aparılmışdır. xx.xx.2016-cı il tarixdən etibarən isə bu sahədə göstərilən xidmətlərə görə hesablama bu məqsədlər üçün quraşdırılmış SSS-20 markalı, ******* nömrəli su sayğacı vasitəsi ilə aparılır. Göstərilənlərin nəzərə alınmasını və qeyd edilən məbləğin cavabdeh X4 tutularaq iddiaçı "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X5 nümayəndəsi X11 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, cavabdeh onun həyat yoldaşıdır. Cavabdeh heç vaxt ünvan 1 ünvanında yaşamamış və uzun ilərdir ki, digər ailə üzvləri kimi Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 144 saylı evin, 1 saylı mənzilində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayır. Onun su təchizatı və kanalizasiya xidmətlərinə görə borcu olmamış, istifadə etdiyi suyun dəyərini isə mütəmadi olaraq ödəmişdir. Həmin mənzilə 2016-cı ilin fevral ayında su sayğacı quraşdırılmışdır, lakin həmin vaxt da ona borc barədə hər hansı məlumat verilməmiş və hər hansı məbləğdə borc tələb edilməmişdir. Lakin hazırda iddiaçı bir neçə il üzrə hesablanmış borc məbləğini tələb edir. Halbuki, həmin ünvan üzrə cavabdehin iddiaçıya hər hansı borcu yoxdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "İddiaçı" ASC ilə cavabdeh X10 arasında bağlanmış müqaviləyə əsasən cavabdehə iddiaçı tərəfindən su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidməti göstərilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olan şəxsdir, su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir. İddiaçı cavabdehin özüdə daxil olmaqla 4 nəfər ailə tərkibi ilə bu xidmətlərdən istifadə etdiyini və nəticədə müəyyən edilmiş xidmət haqqını ödəmədiyini və 2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ümumilikdə 234,98 manat məbləğində borcunun yarandığını iddia edir. Cavabdeh iddianı qəbul etmir, cavabdehin heç vaxt Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi, 52 saylı evin, 52 saylı ünvanında yaşamadığını, uzun ilərdir ki, digər ailə üzvləri kimi Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 144 saylı evin, 1 saylı mənzilində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşadığını, həmin ünvan üzrə su təchizatı və kanalizasiya xidmətlərinə görə borcun olmadığını, istifadə edilən suyun dəyərinin isə mütəmadi olaraq ödənildiyini, həmin mənzilə xx.xx.2016-cı il tarixdə su sayğacı quraşdırılan zaman da borc barədə hər hansı məlumatın verilmədiyini və hər hansı məbləğdə borcun tələb edilmədiyini bildirir. Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 35 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2019-cu il tarixli arayışına əsasən cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi, 52 saylı evin, 52 saylı mənzilində pasport qeydiyyatındadır, xx.xx.2020-ci il tarixli arayışına əsasən isə cavabdeh 2003-cü il tarixdən 2015-ci il tarixədək həmin ünvanda qeydiyyatsız tək yaşayıbdır. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən 2011-ci - 2020-ci illər üzrə su təchizatı və kanalizasiya xidmətlərinə görə cavabdehin ümumilikdə 304,48 manat borcu yaranmışdır. Həmin borcun 69,50 manat hissəsi 2020-ci il üzrə yaranmış borc məbləğidir ki, borcun xx.xx.2019-cu il tarixədək tələb edildiyi nəzərə alındığı halda (304,48-69,50=234,98) borc məbləği 234,98 manat təşkil edir. Eyni zamanda, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə göstərilən bu xidmətlər üçün 30 manat məbləğində pul da ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun: 30-cu maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 59-cu maddəsinin 1-ci bəndinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir; 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. İddiaçı ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx.xx.2007-ci il tarixli qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə əhali istifadə etdiyi suyun hər 1 m3 görə 0,30 qəpik, axıdılmış tullantı suların hər 1m 3 0,06 qəpik ödəməlidir. Sayğac quraşdırılmamış mənzillərdə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 m3 müəyyən edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı sudan istifadə və tullantı sularının axıdılması üzrə xidmətlərin göstərilməsinə görə yaranmış borc məbləğini 2011-ci ildən xx.xx.2019-cu il tarixədək hesablamaqla tələb edir. Hazırki iddia isə xx.xx.2020-ci il tarixdə irəli sürülmüşdür. Bununla belə, bu xidmətlərə görə ödənişlər vaxtaşırı ödənişlərə aid edildiyindən iddiaçı Mülki Məcəllənin 551.2.1-ci maddəsinin tələbləri baxımından xx.xx.2015-ci il tarixdən sonra yaranmış borc məbləğini tələb edə bilər və bu tarixədək yaranmış borcun ödənilməsi haqqında tələb 5 il keçdiyindən qüvvəsini itirmiş hesab olunmalı, bununla da cavabdehin borcun ödənilməsi üzrə xx.xx.2015-ci il tarixədək yaranmış öhdəliyinə müddət etibarı ilə xitam verilməlidir. xx.xx.2015-ci il tarixdən su sayğacının quraşdırıldığı xx.xx.2016-cı il tarixədək yaranmış borc məbləği ilə bağlı məhkəmə vurğulayır ki, su sayğacının quraşdırıldığı tarixədək sudan istifadə və tullantı sularının axıdılması üzrə xidmətlərin dəyəri Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx.xx.2007-ci il tarixli qərarına uyğun olaraq, yəni bir nəfər üçün aylıq su istehlakı norması 5.0 m3 əsas götürülməklə hesablanmışdır və bu zaman xx.xx.2014-xx.xx.2016-cı illər üzrə hesablama 4 nəfər üzrə aparılmışdır. Lakin, iddiaçı həmin mənzildə nəinki 4 nəfər şəxsin, ümumiyyətlə cavabdehin yaşadığını sübuta yetirə bilmir. İddiaçının bu məsələdə əsaslandığı Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 35 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2019-cu il tarixli və ya cavabdeh tərəfin təqdim etdiyi xx.xx.2020-ci il tarixli arayışlar isə ümumiyyətlə həqiqəti əks etdirmir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş şəxsiyyət vəsiqələrinin surətindən də müəyyən edilir ki, cavabdeh və onun ailə üzvləri (əri və üç uşağı) Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 144 saylı evin, 1 saylı mənzilində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayırlar. Cavabdehin etibarlı ailə münasibətlərində olduğu və ailəsi ilə birlikdə yaşadığı (onların ayrı yaşadıqlarını təsdiq edən hər hansı sübut olmadığı) bir halda, cavabdehin 2003-cü il tarixdən 2015-ci il tarixədək ünvan 1 ünvanında tək və qeydiyyatsız yaşaması qeyri-mümkündür (əks halda, belə qənaətə gəlmək olur ki, cavabdehin əri, yəni hazırki nümayəndə üç uşağı 12 il ərzində tək böyütmüşdür). İddiaçı hansı qaydada bu mənzildə xx.xx.2014-cü il tarixədək 1 nəfərin, sonradan isə 4 nəfərin (halbuki, cavabdehin özü ilə birlikdə ailə üzvlərinin ümumi sayı 5 nəfərdir) yaşamasının müəyyən edilməsi barədə nəinki mötəbər bir sübut, ümumiyyətlə elementar və inandırıcı bir məlumat verə bilmir. Burdan belə qənaətə gəlmək olur ki, iddiaçının bu işə məsul olan əməkdaşları nəticə etibarı ilə həmin ünvanda hər hansı şəxsin yaşaması barədə məlumat əldə edə bilməmişlər və simvolik olaraq hesablamanı 1 nəfər üzrə, sonradan isə hər hansı bir əsas olmadan öz şəxsi mülahizələrinə əsasən hesablamanı 4 nəfər üzrə aparmışdılar. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, cavabdeh xx.xx.2015-ci il tarixdən su sayğacının quraşdırıldığı xx.xx.2016-cı il tarixədək sudan istifadə etməmiş və ona tullantı sularının axıdılması üzrə xidmətlər göstərilməmişdir və iddiaçı həmin dövr üçün əsassız olaraq cavabdehə borc hesablayır. Bu hal xx.xx.2016-cı il, yəni su sayğacı quraşdırıldığı tarixdən xx.xx.2018-ci il tarixədək sudan istifadə ilə bağlı göstəricilərin sıfra (0) bərabər olması ilə də öz təsdiqini tapır (su sayğacı quraşdırıldığından artıq hesablamanı şəxsi mülahizələr əsasında aparılması mümkün olmamış və məhz bu səbəbdən real göstəricinin sıfra bərabər olduğu göstərilmişdir). Nəticə etibarı ilə su sayğacının quraşdırılmasının cavabdeh və onun ailə üzvləri üçün düşərli və uğurlu olmaması və ya su sayğacı quraşdırılan kimi digər bir əsasla onların dərhal həmin mənzili tərk etmək məcburiyyətində qalması ilə bağlı hər hansı bir hal müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən ünvan üzrə xx.xx.2015-ci il tarixdən su sayğacının quraşdırıldığı xx.xx.2016-cı il tarixədək sudan istifadə etməmiş, ona tullantı sularının axıdılması üzrə xidmətlər göstərilməmiş və iddiaçı həmin dövr üzrə cavabdehə borc hesablamaqda haqlı olmamışdır Su sayğacının quraşdırıldığı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək tələb edilən borc məbləği ilə bağlı qeyd edilməlidir ki, həmin müddətdə cavabdehə bu sahədə (88,50+49=137,50) 137,50 manat dəyərində xidmət göstərilmiş, cavabdeh tərəfindən isə cəmi (40+71+ 30 manat xx.xx.2020-ci il tarixdə = 141) 141 manat pul ödənilmişdir. Belə ki, 2016-cı il üzrə göstərilmiş 7,56 manat həqiqətdə su sayğacı quraşdırılan, yəni xx.xx.2016cı – xx.xx.2016-cı il tarixlər üçün 4 nəfər üzrə əsassız olaraq hesablanmış məbləğdir (bu hal artıq əsaslındırılmışdır), 2020-ci il üzrə hesablanmış 69,50 manat isə iddiaçı tərəfindən tələb edilmir. Digər tərəfdən cavabdeh tərəfindən təqdim edilmiş su sayğacının fotoşəklindən də ümumilikdə 280 m3 suyun istifadə edildiyi göstərilmişdir ki, bu da manat ekvivalentində 140 manat təşkil edir. Bununla belə, həmin dövr üçün cavabdeh sudan istifadə və tullantı sularının axıdılması üzrə göstərilən xidmətlərin dəyərini artıqlaması ilə ödəmişdir. Başqa sözlə, cavabdehin bu dövr üçün iddiaçıya hər hansı məbləğdə borcu yaranmamışdır. Bu da öz növbəsində iddia tələbinin “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun tutulması” hissəsində rədd edilməsini şərtləndirir. İddia tələbinin bu hissədə rədd edilməsi, iddia tələbinin “ödənilmiş dövlət rüsumunun tutulması” hissəsində də rədd edilməsi üçün əsas yaradır. Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı ASC-nin cavabdeh X6 qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin cavabdeh X6 qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddiası rədd edisin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-5973/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5973/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver